Ölkənin siyasi afişası- müxalifət ayın sonuna hazırlaşır...

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ildönümü müxtəlif səviyyələrdə qeyd olunacaq
Ölkə müxalifətinin may ayı üçün gündəmi o qədər də sıx deyil. Müxalifət daha çox mayın 28-nə hazırlaşır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının növbəti ildönümünün müxalifət düşərgəsi tərəfindən müxtəlif səviyyələrdə qeyd edilməsi planlaşdırılır.
Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı musavat.com-a bildirib ki, 28 mayla bağlı partiyanın tədbiri olacaq: “Bu ay olacaq digər tədbirlərlə bağlı Divanda müzakirələr olacaq”.
Ümid Partiyasının sədr müavini Taleh Əliyev isə qeyd edib ki, partiyanın əsas fəaliyyət istiqaməti 90 saylı seçki dairəsi ilə bağlıdır: “Partiyanın Ağdaş seçki dairəsində təkrar seçkilərdə namizədlə iştirakı nəzərdə tutulub. Bu səbəbdən partiyanın demək olar ki, əsas fəaliyyət istiqaməti bu sahədədir. Partiya sədrinin namizədliyinə görə fəaliyyətimiz 90 saylı seçki dairəsinin üzərində fokuslaşıb. Amma bu ay həm də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümü olacaq. 28 mayla bağlı partiyada tədbir keçiriləcək. Eyni zamanda partiyanın regionlarda müşavirələri, toplantıları nəzərdə tutulub”.
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) də may ayında bir sıra tədbirlər keçirəcək. Partiyanın sədr müavini Xəzər Teyyublu musavat.com-a bildirib ki, mayın 25-də işğalçı rus ordusunun Azərbaycandan çıxarılmasının 23-cü ildönümü ilə bağlı tədbirlərin keçirilməsi planlaşdırılır. Həmçinin həmin gün milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin məzarı ziyarət ediləcək. 28 may Respublika Günü ilə bağlı isə KXCP Novxanı kəndində demokratik cumhuriyyətin banisi Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə bayram tədbiri keçirəcək. Saat 13.30-da baş tutacaq tədbirdən sonra rəsulzadənin Novxanı məzarlığında uyuyan doğmalarının məzarı da ziyarət olunacaq.
Ayın sonunda isə “AG blok” AG Partiyaya çevriləcək. “AG blok”un təsisçilərindən Tural Abbaslı musavat.com-a bildirib ki,  mayın 29-da “AG blok”un partiyaya dönüşünün qurultayını keçirəcəklər: “Hakimiyyət yer ayıra bilsə, hazırlıqları başa vursaq, qurultayımızı keçirəcəyik. Azərbaycan siyasi səhnəsinə bu günə qədər fəaliyyət göstərmiş ən gənc fəal partiyalardan biri qədəm qoyacaq. Düşünürük ki, bu qurultay düşündüyümüz kimi baş tutsa, bundan sonrakı Azərbaycan tarixində artıq AG Partiya tandemi sona qədər özünü göstərəcək. Düşünürəm ki, bu güc siyasi sahəni daha da aktivləşdirəcək”. (musavat.com)