Ombudsman Goranboy və Füzuli rayonlarında olub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova cəbhə bölgəsinə Goranboy rayonunun təmas xəttində yerləşən Tapqaraqoyunlu kəndində, Füzuli rayonunun Horadiz qəsəbəsində və Qazaxlar kəndində olub.
Bu barədə Ombudsman Aparatının Mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, həmin yaşayış məntəqələrinin çoxsaylı sakinləri ilə görüşərək böyük qələbəyə yol açan, hərbi mövqelərimizin möhkəmlənməsi ilə nəticələnmiş uğurlu əməliyyatlar münasibətilə onları təbrik edib, vəziyyətlərini öyrənmiş və suallarını cavablandırıb.
Məlum hadisələr zamanı bu yaşayış məntəqələrinə daima Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya və iri çaplı silahlardan atəş açılması nəticəsində çoxsaylı evlərin və digər mülki obyektlərin yararsız vəziyyətə düşməsinə baxmayaraq, buradakı sakinlər heç bir insanın öz evlərini tərk etmədiklərini, yüksək qələbə əhval-ruhiyyəsi və vətənpərvərlik hissləri ilə yaşadıqlarını, başlıca problemlərinin məhz işğal altında olan doğma torpaqlarımızın geri qaytarılması olduğunu bildiriblər.
Əhali tezliklə bütün torpaqlarımızın azad olunacağına, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə, qaçqın və məcburi köçkün soydaşlarımızın öz yurdlarına qayıdacaqlarına inandıqlarını vurğulayıblar.
Azərbaycan ordusunun uğurlu əks həmləsi nəticəsində xeyli irəliləyiş nəticəsində azad olunmuş strateji nöqtələrə və yüksəkliklərə Azərbaycan Dövlət bayrağının sancılması, bunun ölkəmizin əhalisi arasında qələbə təntənəsi və el bayramı kimi qeyd olunması müşahidə edilib.
Döyüşlər getmiş hər iki rayonda əhali gündəlik normal həyatına davam edir və təsərrüfat işləri ilə məşğul olur, abadlıq-quruculuq işləri aparılır, bütün ticarət mərkəzləri və digər iaşə obyektləri fəaliyyət göstərir.
Habelə əhali ilə görüşlər zamanı məlum olmuşdur ki, səfər edilmiş bütün ərazilərdə sakinlər, xüsusi ilə gənclər yüksək rütbəli zabitlərə hərbi əməliyyatlara qoşulmaqla bağlı çosaylı müraciətlər etmiş və gələcəkdə hərbi əməliyyatlarda iştirak etmək arzularını bildiriblər. Bu isə xalqımızda Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə olan böyük inamı göstərir.
Azərbaycan Respublikasının Ərazilərinin Bərpası və Yenidənqurulması Agentliyinin, habelə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) nümayəndələri tərəfindən vəziyyətin, itkilərin, ehtiyacların və bərpa işlərinin dəyərləndirilməsi üzrə tədbirlər aparılır.
Füzuli rayonunun təmas xəttindəki Horadiz qəsəbəsində Bayraq meydanının, Heydər Əliyev Mərkəzinin, Horadiz İdman Kompleksinin, stadionun, Gənclər Evinin, Muğam Mərkəzinin, Tarix-Diyarşünaslıq Muzeyinin, Füzuli Tibb Mərkəzinin, Ailəvi İstirahət və Əyləncə Mərkəzinin, çoxsaylı yeni inzibati binaların tikildiyi, Heydər Əliyev Parkının və Gənclər prospektinin salındığı, rayon ərazisində Füzuli Soyuducu Anbar Kompleksinin və digər mühüm obyektlərin tikildiyi, su kanalının, yolların, işıq, qaz və su xətlərinin çəkildiyi, böyük yaşıllaşdırma işlərinin aparıldığı müşahidə edilib.
Səfər çərçivəsində Müvəkkil həmin bölgələrdə yerləşən N saylı hərbi hissələrin və yüksək müasir avadanlıqla təchiz edilmiş səyyar hərbi hospitalın qələbə əhval ruhiyyəli, hər zaman döyüşə hazır olan əsgər və zabitləri, o cümlədən fədakarlıqla çalışan tibbi personalla görüşüb. O, son günlərdə düşmən həmlələrinin qarşısının alınmasında Azərbaycan silahlı qüvvələrinin göstərdikləri qəhrəmanlığı və vətənpərvərliyini yüksək qiymətləndirmiş, onlara yeni qələbələr arzulayıb.
Görüşlərdə iştirak etmiş sakinlər və hərbi qulluqçular onlara göstərilən qayğı və diqqətə görə Ali Baş Komandan başda olmaqla bütün Azərbaycan xalqına öz minnətdarlıqlarını bildiriblər.
Səfər zamanı Müvəkkili Ombudsman Aparatının əməkdaşları, müvafiq olaraq Naftalan şəhər, Goranboy və Füzuli rayon icra hakimiyyətlərinin başçıları müşayiət ediblər.