Oqtay Əsədov deputatların komitə sədrini tərifləməsinə imkan vermədi

 
Milli Məclisin bu gün keçirilən plenar iclasında “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
 
Ölkə.Az-ın məlumatına görə, layihə haqqında məlumat verən Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, indi bütün dünyada dopinqə qarşı tədbirlər sərtləşdirilir:
 
“Azərbaycanda dopinqlə mübarizə haqqında ayrıca qanun layihəsi mövcud deyil. Buna görə də “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” yeni qanun layihəsinin hazırlanması zərurəti yaranıb”.
 
Ötən müddət ərzində komitənin dopinq problemini araşdırdığını deyən F.Muradov qeyd edib ki, müvafiq dövlət qurumlarının mütəxəssisləri cəlb edilməklə hazırlanan yeni qanun layihəsi 8 fəsil, 42 maddədən ibarətdir:
 
“Qanun layihəsində dopinq nəzarətinin həyata keçirilməsi qaydaları, bu zaman aşkarlanmış pozuntular, idmançılara tibbi xidmətin göstərilməsi qaydaları və digər məsələlər öz əksini tapıb. Qanun layihəsinə əsasən, Milli Antidopinq Agentliyinin təsis edilməsi nəzərdə tutulur.
 
Eyni zamanda bu, agentlik nəzdində Apellyasiya Komissiyasının, İdman Arbitrajının yaradılması təklif edilir. Bu, problemli hallarda idmançılara öz hüquqlarını qorumağa yardım edə bilər”.
 
Daha sonra spiker Oqtay Əsədov Fuad Muradovun çıxışına münasibət bildirərək zarafatla deyib ki, layihənin müzakirəsinə 6 nəfər deputat yazılıb, hamısı da Gənclər və İdman Komitəsinin üzvləridir:
 
“Çıxış üçün yazılanların hamısı Fuad Muradovun rəhbərlik etdiyi komitənin üzvləridir. Yəqin ki, sənə (Fuad Muradovu nəzərdə tutur – müəllif) tərif edəcəklər. Müzakirələrə başqa komitənin üzvləri yazılsın”.
 
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq I oxunuşda qəbul edilib.