Oqtay Haqverdiyev: “Böhranlar inkişafa təkan verir" - MÜSAHİBƏ

 
Teleqraf.com tanınmış iqtisadçı Oqtay Haqverdiyevlə müsahibəni təqdim edir.
 
- Oqtay müəllim, hazırda dünyada müşahidə edilən qlobal maliyyə-iqtisadi böhranın forma və xarakteri nədən ibarətdir?
- Bəşəriyyət tarixində daima tələb və təklif arasında balansın olması uğrunda mübarizə gedib. Ancaq heç vaxt buna nail olunmayıb və oluna da bilməz. Ümumiyyətlə, həyatın özündə qəfildən və ya gözlənilmədən zəlzələ, təbii fəlakətlər ola bilir. Odur ki, bunu balanslaşdırmaq mümkün olmur. Vaxtaşırı qeyri-balanslı iqtisadiyyat böhran həddinə çatır. Təsəvvür edin ki, dünyada 1814-cü ildən bu yana 17 dəfə böhran olub. İndiki böhran sayca 17-cidir. Ancaq məsələ ondadır ki, maliyyə-iqtisadi böhranları hər zaman inkişaf etmiş dövlətlərdən başlayır. Bu o deməkdir ki, iqtisadiyyatları güclü və zəngin olan ölkələr müəyyən vaxtlarda nəzarəti itirir. Məsələn, ya tələbdən dəfələrlə çox istehsal halı, ya da tələbdən dəfələrlə az istehsal durumu olur, nəticədə defisit yaranır. Belə olan halda böhrandan danışmaq olur. Bu da daima olub və gələcəkdə də olacaq. Bəşəriyyətin inkişafında böhranlar yazılmamış qanundur. Məsələ ondadır ki, böhranın özü inkişafa müəyyən qədər təkan verir, yeni-yeni formalar axtarmağa çalışılır, buna nail olunur. Sözsüz ki, indi müşahidə edilən böhran bir qədər uzun çəkdi. 2008-ci ildə olan böhran arada səngidi və sonra yenə başladı. İndiki mərhələdə dünya iqtisadiyyatında böhran müşahidə edilir. Fikir verin, Avropa Birliyi ölkələri, elə ABŞ-ın özünün xarici borcu ümumi daxili məhsuldan çoxdur. Borca girmək o deməkdir ki, hansısa problemlə rastlaşanda qiymətli kağızlar buraxırsan, sonra bunu satıb problemləri həll edə bilirsən. Bu da toplanır və 10-20 ildən sonra partlayır. İspaniyada indiyə qədər 24 % işsizlik halı var. Hələ Portuqaliya, Yunanıstanı demirəm. Ümumilikdə nə qədər parodaksal görünsə də, böhran həm də inkişafa təkan verən prosesdir.
 
- İndiki qlobal böhran prosesi hansı həddə qədər inkişaf edəcək?
- Qiyamətə qədər. Bu daimi prosesdir. Bəşəriyyət tarixində belə hallar davamlı olur. Kiçik bir ailəni götürsək, onun gəlirləri və xərclərini balanslaşdırmaq çətindir. Çünki nəfs deyilən məsələ var, bəzən yorğana görə ayağını uzatmır. Bu disbalans yaranan kimi də böhran qapını döyür. Amma hər dəfə böhran kəskinləşəndə insanları məcbur edir ki, bundan çıxmaq üçün yeni-yeni forma və üsullar tapsın. Bunun özü də inkişafdır. Orta əsrlərdə olan inkişafla indiki inkişafı müqayisə etsək görərik ki, nə qədər fərqlər mövcuddur. O dövrdə də böhran olub, indiki dövrdə də var. Böhranı təhlil edəndə açıq görünür ki, bu proses zəngin və güclü iqtisadiyyata malik ölkələrdən start götürür. Kasıb ölkələrdə heç vaxt böhran olmur.
 
- Elə bir ölkə varmı ki, orada bu qlobal böhran prosesi ümumiyyətlə müşahidə edilməsin?
- Əlbəttə ki, var. İntəhası böhran hamıya dolayısı və ya birbaşa təsir edir. Məsələn, 1998-ci il böhranı Yaponiyadan başladı, Asiya ölkələrini keçdikdən sonra Amerikaya daxil oldu və oradan bizə qədər gəlib çatdı. Böhranlar Qərb ölkələrindən başlayır. Amma Afrikada hansısa bir ölkə var və illik ümum daxili məhsulları onlara görə, 10-15 faiz artır. Bu o demək deyil ki, onlara böhran təsir etmir. Əlbəttə, onlar da təsiri hiss edirlər. İntəhası, onların dünya miqyasında iqtisadi həcmi o qədər kiçikdir ki, onlar bunu hiss etmirlər. Sadəcə inflyasiya prosesində müşahidə edirlər. Amma dünya iqtisadiyyatında ciddi yerləri olmadığı üçün böyük təsirlərdən kənarda qalırlar. Hiss edən ölkələr isə inkişaf etmiş ölkələr olur və daha sonra bizim tipli ölkələrə keçir.
 
- Hazırda MDB-də iqtisadi baxımdan ən pis durumda olan ölkələr hansılardır?
- Makroiqtisadi göstəricilərlə baxanda Rusiya birinci yerdə gedir, ondan sonra Qazaxıstan gəlir, biz artıq üçüncü yerə çıxdıq. Ukrayna dördüncü yerə düşdü. Digərləri isə geridədir. Mən Pribaltika dövlətlərini demirəm. Ermənistan, Gürcüstan, Orta Asiya ölkələri geridədir. Qazaxıstanın vəziyyəti bir qədər yaxşıdır. Ancaq onlar da uçurumun kənarındadır. Qazaxıstanda da  böyük disbalans yaranıb. Görək bunu necə həll edəcəklər.
 
- Dünya bazarında neftin qiymətinin qalxma ehtimalı nə qədərdir?
- Mənim proqnozuma görə, 2017-ci ildə neftin qiyməti 40-50 dollar civarında olacaq. Lakin bəzi ekspertlər deyirlər ki, 60 dollara qədər qalxacaq. ABŞ-ın yeni seçilən prezidenti bildirdi ki, bütün məhdudiyyətləri götürəcək və neft hasilatına başlayacaq. Amerika indiyə qədər neft ehtiyatlarını saxlayır və lazım olan nefti xaricdən pulla alırdı. Tramp isə deyir ki, mən məhdudiyyət qoymayacağam, ABŞ da neft hasil edəcək. Məntiqlə bu o deməkdir ki, dünya bazarında neftin təklifi çox olacaq, nəinki tələbi. Yəni təklif tələbi üstələyəcək. Məncə, ümumi qiymət artmayacaq.
 
- İndi həm də ABŞ dollarının məzənnəsinin sakit və yumşaq formada qalxdığı müşahidə edilir. Bu prosesi necə qiymətləndirirsiniz?
- Bilirsinizmi, bizim öz iqtisadçılarımız da, manatla dolları çaş-baş salırlar. Əslində dolların manata heç bir dəxili yoxdur. Dollar Amerikanın valyutasıdır. Bizim Amerika ilə siz deyən iqtisadi əlaqələrimiz yoxdur. Dollar ABŞ-da çap edilir, biz də bunu ölkəyə gətiririk. Çünki dünya bazarından nəsə alırıq, odur ki, dollar bizə lazım olur. Avadanlıqlar, texnika və digər malları idxal edəndə bunu dollarla alırıq. Həm də valyuta ehtiyatlarımızı dollarla saxlayırıq. Çünki dünyada dollar hər yerdə işləyir. Ancaq dolların özünü necə aparmasının manata dəxili yoxdur. Bizim Mərkəzi Bank bu gün hansı məzənnəni istəsə, onu qoya bilər.
 
- ABŞ-dakı prezident seçkilərinin qlobal iqtisadi proseslərə təsiri nə qədərdir?
- Donald Tramp gözlənilməz fiqurdur. Tramp prezident səlahiyyətinin icrasına başlayanda müəyyən mesajlar verəcək. 2017-ci ilin birinci rübündən sonra dünyada və Azərbaycanda olan proseslər göstərəcək ki, dünya hara gedir.