Oqtay Şirəliyevin səhiyyədən çəkdiyi korrupsiya şirəsi - təfsilat

Azərbaycan səhiyyəsi daha ağır durumdadır və bu vəziyyət milyonlarla vətəndaşı təhdid edir
Son günlər baş verən 3 faciəli hadisə isə səhiyyənin özünün xəstə vəziyyətdə olduğunu göstərdi. Politika.Az olaraq bu qanqaraldıcı olayları bir daha xatırladırıq. Əvvəlcə məlum odu ki, Salyan rayonunda dünyaya gələn üçəmlərdən ikisi doğuşdan 6 saat sonra ölüb. Belə ki, xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb, birinin isə vəziyyəti ağır olaraq qalır. Məsələ bundadır ki, xəstəxanalarda generator olmalıdır və elektirk enerjisi kəsilən kimi generator dövriyyəyə girməlidir. Xəstəxanadan isə bildiriblər ki, generator olsa da işləməyib. Amma belə söz-söhbətlər də yayıldı ki, generatoru xəstəxananın baş həkimi başqa məqsədlər üçün istifadə edirmiş. Istənilən halda iki körpə uşaq səhlənkarlığın, məsuliyyətsizliyin qurbanı oldu.
Ardınca dəhşətli hadisə Bakıda baş verdi. Həkim sol ayağının kəsilməsi barədə diaqnoz qoyduğu xəstənin sağ ayağını kəsdi. Daha sonra məcburən xəstənin sol ayağı da kəsilib. Deməli, həkim məsuliyyətsizliyinin nəticəsində xəstə iki ayağını da itirdi.
Nəhayət, 27 yaşlı Günay Həşimova və uşağı həkim səhlənkarlığı nəticəsində öldü. Belə ki, hamiləliyinin 6-cı aylında Günay kəskin qarın ağrıları ilə Qəbələ rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Analizin cavablarından sonra məlum olub ki, onun böyrəyində daş var. Iki gündən sonra Günay Şəki şəhərinə gətirilib. Vəziyyəti daha da ağırlaşan gəlini bu dəfə Bakıya göndəriblər. Bildirilib ki, onun kor bağırsağı partlayıb və digər orqanlarını zədələyib. Nəticədə uşaq ölü doğulub. Günay özü isə iyunun 14-də həyatını itirib. Bəli, Günay Həşimovaya səhv diaqnoz qoyulub və nəticə də göz qabağındadır.
Əlbəttə, Azərbaycan səhiyyəsinin məhv etdiyi insanlar bu 3 nəfərdən ibarət deyil. Bugünə qədər yüzlərlə belə hadisə baş verib. Sadəcə olaraq son günlər baş verən bu 3 hadisə ölkəni yenidən silkələdi və bir daha səhiyyənin vəziyyətini göz önünə gətirdi.
Məhz səhiyyəmiz bu vəziyyətdə olduğuna görə ölkə vətəndaşı Gürcüstana, Irana, daha imkanlı olanlar Avropaya üz tutur. Ölkə vətəndaşı ölkə səhiyyəsinə etibar etmir. Hamı başa düşür ki, bu ölkədə vətəndaşın həyatı deyil, verdiyi pul önəmlidir. Hamı bilir ki, xəstəyə qazanc kimi baxılır və sağlam adama xəstə diaqnozu qoyulur. Bir sözlə, Azərbaycan səhiyyəsi öz funksiyasını itirib və milyonlarla insanın sağlamlığı təhlükə altındadır.
Ancaq büdcədən bu sahəyə milyardlar ayrılıb, dəbdəbəli diaqnostika mərkəzləri tikilib, bahalı avadanlıqlar alınıb və s. Bir daha təsdiq olunur ki, əsas dəbdəbəli xəstəxananın tikilməsi deyil, o xəstəxananın içində savadlı kadrların olmasıdır. Bir sözlə, Oqtay Şirəliyev səhiyyə naziri təyin edildikdən sonra bu sahənin daha da bərbad vəziyyətə düşdüyü ortadadır. Dəhşətli budur ki, artıq iri səhiyyə müəssisələrində həkimlər xəstələrin "dərisini soyurlar". Bunun qarşılığında səlahiyyət sahibləri baş verənlərə münasibət bildirmək istəmirlər. Çünki iri səhiyyə müəssisələri baş həkimlərlə səhiyyə naziri Oqtay Şirəliyev arasında necə gəldi bölünüb. Xüsusilə də xəstəxanalardan və xəstələrdən əldə edilən gəlirlər hesabına "işbaz həkimlər" nazirliyin aylıq "taksasın" ödəməklə istədikləri özbaşınalıqları məharətlə həyata keçirə bilirlər. Buna birbaşa məsul olan səhiyyə naziri Oqtay Şirəliyev isə baş verənlərə aydınlıq gətirmək əvəzinə deyilənlərin "şayiə" olduğunu zənn edir.
Oqtay Şirəliyev iddia edir ki, "Hazırda təcili yardım, ambulator poliklinika xidməti tam pulsuzdur". Bu sözləri eşidən hər bir vətəndaş bilir ki, nazir ictimaiyyəti aldatmaq istəyir. Çünki Şirəliyev bu xidmətləri "pulsuz" elan edib həkimlərə adi yod belə vermir. Nəticədə Şirəliyevin apardığı "islahatlar" nəticəsində həkim alverçiyə çevrilir. Bununla da nazirlik vətəndaşlara məcburi şəkildə dərman preparatlarını satdıraraq pul qazanır. Bundan əlavə Oqtay Şirəliyev bir sıra xəstəxanalarda Respublika Prokurorluğunun yardımı ilə yoxlama apartdırır. Burda məqsəd köhnə rəhbərləri yenidən soymaqdır. Nazir istəmir ki, bir manat olsun belə nəzarətdən kənarda qalsın. Maraqlısı budur ki, başqalarını yoxlayan Şirəliyevin vaxtilə rəhbərlik etdiyi Respublika Diaqnostika Mərkəzinə nəzər salan belə yoxdur. Məlumat üçün bildirək ki, ölkə səhiyyəsində rüşvətin ilkin yaranma yeri kimi Diaqnostika Mərkəzi tanınır. Oqtay Şirəliyev 1985-86-cı illərdən nazir təyin edilənə qədər bu mərkəzə rəhbərlik edib. Düz 20 il ərzində o, səhiyyə sistemində böyük bir mərkəzin sahibi olub. Bəs görəsən, ötən 20 ildə Şirəliyev niyə Diaqnostika Mərkəzində rüşvəti aradan qaldırmırdı? Bilməyənlər üçün nəzərə çatdıraq ki, bu mərkəzdə adi yoxlamadan keçmək üçün 200 dollar xərcləmək lazımdır. Təkcə başın adi tomoqrafiyası 120 manatdır. Bəs səhiyyə naziri bunlara niyə münasibət açıqlamır? Bunların qarşısını niyə almır? Çünki Şirəliyev Diaqnostika Mərkəzinə ata mülkü kimi baxır və o, indi səhiyyəyə aid harda iri obyekt varsa, onları özü üçün qazanc mənbəyinə çevirib. Nəticədə isə ölkə əhalisinin sağlamlığı günü-gündən təhlükə qarşısında qalır. Vətəndaşlar adi tibb xidmətdən istifadə edə bilmirlər. Səhiyyə sistemində rüşvətin bir neçə dəfə qalxması imkansızların müalicə olunmadan ölməsinə gətirib çıxarır. Şirəliyev isə bunun adını "islahat" qoyur. Görəsən, bu "islahatlar"dan Şirəliyevi nazir təyin edənlərin xəbəri varmı? Hər halda bunu da nazirin özündən yaxşı bilən olmaz.
Özünə, şəxsiyyətinə, ölkə başçısının və qanunların verdiyi vəzifə səlahiyyətlərinə uyğun xidmət göstərməli olduğu insanlara, dövlətə hörmət eləyən bir nazir bu biabırçılıqdan sonra Azərbaycan xalqından üzr istəyib istefa verməli idi. Bacarmadığın, öhdəsindən gələ bilmədiyin vəzifədən istefa verib getmək özü də bir mədəniyyətdir. Oqtay Şirəliyev, belə bir imkanınız varsa, istifadə edin. Bununla özünüzü də qurtulmuş olarsızınız. Danlaqdan, tömətdən, məzəmmətdən... İstefa verib gedin. Qoy, yarıtmaz hala salınmış səhiyyə sistemini bu işdən başı çıxcanlara, onun vəzifəsinin öhdəsindən gələ bilənlərə tapşırsınlar. Bəlkə müayinə və müalicə üçün az qala bütün xəstəxanaları gəzib-dolaşan xəstələr də sizdən sonra şəfa tapdı...
Cənab nazir, Almaniyadakı müalicənizi yarımçıq qoyub qayıdın Bakıya. Gəlin istefa ərizənizi yazın, sonra qayıdarsınız! Bəlkə belə daha hörmətli olarsınız...