​Orta məktəblərdə buraxılış imtahanları barədə YENİ QAYDALAR

 
Orta məktəblərdə buraxılış imtahanları pulsuz olacaq.
 
Nazirlər Kabineti "Ümumi təhsil pilləsində  təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları"nı təsdiqləyib.
 
Qaynarinfo.Az APA-ya istinadən xəbər verir ki, ümumi təhsil müəssisələrində təhsilalanların yekun attestasiyası ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələrini başa vuran təhsilalanların təhsildə nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə həyata keçirilir.
 
Ümumi təhsil müəssisələrində ümumi orta və tam orta təhsil səviy­yə­ləri­ndə təhsilalanların yekun qiymətləndirilməsini Dövlət İmtahan Mərkəzi (DİM) aparacaq. DİM qiymətləndirilmə (attestasiyası) üçün buraxılış imtahanı keçirir. İmtahanın test tapşırıqlarının və inşasının məzmunu Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)"na uyğun olaraq, Mərkəz və Təhsil Nazirliyi tərəfindən birgə müəyyənləşir. Buraxılış imtahanının keçirilməsi dövlət büdcəsindən maliyyələşdirilir və təhsilalanlar üçün ödənişsizdir.
 
Ümumi orta təhsil səviyyəsi üzrə dövlət təhsil sənədinə yazılacaq yekun qiymət Mərkəz tərəfindən aşağıdakı qaydada çıxarılır:
 
- buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılış sinfinin yekun (illik) qiyməti və buraxılış imtahanının balı;
 
-  buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılış sinfinin yekun (illik) qiyməti.
 
- Tam orta təhsil səviyyəsində təhsil sənədinə yazılacaq yekun qiymət Mərkəz tərəfindən aşağıdakı qaydada çıxarılır:
 
-   buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) və buraxılış imtahanının qiymətlərinin ədədi ortası;
 
- buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) qiymətlərinin ədədi ortası.

Загрузка...
Загрузка...