Osman Gezeker: “Türkiyə Heydər Əliyevi dəstəkləməyib”

 
 
“1991-ci ildən etibarən mənim Qars vilayətinin əmniyyət müdiri kimi Heydər Əliyevə dəstəyim şəxsi təşəbbüsümdən qaynaqlanırdı və bunun Türkiyə dövlətinə heç bir aidiyyəti yox idi”.
 
Ovqat.com xəbər verir ki, mərhum Heydər Əliyevin türkiyəli dostu Osman Gezeker saytımıza açıqlamasında belə deyib.
 
Qeyd edək ki, saytımızın baş redaktoru Heydər Oğuz bir müddət əvvəl CXP sədri Bədrəddin Quliyevdən müsahibəsində İranın Beycan Fərzəliyevə, Türkiyənin isə Heydər Əliyevə dəstək verməsi ehtimalından bəhs edərək demişdir:
 
 “Maraqlı məqama gəldik. Belə çıxır ki, İran o zaman Beycan Fərzəliyevi dəstəkləyirdi? Maraqlıdır ki, bu yaxınlarda müsahibə aldığım Osman Gezekerin etiraflarına görə, Naxçıvan Müdafiə Komitəsini həm də Türkiyə dövlət səviyyəsində olmasa belə, müəyyən rəsmi şəxslərin təşəbbüsü ilə silah və sursatla təmin edirdi. Ən əsası isə, Türkiyə tərəfdən bu missiyanı həyata keçirənlər Heydər Əliyevlə yaxın təmas halında olublar. Görünən budur ki, İran Beycan timsalında hərəkatçılara, Türkiyə isə Heydər Əliyevə “stavka” edirmiş…”
 
Qəti fikirdən daha çox, müsahibinə sual şəklində ifadə olunan bu sözlər Osman Gezekerin diqqətini çəkmiş və  o, redaksiyamıza zəng edərək bəzi mətləblərə aydınlıq gətirməyi məsləhət bilmişdir. Osman Gezekerin bildirdiyinə görə, Ovqat.com-a müsahibəsində bu yardımların arxasında dövlət gücünün dayanmadığını açıq şəkildə bildirib və burdan hansısa nəticələr çıxarmaq həqiqəti ifadə etmir: “Bu addımı atarkən, ciddi risklər almışdım. Dövlət qulluqçusu olduğum halda, dövlətdən gizli atdığım bir sıra addımlar tamamilə mənim Azərbaycana və onun gələcək lideri cənab Heydər Əliyevə sayqıdan qaynaqlanırdı. Bu barədə hər hansı göstəriş almamışdım və almağım da mümkün deyildi. Türkiyə heç zaman başqa dövlətlərin daxili işinə qarışmır və o zaman Azərbaycan SSRİ-nin tərkib hissəsi idi. Hərçənd ki, mənim şəxsi təşəbbüslərimi də qonşu dövlətin daxili işlərinə qarışmaq kimi qiymətləndirmək olmazdı. Bu yalnız və yalnız humanitar yardım xarakteri daşıyırdı”.

Загрузка...
Загрузка...