​Onlar ölkələrindən qisas aldılar

 
Britaniyanın Avropa Birliyindən ayrılması ilə bağlı "Brexit" qərarından sonra Qərb ikinci siyasi sensasiyadan heyrətləndi. Gerçəkdən də, ABŞ-da keçirilmiş prezident seçkilərinin nəticəsi tək Qərb dövlətləri üçün yox, bütün dünyada şok effekti yaratdı.
 
Milyarder Donald Trampın noyabrın 8-dəki prezident seçkilərindəki qələbəsi Birləşmiş Ştatların çağdaş tarixində yeni mərhələyə çevrilməklə yanaşı, amerikalıların dünya dövlətləri ilə münasibətlərini radikal şəkildə dəyişə bilər.
 
"Yeah, they did it!"... "Hə, onlar bunu etdilər!" Məhz onlar, siyasətə qarışmadıqlarını deyən, sakit görünən, Vaşinqton və Nyu-Yorkdakı mediada "adi vətəndaş" sayılan insanlar, Birləşmiş Ştatlardakı medianın, demokratların və şou-biznes mənsublarının aşağılayıcı tərzdə "red necks", yəni "qırmızı peysər" adlandırdıqları milyonlarla amerikalı seçimlərini etdilər.
 
 
 
ABŞ-ın ən nüfuzlu, məşhur mediası, sosioloqlar, çoxsaylı analitiklər, "danışan başlar" onları inadla görmür, görmək istəmir, hələ dünən səhərədək Demokrat Partiyasının namizədi, sabiq dövlət katibi Hillari Klintonun qələbəsinin şübhə doğurmadığını deyir, yazır, göstərirdilər.
 
Əslindəsə ABŞ-dakı seçkilərdə şərti respublikaçı qalib gəldi. Birləşmiş Ştatlarda prezident seçkiləri ilə bağlı təbliğat kampaniyası başlanandan bəri Respublikaçılar Partiyası kürən milyarder Trampdan qurtulmağın yollarını düşünürdü. Fəqət, sadə amerikalıların potensial seçimini təxminləyən partiya Trampa olan allergiyasına rəğmən, mübarizəyə qatıldı.
 
Demokratlar təki, respublikaçılar da deyirdilər ki, Donald Trampın açıqlamaları və davranışları onun "Frankenşteyn olduğunu" göstərir.
 
Çünki seçkilərə müstəqil namizəd kimi qatılan Tramp özü də anlamadan və istəmədən ona yad Respublikaçılar Partiyasının təmsilçisinə çevrildi.
 
O, həm də ABŞ-da rəsmi fəaliyyət göstərməyən, amma var olan "anti-isteblişment partiyası"nın adamıdır. İndi anlaşılır ki, amerikalı sosioloqların görmək istəmədikləri, hesaba almadıqları bu "partiya" demokratlar təki, respublikaçıları da sevmir, özü də güclü qüvvədir.
 
 
 
Bir zamanlar inşaat biznesindəki konyukturu dəqiq hiss etmək bacarığını nümayiş etdirmiş Donald Tramp siyasətdə həvəskar olsa da, siyasi konyukturu əla duyaraq yad meydanda peşəkarlara qalib gəlib. O, ABŞ cəmiyyətinin ərinliklərində köhnə oyun qaydalarına, laxlayan sistemə etirazı hiss etmişdi.
 
Sistem ləngər vurur, dağılır və bu aşınma o həddə çatıb ki, amerikalılar fəlakətin həddinə, səviyyəsinə təəccübləniblər.
 
Dünən səhər bütün dünya anladı ki, illərlə aşağılanan, "adi vətəndaş" sayılan, "red necks" adlandırılan amerikalılar ölkənin təşəxxüslü, lovğa siyasi elitasından, Hillari Klintona işləyən məşhur və bahalı piar mütəxəssislərindən, siyasi ekspertlərdən, onları özlərinin müəyyənləşdirdikləri notlar üzrə ifaya vadar etmək istəyən mediadan çox sərt, ağır intiqam alıblar.
 
Şok o səviyyədə oldu ki, ABŞ-ın Rusiyadakı sabiq səfiri, Hillari Klintonun "müsəlləh əsgəri" Maykl Makfol sosial şəbəkələrdə yazdı: "Bitdi, qurtardı - hər şey məhv oldu"
 
ABŞ siyasətinin klassik kanonlarına görə Donald Tramp seçki kampaniyasını çox uğursuz aparırdı. O, bahalı reklamlardan istifadə etmirdi, Respublikaçılar Partiyasının yerlərdəki təşkilatlarını fasiləsiz işə vadar etmirdi və s. Yəni, prezidentliyə klassik namizədin etməsi gərəkənləri etmirdi.
 
Elə bu uğursuzluq sayəsində də o, qalib gəldi.
 
 
 
Çünki bu seçkilərdə hər şey kanonlara görə yox, kanorların tərsinə idi.
 
Birləşmiş Ştatlarda yeni dönüşünü edən mərhələdə ölkəyə məhz belə lider gərəkdi.
 
Donald Trampın da dahiliyi odur ki, o, gərəkli vaxtda gərəkli yerdə olmağı bacardı.