Oqtay Əsədov: "Ayıb olmasın, Baronessa Koks..."

 
Milli Məclisin payız sessiyasında çıxış edən deputat Məlahət İbrahimqızı sağlamlığında problem olan tələbələrin təhsil haqqından azad edilməsi barədə təklifini səsləndirib. Ancaq spiker Oqtay Əsədov bildirib ki, qanunvericilikdə belə bir güzəşt əksini tapıb.
 
Musavat.com xəbər verir ki, deputat Qənirə Paşayeva da xanım həmkarının dediklərini müdafiə edib:
 
“Əgər bu məsələ həllini tapıbsa da, bəzi universitetlər bu qaydaya əməl etmir. Bu yaxınlarda görmə qabiliyyətində problem olan tələbələr bizə də müraciət etmişdilər”.
 
Q.Paşayeva Hollandiya Azərbaycan Türk Mədəniyyət Dərnəyinin başqanı İlhan Aşkının həbs təhlükəsi ilə üz-üzə qalmasına da diqqət çəkib. Deputat bildirib ki, Hollandiyadakı diaspor fəalımız qondarma erməni soyqırımına etiraz etdiyi, Xocalı soyqırımı ilə bağlı fikirlər söylədiyi üçün məhkəməyə verilib. Deputat bizim vəkillərin diaspor fəalını müdafiə edəcəyinə əminliyini ifadə edib.
 
Deputat Aydın Mirzəzadə parlamentin bir iclasının Gəncədə keçirilməsi barədə vaxtilə qaldırılan təklifi xatırladıb: “Qarşıdan dövlətçiliyimizin bərpasının 25 illiyi gəlir. Mən təklif edirəm ki, bu bayram münasibətilə Gəncədə, Lənkəranda, yaxud Mingəçevirdə parlamentin xüsusi iclasları keçirilsin”.
 
Deputat Fazil Mustafa Q.Paşayevanın qaldırdığı məsələyə toxunub:
 
“İlhan Aşkın Hollandiyada Xocalı abidəsinin qoyulmasının müəllifidir və bu gün ona təzyiq olur. Azərbaycanın da borcudur ki, onu müdafiə etsin. Azərbaycanı tez-tez ittiham edirlər ki, mitinqə çıxan insanları həbs edirsiniz. İndi biz bu məsələni Avropanın qarşısında ciddi şəkildə qoymalıyıq. XİN və Diaspora Komitəsi bu məsələni nəzarətdə saxlamalıdır”.
 
F.Mustafa Nuru Paşanın adının əbədiləşdirilməsi barədə yenidən məsələ qaldırıb:
 
“Türkiyədə Nuru Paşanın məzarı təmir olunub. Yaxşı olardı ki, Azərbaycan tərəfi də heç olmasa simvolik olaraq ora vəsait ayırardı. Moskvanın, Sankt-Peterburqun azad olunması dövlət səviyyəsində qeyd olunur. Biz də Bakının işğaldan azad olunmasına ciddi ciddət verməliyik. Azərbaycana heç bir aidiyyatı olmayan kommunist Mustafa Sübhinin adına küçə var. Amma Azərbaycanı xilas edən adamın adına heç bir ünvan yoxdur. Hətta küçə adı da. Biz mütləq bu məsələyə baxmalıyıq”.  
 
Deputat Bəxtiyar Əliyev Britaniya parlamentinin təmsilçisi Baranessa Koksun işğal olunmuş Azərbaycan ərazilərinə saysız-hesabsız qanunsuz olaraq səfər etdiyinə diqqət çəkib. Bildirib ki, ermənipərəst deputat Baronessa Koks erməni hərbçilərlə görüşərək onların xristianlıq uğrunda döyüşdüyünü deyir.
 
Spiker “Ayıb olmasın, Baronessa Koks atasını da tanımır”, - deyə məsələyə reaksiya verib.
 
Deputat Elmira Axundova ailə qurmazdan əvvəl gənclərin tibbi müayinədən keçərkən ortaya çıxan fəlakətli nəticələrə diqqət çəkib. Bildirib ki, 87 min müayinə olunan gəncdən 9 mini talassemiya, 700-ü siflis və SPİD daşıyıcılarıdır. Xanım deputat bu gənclərin müalicə olunandan sonra ailə qurması üçün onlarla profilaktik söhbətlər aparılmasını təklif edib. Deyib ki, lazım gələrsə, onların valideynləri bu müzakirələrə cəlb olunmalıdır.
 
Asim Mollazadə ölkədə keçirilən Bakı Humanitar Forumundan bəhs edib:
 
“Qonaqların arasında olan parlament rəhbərləri və təmsilçiləri Azərbaycana kömək etmək, Xocalı soyqırımını ölkələrində tanıtmaq istəyən insanlar var. Bundestaqın üzvü olan türk deputat Erməni Milli Komitəsi tərəfindən mükafatlandırılıb. Təklif edərdim ki, Azərbaycan parlamenti Xocalı soyqırımını tanıyan parlamentarları mükafatlandırmaq üçün medal verək, yaxud təşəkkür elan edək”.
 
Spiker deyib ki, Azərbaycan medal da verməsə, dəyərləndirmə ilə əlaqədar müəyyən addımlar atır: “Biz hətta bəzi deputatlara medal da vermişik. Ermənilər isə milli xəyanətkarlar olanları mükafatlandırır”.
 
Deputat Aqil Abbas özünəməxsus qeydi ilə həmkarı Fazil Mustafanın Nuru Paşa ilə bağlı təklifini müdafiə etdiyini bildirib: “Türklər özləri Nuru Paşanın qəbrini 67 ildən sonra tapdılar. Qənirə xanım da orada iştirak və çıxış etdi. Amma deyirəm görən Nuru Paşaya abidə qoysaq, türklərin xətrinə dəyməz ki?”
 
Deputat Qüdrət Həsənquliyev 2016-cı ildə Azərbaycanın xaricə oxumaq üçün tələbə göndərə bilməməsindən bəhs edib:
 
“Azərbaycana yüksək ixtisaslı kadrlar lazımdır. Ona görə də xüsusi bir qanun layihəsi qəbul etmək lazımdır. Biz yaxın 10 ildə hər il heç olmasa, 100 istedadlı tələbəni xarici ölkələrin yüksək ali təhsil müəssisələrinə göndərməliyik. Azərbaycanda çox yüksək ixtisaslı hüquqşünaslara ehtiyacı var”.