Onlar dünyada milyon qazanırlar, Azərbaycanda isə hədələnirlər

 
 
Məşhur şəxslərin həyatı daim insanlar üçün maraqlı olub. Şəxsi münasibətləri, ailə həyatları, biznesləri, hobbiləri ilə tez-tez gündəmə gələn tanınmışların bir də bilinməyən üzləri, qalmaqallı  tərəfləri var. Bütün bunları isə tamaşaçılara paparazzilər çatdırır. 
 
Məlumat üçün qeyd edim ki, paparazzi məşhur insanların həyatından qalmaqallı məlumatlar əldə etməklə məşğul olan fotojurnalistlərə deyilir. Paparazzi sözü italyan dilində istifadə edilən “Paparazzo” sözündən götürülüb, mənası italyan dilindən tərcümədə “insanı təngə gətirən ağcaqanad” deməkdir.
 
Bu söz dillərə 1960-cı ildə məşhur italyan rejissoru Federiko Fellininin "Şirin həyat" filmi yayımlandıqdan sonra düşüb. Filmdə baş qəhrəmanın dostu fotoqraf Paparazzo olur. Bu işlə məşğul olmaqla onlar yaxşı gəlir əldə edir, mənəvi və etnik qaydalarla hesablaşmırlar. "Şirin həyat"dan sonra dillərə düşən paparazzi sözü ingilis şahzadəsi Diananın ölümündən sonra daha çox yayılıb. Çünki Diana və sevgilisi Dodi Fayed onları motosikletlə izləyən paparazzilərdən qaçarkən Parisdə Pont de l'Alma tunelində yol qəzasına düşüb. Ölümcül yaralanan Diana bir neçə saat sonra həyatını itirib.
 
Dünyanın ən bahalı fotoları da elə Diana və sevgilisi Dodi Fayedə məxsusdur. Qəzadan öncə tətilə gedən cütlüyün  çimərlikdə çəkilən fotoları 6 milyon dollara satılıb. Bəzən günlərlə, aylarla bir foto, xəbər üçün  məşhur şəxsi izləyən sözügedən insanlar dünya ölkələrində bu iş üçün milyonlar qazanır. Azərbaycanda isə paparazzilər demək olar ki, yoxdur.
 
Musavat.com mövzu ilə əlaqədar fotoqraf və maqazin jurnalistləri arasında sorğu keçirib və ölkəmizdə paparazzilərin olmamasının səbəbini öyrənib.
 
“Qafqazinfo” saytının fotoqrafı Nuran Məmmədov bildirir ki, paparazzilik etmək üçün Azərbaycanda şərait yoxdur: “Ölkəmizdə paparazzilik etmək çətindir. Çünki sənət madamları səmimi deyillər, istənilən halda aqressivləşə bilirlər. Xarici ölkədə hansısa məşhuru paparazzi görüntüləyəndə gülümsəyir, poza verir. Nadir hallarda aqressiv münasibət göstərə bilər. Bu cür hallar əsasən bikinidə görüntülənən ulduzlarla yaşanır. Bu yaxınlarda Brilliant Dadaşovanın çimərlik geyimində fotoları yayılmışdı.  Xalq artisti dərhal foto çəkəni məhkəməyə verməklə hədələdi. Bu cür ortamda paparazzilikdən necə söz gedə bilər? bizdə səmimiyyət yoxdur. Bir müddət öncə telekanallar paparazzi rubrikaları açmışdı. Amma orada məşhurların gizli görüntüləri yayılmadı, sənətçi zəng edib yerini dedi, jurnalistlər də “gizli çəkiliş” elədi. Bu cür paparazzilik isə gərəksizdir. Mən bir neçə dəfə paparazzilik etmişəm. Paparazzilik üçün  peşəkar çəkilişə ehtiyac yoxdur, adi telefonla da maraqlı fotolar çəkmək mümkündür. Paparazzilik əyləncəli sahədir və inanaıram ki, nə zamansa, bizdə də inkişaf edəcək”.
 
Musavat.com saytının fotoreportyoru Məhəmməd Türkmən isə düşünür ki, Azərbaycanda paparazzilik inkişaf edə bilməz: “Paparazzi məlum olduğu kimi, məşhur insanların özəl həyatını, gizlətməyə çalışdıqları hallarını, eksklüziv görüntülərini çəkən fotoqraflara deyilir. Bu peşə ilə məşğul olan fotoqrafları çox az adam tanıyır. Çünki paparazzi olan fotoqrafa tanınmaq sərf etmir. Bizdə bu sahənin inkişaf etməsi mümkün deyil. Səbəblər çoxdur. Məşhurların bu fotolara dözümsüzlüyü, qanun və redaktorlar... Məsələn, hansısa müğənnini evində hamıdan gizlətdiyi sevgilisi ilə fotosunu çəkən fotoqraf gərək redaktoruna güvənsin. Redaktora nə qədər zəng, xahiş, təhdid gəlsə də, gərək, fotonu saytdan çıxartmasın, fotoqrafın kimliyini deməsin. Tutaq ki, bu da oldu. O zaman müğənni həmin qəzeti, saytı məhkəməyə verəcək. Orada da sistem məlumdur. Hər şeyi məşhurun gücü təyin edəcək. Burada maddi vəziyyət də rol oynayır. Paparazzinin çəkdiyi foto ilə adi reportaj fotosunun qiyməti eyni ola bilməz. Paparazziyə 400-500 manat maaş verərək, onu işdə saxlamaq da mümkün deyil. Hər fotosuna yüksək qonarar vermək lazımdır. Bizdə onu kim verər?”
 
Maqazin portalı “Primetime”ın baş redaktoru Şahin Cavadsoy isə məşhurların dözümsüzlüyündən şikayətçidir: “Biz xalq artisti Brilliant Dadaşovanın çimərlik geyimində çəkilmiş fotolarını əldə etmişdik. Onları saytda yayımladıqdan sonra müğənni sərt reaksiya göstərdi. Müğənnilər Azərbaycanda fəaliyyət göstərəcək paparazzilərə hazır deyillər. Nə qədər desələr ki, dünya ulduzları ilə ayaqlaşa bilirlər, bu, qətiyyən belə deyil. Azərbaycanlı müğənni və jurnalistlərdə mental düşüncə var. Biz xalq artistinin fotolarını yayımlayan kimi, bizi məhkəməyə verəcəklərini dedilər. Jurnalistlərə sərbəstlik verilmir. Bizdə işini sevən, yenilik axtaran jurnalistlər çoxdur. Sənət adamları, tanınmışlar yeniliyiə açıq olmalıdır, jurnalistlərin işinə müdaxilə etməməlidir. Bir də qurama “paparazzilik” var. Müğənni fotoqrafa deyir ki, elə çək, guya xəbərim yoxdur. Bu cür hallar bizim sahədə tez-tez baş verir. Bir sözlə, sənət adamları istədiyi təqdirdə, Azərbaycanda paparazzilər olacaq”.