Onların da kanalını bağlayıblar, amma necə...?

Dünyada öz fəaliyyətini dayandıran telekanalların maraqlı hekayəsi
Bir ölkənin gündəmi üçün oradakı hansısa telekanalın öz fəaliyyətini dayandırması ciddi hadisədir. Səbəb nə olursa-olsun, gündəm dəyişir, siyasi proseslərin axarına təsir göstərir və sair. Hazırda isə ANS kanalının fəaliyyəti dayandırılıb. Səbəb bəlli, bundan öncəki proseslərin gedişi də həmçinin.
 
Amma telekanalların öz fəaliyyətini dayandırması dünya gündəmi üçün bilinən hadisədir. Gedişat fərqli olsa da, sonluq hər zaman eyni olur.
 
Bu günə qədər telekanalların səs-küylü qapanma hekayələrindən bəzilərini yada salaq. Hansı kanalı, hansı səbəbdən və kimlər qapadıblar?
 
 
YUNANISTANDAN ANKARAYA QƏDƏR... BAĞLAYA-BAĞLAYA GEDİRLƏR
 
9 noyabr 2013-cü ildə Yunanıstan hökumətinin iqtisadi-maliyyə problemləri ilə bağlı olaraq dövlət televiziyası və radiosu ERT-nin fəaliyyətinin dayandırılmasına qərar verib. ERT əməkdaşları qərara etiraz etdikləri üçün teleradioşirkətin binasına polis basqın edib. Jurnalistlər inad edərək ERT binasının həyətindən canlı yayıma çıxıblar, olaylar barədə tamaşaçılara müfəssəl məlumatlar veriblər.
 
08.10.2015-ci ildə Ankara Baş Prokurorluğunun göstərişinə əsasən, Türkiyədə 7 telekanalın yayımına son qoyulub. “Dijitürk”ün açıqlamasına görə, məsələ ilə bağlı şirkətə məktub daxil olub: “Hörmətli izləyicilərimiz, Ankara Respublika Baş Prokurorluğu, “Konstitusiya nizamına qarşı olan cinayətlər bürosu” tərəfindən şirkətimizə məktub daxil olub.   Məktubda qeyd olunan “Kanaltürk”, “Samanyolu TV”, “Mahtab TV”, “S xəbər (Samanyolu Xəbər)”, “Bu gün TV”, “Yumurcak TV” və “Çay TV” kanalları qanunun tələbinə əsasən, platformamızdan çıxarılıb”.
 
2010-cu ildə İraqda müstəqil “Əl Bağdadiyyə” telekanalının fəaliyyəti dayandırılıb. Telekanalın nümayəndələri bildiriblər ki, hadisədən bir neçə gün əvvəl Bağdadda xristian kilsəsini ələ keçirən silahlılar onlarla əlaqə yaradaraq, danışıqlara hazır olduqlarını bəyan ediblər. Bundan sonra hökumət qoşunları teleşirkətin binasını tutublar, telekanalın direktoru isə terrorçularla əlaqə şübhəsi ilə saxlanılıb.
 
İraq hakimiyyəti bəyan edib ki, silahlılar girovları öldürməklə hədələdiklərindən, ələ keçirilmiş kilsəyə hücum qərarı qəbul edilib. Əməliyyat zamanı 52 nəfər ölüb, 60 adam yaralanıb. Girovların əksəriyyətinin silahlılar tərəfindən, yoxsa, hökumət qoşunlarının keçirdiyi əməliyyat zamanı öldürüldüyü hələlik məlum deyil.
 
MİSİR RƏHBƏRLİYİNİ TƏNQİD ETDİNSƏ, FƏALİYYƏTİN DAYANACAQ
 
2013-cü ildə 4 telekanal Misir rəhbərliyini tənqid etdiyinə görə bağlanıb. Misirin inzibati məhkəməsi Qətərdə mərkəzləşən "Əl-Cəzirə" telekanalının Misir filialının yayımının dayandırılmasına qərar verib. Bu qərar telekanalın Misirin yeni rəhbərliyinə müxalif mövqedə dayanması ilə əsaslandırılıb. Misir hökuməti daha öncə "Əl-Cəzirə" telekanalının Misir filialını qeyri-qanuni və qeyri-peşəkar adlandıraraq, onun fəaliyyətini qadağan etmişdi. Müvafiq göstərişi İnvestisiyalar Nazirliyi, eləcə də telekanalların yayımına icazə və lisenziya verən Texnologiya, Rabitə və İnformasiya Nazirliyi hazırlayıb. Məhkəmə həmçinin "Yarmuk", "Əl-Qüds" və "Müsəlman Qardaşları"na məxsus "Əhrar 25" telekanalının da bağlanmasına qərar verib. Həmin telekanallar da öz efirində Məhəmməd Mursinin tərəfdarlarının nümayişlərini dağıdan güc strukturlarının hərəkətləri tənqid edib.
 
Məhkəmə həmçinin "Yarmuk", "Əl-Qüds" və "Müsəlman Qardaşları"na məxsus "Əhrar 25" telekanalının da bağlanmasına qərar verib. Həmin telekanallar da öz efirində Məhəmməd Mursinin tərəfdarlarının nümayişlərini dağıdan güc strukturlarının hərəkətləri tənqid edib.
 
2015-ci ilin aprel ayında Litvada rus dilində yayımlanan “RTR-Planeta” kanalının yayımı dayandırılıb. Bunun səbəbi kanalın Ukraynadakı böhranla bağlı rəsmi Moskvanı təbliğ etməsidir.
 
Litva Radio və Televiziya Şurasının açıqlamasında görə, kanal Ukraynaya qarşı nifrət aşılayan verilişlər yayımlayıb, Avropa Şurasının İnformasiya Yayımı qanununu pozub, buna görə də 3 ay müddətində onun kabel televiziyası fəaliyyəti məhdudlaşdırılıb.
 
Şuranın açıqlamasında qeyd olunub ki, kanal barədə qərar veriləndə 12 mart tarixində efirə verilən “Bazar axşamı” verilişində rusiyalı parlamentar Vladimir Jirnovskinin Ukrayna dövləti və xalqına qarşı düşmən münasibəti və ərazi bütövlüyünü təhdid edən çıxışı da nəzərə alınıb.
 
BİZİMKİLƏR DƏ BAĞLANIB – “SARA”DAN “AYGÜN”Ə QƏDƏR....
 
2014-cü ildə Milli Televiziya və Radio Şurası (MTRŞ) Zaqatalanın «Aygün TV»nə verdiyi lisenziya müddətini uzatmayıb. Həmin ilin fevralın 14-də MRTŞ-nın yaydığı məlumatda deyilir ki, «Aygün TV» lisenziya üçün lazım olan sənədləri quruma təqdim etməyib. Tənzimləyici qurum onu da bildirir ki, hələ ötən ilin dekabrında «Aygün TV»-yə lisenziyanın verilməsi məsələsi müzakirə edilərkən, televiziya lazımi sənədləri onlara təqdim etməmişdi. O zaman TV-yə xüsusi razılıq müddətinin verilməsinə dair müzakirə ertələnmişdi.
 
Məlumatda deyilib ki, «Aygün TV»nin fəaliyyəti araşdırılandan sonra «çoxsaylı çatışmazlıqlar və qanun pozuntuları aşkar edilib».
 
MRTŞ komissiyası həmçinin iddia edib ki, «Aygün TV»-də proqramlar saxlanmayıb, qeydiyyat jurnalı da mövcud olmayıb. Halbuki teleradio proqramlarının (verilişlərinin) materialları (qoşma sənədlər, əlyazmalar, məktublar, lent yazıları və s.) efirə çıxandan sonra azı bir ay, efirə çıxmış proqramların tarixi, vaxtı, mövzusu, müəllifi, aparıcısı və iştirakçılarının göstərilməli olduğu qeydiyyat jurnalı isə sonuncu qeyddən sonra azı bir il müddətində saxlanılmalıdır.
 
«Aygün TV»-nin direktoru Nəzirxan Nuriyevsə “Azadlıq” radiosuna bildirib ki, o bu xəbəri çoxdan gözləyirmiş: «Mənə dedilər ki, televiziyanı onlara satım, mən də satmadım. Nəticəsi də belə oldu. İndi rayona qayıdıram. Bundan sonra nə etmək lazım olduğu barədə düşünəcəyəm».
 
«Aygün TV»yə verilən xüsusi razılığın müddəti 2013-cü ilin dekabrın 11-də bitmişdi.
 
Sara TV-nin öz fəaliyyətini dayandırması da Azərbaycanın efir məkanında səs-küy yaradan hadisələrdən olub.
 
ABA TV Azərbaycan ərazisində hər axşam saat 18:00-dan (daha sonra 17:00-dan) 22:00-a qədər RTR telekanalının tezliyindən yayımlanan əyləncəli, interaktiv televiziya kanalı idi. Azərbaycanda ilk interaktiv telekanal olmuşdu. Təsisçisi Faiq Zülfüqarov olub. "ABA TV" Həsən Zərdabi prospekti 80 ünvanında yerləşən binadan yayımlanırdı.
 
ABA TV-nin ANS TV ilə soyuq münasibətləri var idi. ANS TV xəbərlərində və Mirşahin Ağayev "Ötən həftə" verilişində tez-tez ABA TV-ni tənqid edirdi. 1999-cu ildə bəzi ekspertlər ANS-in efirinə çıxaraq ABA-nın vergi ödəməsində qanunları pozduğunu deyirdilər. 21 aprel 1999-cu ildə Aqil Quliyev ABA TV-nin "News-Xəbərlər" verilişində kanal adından ANS TV-yə: "ANS TV-yə bəyan edirik; yetər; yayımladığı böhtanlara və yalanlara son qoyulmalıdır; xalqı, düçar olduğu ANS-dən qorxu sindromundan azad etmək lazımdır; biz bəyan edirik ki, həmişə cavabsız qalan iddialarınız bu gün cavabsız qalmayacaq; burada "ABA Televiziya Şirkəti" var" deyə çıxış etmişdi.
 
16 iyul 2001-ci il tarixində "Medcarting" əyləncə mərkəzində kanalın 4 illik yubileyi keçirilmişdi. Həmin mərasimdə may ayında ABŞ-a gedən Faiq Zülfüqarovun videomüraciəti yayımlanmışdı. Həmin videoda Zülfüqarov kanalın fəaliyyətini dayandırdığını açıqlamışdı. 2001-ci ilin iyul ayının 17-sində isə Faiq Zülfüqarov xalqa müraciət edərək kanalı bağladığını açıqlayacaqdı. Lakin hökumət buna icazə vermədi və kanal həmin gün efirə çıxmadı. Növbəti gün isə telefon danışığı vasitəsilə jurnalistlərlə danışan Zülfüqarov telekanalın fəaliyyətini dayandırdığını açıqladı. Beləliklə, 4 il fəaliyyət göstərən ABA TV Peyk TV, BMTİ və Sara TV-dən sonra bağlanan 4-cü Azərbaycan kanalı oldu.
 
İSPANLAR İQTİSADİ, UKRAYNALILAR İSƏ SİYASİ SƏBƏBLƏRƏ GÖRƏ KANAL BAĞLAYIRLAR
 
 
Sərhədləri yenidən aşaq. 2015-ci ilin fevralında isə Səudiyyə şahzadəsinin kanalını bağlayıblar. Efirə buraxılandan 9 gün sonra kanal öz fəaliyyətini dayandırıb.  Rəsmi Bəhreyn bəyan edib ki, genişmiqyaslı ərəbyanlı "Al-Arab" telekanalı bağlanıb. Onun sahibi Səudiyyə şahzadəsi Əl-Valid ben Talaldır. Səbəb kimi, kanalın rəsmi qeydiyyatdan keçməməsi göstərilir.
 
2013-cü ildə isə Gürcüstanda baş nazir Bidzina İvanişvilinin həyat yoldaşına məxsus “9-cu kanal” bağlanıb.
 
Həmin vaxt baş nazir Bidzina İvanişvili bildirib ki, o, sözügedən televiziya şirkətinin fəaliyyət göstərməsini daha istəmir. Baş nazir qeyd edib ki, qarşıdan gələn prezident seçkilərinin daha korrekt keçməsini istəyir.
 
İvanişvili həmçinin bildirib ki, o, kanalın yürütdüyü siyasətə qarışmayıb. Bununla yanaşı, o hesab edir ki, ailəsinin telekanalı olmamalıdır.
 
Baş nazir qeyd edib ki, “9-cu kanal”ı çoxdan bazar qiymətindən aşağı satmaq istəsə də, alıcı olmayıb. O bildirib ki, jurnalistlər öz yerlərində qalsalar, sentyabrın 1-dək hər bir şəxs teleşirkəti bütün texniki avadanlığı və binası ilə birlikdə dəyərindən 3 dəfə ucuz ala bilər. Əks halda sentyabrın 1-dən televiziya kanalı və “İnfo 9” informasiya agentliyi bağlanacaq.
 
İvanişvili kanalın bütün əməkdaşlarına “Gürcü arzusu” koalisiyasına oktyabrın 1-də keçirilən parlament seçkilərində qələbə qazanmaq üçün kömək etdiklərinə görə təşəkkür edib. Baş nazir qeyd edib ki, o, bütün əməkdaşlara 2 aylıq maaş ödəyəcək.
 
2014-cü ildə Ukraynada müxalifətyönlü “5-ci kanal” bağlanıb. Telekanal bütün ölkə boyu yayımını dayandırıb. “5-ci kanal” indi yalnız internetdə işləyir. Efir yayımını bütün ölkə üzrə birdəfəlik kəsiblər” - telekanalın ən yaxşı aparıcılarından biri Artyom Ovdiyenko özünün facebook səhifəsində belə yazıb.
 
Kanalın saytı da fəaliyyət göstərmir. Qapadılmamışdan öncə telekanal Müstəqillik Maydanından birbaşa yayım verirdi.
 
2014-cü ildə İspaniyanın şərqindəki Valenciya muxtar vilayət rəhbərliyi, iqtisadi böhrana görə 24 illik tarixi olan Valensiya rəsmi radio və televiziyası- RTVV-i bağlamağa qərar verib.
 
2007-dən bu yana davam edən iqtisadi böhran səbəbilə İspaniyadakı 17 muxtar vilayət rəhbərliyi yerli media təşkilatlarında indiyədək maliyyə ayrılmalarını azaltsa da, ilk dəfə bağlama qərarı verilməsi diqqəti çəkib.
 
1620 işçisi olan RTVV-nin qanuni olaraq 1000 əməkdaşının işdən çıxarılması ilə bağlı qərarın verilməsi Valensiya Ali Məhkəməsi tərəfindən rədd edilməsinə baxmayaraq, telekanalın xərcinin 40 milyon avro olduğunu və bunu ödəmək imkanı olmadığını açıqlayan Valensiyanın yerli hökuməti RTVV-ni bağlamağa qərar verdiyini bəyan edib.