Ordunun yardıma ehtiyacı varmı?

Aprelin 2-dən başlayaraq, cəbhədə yaşanan gərginlik sadə vətəndaşları da hərəkətə keçirib. Onlar cəbhə bölgəsində döyüşən əsgərlərə yardım məqsədi ilə sosial şəbəkədə “Əsgərlərə yardım” kampaniyası başladıb, geyim, ərzaq məhsulları, siqaret və s. toplayaraq cəbhə bölgəsinə göndərirlər.
İş adamı Hacı İbrahim Nehrəmli Silahlı Qüvvələrə Yardım Fonduna əlli min manat məbləğində vəsait köçürdüyünü açıqlayıb.
Deputat Qüdrət Həsənquliyev ötən gün keçirilən Milli Məclisin iclasında öz əmək haqqının bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna keçirəcəyini bildirib və həmkarlarını da bu təşəbbüsə qoşulmağa çağırıb. 
Müdafiə Nazirliyinin mətbuat xidməti sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin Silahlı Qüvvələrə yardım adı altında əhaliyə çağırışlar edərək onlardan pul və ərzaq istəməsinə, vətəndaşları bu tip kampaniyalara qoşulmağa dəvət etməsinə münasibət bildirib: “Bununla əlaqədar bildiririk ki, Silahlı Qüvvələrimiz dövlətimizin, şəxsən Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, həmçinin, ərzaq və digər təminatının daha da yaxşılaşdırılması üçün böyük işlər görülüb, bu istiqamətdə tədbirlər davam etdirilməkdədir. Ona görə də Silahlı Qüvvələrin bu tipli dəstək və yardım kampaniyalarına heç bir ehtiyacı yoxdur”.
Musavat.com “Ordunun xalqın yardımına ehtiyacı varmı” sualı ilə sorğu keçirib. Deputat Zahid Oruc bildirib ki, sadə vətəndaşların Silahlı Qüvvələrə yardım etmək istəməsi qürur hissi yaşadan  haldır: “Ordu üçün kimi nəqliyyat, kimi qida, kimi geyim yardımları etməyə can atır. Insanların ürəyindən gələrək bu cür addımlar atması qürurverici hadisədir. Azərbaycan tərəfi olaraq daim hazırlığımız yüksək olmalıdır. Bu məsələlərdə xalqın yolunu bağlamaq olmaz, onların yardım etməsi yaxşı haldır. İnsanlar baş verən hadisələrə biganə yanaşsaydı, pis hal yaşanardı. Bu yardımlardan sui-istifadə edənlər də var. Yardım toplayıb, lazımi ünvanlara çatdırmırlar.
90-cı illərlə bu gün yaşananların müqayisəsi aparılır. Nə yaxşı ki,  bu 4 günlük müharibə dövründə informasiya saxtakarlıqları, cəsəd alveri, hər hansı bir ərazinin bir günlük də olsa, ermənilərə verilib qaytarılması, xəyanətlər, yardım kampaniyalarının mənimsənilməsi və s. kimi hallar özünü göstərmədi. Prosesə nizami qaydada, hüquqi çərçivədə yanaşmaq daha doğrudur. Kimsə Qarabağ müharibəsinə töhfə vermək istəyirsə, Silahlı Qüvvələrə Yardım Fondu var, ora yardım edə bilər. Qan məsələsində də iki yolumuz var. Ya döyüşə gedib, qanımızı vətən üçün tökməliyik, ya da ölkədə qan bankları var, qanımızı normal qaydada ehtiyacı olanlara verməliyik”.
Millət vəkili Fazil Mustafa deyib ki, başladılan kampaniyalar insanların xoşniyyətindən irəli gəlir: “Müdafiə Nazirliyi açıqlama verdi ki, hazırda Silahlı Qüvvələrin dəstək və yardım kampaniyalarına ehtiyacı yoxdur, hərbiyə dövlət tərəfindən kifayət qədər maliyyə ayrılır. İnsanların yardım kampaniyalarına başlamaları isə onların xoşniyyətindən xəbər verir. Lakin biz bu məsələdə fərqli yol tutmalıyıq. Dövlət tərəfindən maliyyələşmə varsa, kampaniyalara ehtiyac yoxdur”.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı vurğulayıb ki, hazırda orduya yardım toplanmasına ehtiyac yoxdur: “Təşkilat olaraq cəbhə bölgələrində olduq, ordu nümayəndələri ilə görüş keçirdik. Orada olan zaman müşahidələr apardıq. Gördük ki, heç bir yardıma, köməyə ehtiyac yoxdur. Tibb xidmətinin rəhbəri qeyd etdi ki, 1 saatın içərisində istədiyim hər şey gətirildi. Hər şeyin yerində olması bizə qürur hissi yaşatdı. Bu gün orduya yardım toplamağa ehtiyac yoxdur. 90-cı illərdən fərqli olaraq, ordunun indi yardıma ehtiyacı yoxdur. Təbii ki, insanlar əllərindən gələn köməyi etmək istəyirlər. Yardım toplanması düşmənin əlinə mənfi təbliğat kimi əsas da verə bilər. Cəmiyyət ordu ilə bir yerdə olmalıdır. Təbliğat aparılmalı, müxtəlif şayiələrin yayılmasının qarşısı alınmalıdır. Dünən Qarabağ Azadlıq Təşkilatı belə bir qərar qəbul etdi ki, üzvlərdən ibarət 3-4 nəfərlik qruplar yaradılsın, onlar cəbhə bölgəsində olub, təbliğat aparsınlar”.