Ordumuz anti-terror əməliyyatına başlaya bilər

Böyük miqyaslı müharibənin başlayacağına inanmıram. Ancaq Ordumuzun işğal edilən ərazilərimizdə anti-terror əməliyyatı apara biləcəyi istisna edilməməlidir.
 Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Politoloq bütün hallarda normal sülhün hərbi əməliyyatlardan daha üstün olduğunu qeyd edib:
 “Sankt-Peterburqda danışıqlar gedən ərəfədə Azərbaycan ordusunun irimiqyaslı hərbi təlimləri, əslində, güc nümayişi və Ermənistana bir xatırlatma idi. Zənnimcə, erməni tərəfi bu təlimlərin nə ilə nəticələnə biləcəyi haqqında düşünür. Məhz bu baxımdan hesab edirəm ki, mərhələli həll planı işə düşəcək. Hətta İrəvan hazırda guya Bakı və Moskvanın separat danışıqlara getdiyinə dair ciddi narahatlıq keçirir, hər iki ölkənin anlaşmasından təlaşa düşüb”.
 Politoloq Rusiyanın Qarabağ müharibəsinin tam şəkildə dayanmasının lehinə olduğuna inanmadığını deyib:
 “Çünki Moskva İrəvana silah verməkdə, Bakıya isə satmaqda davam edir. Ancaq Rusiya regionda böyük müharibəni arzulamır. Ona görə ki, Qarabağ müharibəsi bütövlükdə regionu alovlandıra bilər. Düzdür, böyük miqyaslı müharibənin başlayacağına inanmıram. Ancaq hazırkı gedişat göstərir ki, mərhələli həll variantı işə düşməsə, Azərbaycanın öz ərazilərində antiterror əməliyyatları həyata keçirə bilər”.
 Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 20-də Dağlıq Qarabağ probleminin nizamlanması üzrə Sankt-Peterburqda üçtərəfli görüşü baş tutub.