​Ölkələri silkələyən "oğru dünyası": Hökumətlər ona niyə dözür?

Baxış sayı: 
215

 
    
 
Kriminal avtoritetlərin Azərbaycanda fəaliyyətinə şərait yoxdur. Azərbaycanlı “qanuni oğru”lar ya Rusiyada, ya Türkiyədə, ya da ərəb ölkələrində yaşayırlar. Son 10-15 ildə kriminal avtoritetlər Rusiyada daha çox şaxələniblər. Gürcüstandan da "qanuni oğru”lar Rusiyaya axışır. Əslində “qanuni oğru”lar fəaliyyətini ədalət axtarışı üzərində qurur. Bununla da maraqları çərçivəsində hərəkət edərək, aralarında ərazilər, şəhərlər üzrə nəzarəti ələ keçirmək üçün bölgülər aparırlar. Onların prinsipinə görə heç kim başqasının nəzarəti altında olan əraziyə müdaxilə etməməlidir.
 
Kriminal avtoritetlər bir növ nüfuz sahibləridir. Sirr deyil ki, onların nüfuz sahibi olmalarına dövlət məmurları özləri şərait yaradır. Hər hansı bir dövlətin dəstəyi olmasa, heç bir şəxs nüfuzlu kriminal-avtoritet ola bilməz. Dünyanın yazılmış və yazılmamış qanunları var. Dünyada elə məqamlar olur ki, yazılmamış qanunlar yazılmış qanunlardan daha böyük rol oynayır. Məsələ burasındadır ki, hər adama “qanuni oğru”, kriminal-avtoritet statusu da verilmir. Əvvəlcə onun şəxsiyyətinə, davranışına, həbsxanadakı həyat tərzinə, rəftarına baxılır və buna görə qiymət verilir. Bu özbaşına olunmur, burada dövlət strukturları daha fəal iştirak edir. Dövlət məmurları, dövlət rəhbərliyində təmsil olunan vəzifəli şəxslər kriminal avtoritetlərlə əlbirdirlər. Bu müstəqil ekspertlərin fikridir. Müşahidələr də göstərir ki, bəzən hüquq-mühafizə orqanları kriminal avtoritetlərin törətdiyi cinayətlərin, qətllərin araşdırılmasında əməliyyat tədbirləri həyata keçirmir. Çünki bu məsələdə o şəxslərin əli olur. Ona görə də, kriminal-avtoritetlərin böyük əksəriyyətinin qətllərinin üstü açılmamış olaraq qalır. Hətta illərlə belə yığılmış materiallar var.
 
Maraqlıdır, şəhərlərin, bazarların kriminal avtoritetlər arasında bölünməsinə hökumət strukturları niyə dözür? Onlarla bacarmırlar, yoxsa buna maraqlıdırlar?
 
 
 
Kriminalist Əyyub Kərim “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, çox güman ki, qeyd olunan məsələdə hökumət strukturlarından daha çox hüquq-mühafizə orqanlarının rolu var: “Sözsüz ki, xoşagələn hal deyil. Onların ərazilər üzrə bölünməsi elə o mənbələrdə də daha böyük cinayətlərin baş verməsinə səbəb olur. Kriminal avtoritetlər, kriminal elementlər elə yerlərdə özlərinə daim yuva salırlar ki, bu da dözülməz haldır. Kriminal avtoritetlər bazarlarda özlərinə kiçik “xanlıq” yaradırlar və fəaliyyət göstərirlər. Buna yol vermək olmaz. Qarşısını almaq üçün mübarizə aparılmalıdır. Cinayətkarlığa qarşı mbarizə təkcə həbs etmək, cəza vermək deyil. Bu mübarizə həm də profilaktik tədbirlərdir. Cəmiyyət özü də orqanizmdir.
 
Biz özümüzü soyuqdan, digər fəsadlardan qorumasaq, xəstələnərik. Cəmiyyətin də orqanizmini qorumaq üçün profilaktik tədbirlər aparılmalıdır. Əgər məlumat alınırsa ki, hansısa bazara kriminal ünsür rəhbərlik edir, bu halda hökmən bir cinayət baş verməsə də, mütləq hazırlana bilər. Bunun əsası qoyula bilər. Baş verəndən sonra kimisə tutmaq, nəsə etmək çətin bir məsələdir. Belə halların qarşısının alınması üçün mütləq o tədbirlər görülməlidir. Çünki bu gün bazara rəhbərlik edir, sabah isə ayrı ərazilərə bölməyə və qiymət qoymağa başlayacaqlar. Bu da ilk növbədə hüquq-mühafizə orqanlarının zəifliyindən, ya da onlarla birgə fəaliyyətindən xəbər verir”.
 
Ekspert vurğulayıb ki, cinayətkarlığın heç bir halda kökünü kəsmək mümkün deyil: “Vaxtilə SSRİ-yə rəhbərlik etmiş Xruşşovun belə bir fikri olub ki, guya cinayətkarlığın kökü kəsiləcək, 90-cı illərdə cinayətkarlıqla mübarizə başa çatacaq. Bu mümkün olan şey deyil. Cəmiyyət varsa, cinayətlər də olacaq. İnsan orqanizmində normal temperatur 36, 6-dır. Bu temperaturda insan normal yeriyə, fəaliyyət göstərə, istədiyi hər şeyi edə bilir. Ancaq temperatur 38-ə yüksələndə fəsadlar yaranmağa başlayır. Cəmiyyət də elədir.
 
Orada da temperaturun yüksəlməsinə imkan verilməməlidir. Hüquq-mühafizə orqanları və cəmiyyət çalışmalıdır ki, norma 36,6-da qalsın. Təbii ki, bu vəziyyət 40 dərəcəyə çatanda dövlət kriminal ölkə hesab olunacaq. Bu mənada hüquq-mühafizə orqanlarının əsas xətti ona yönəlməlidir ki, temperatur qalxmasın, normalda qalsın ki, nəzarət olunsun. Çünki o temperatur yüksələndən sonra nə qədər tədbir görülsə də fəsadı aradan qaldırmaq olmayacaq. Hüquq-mühafizə orqanlarına dövlət büdcəsindən pul nədən ötrü ayrılır? Ondan ötrü ayrılır ki, ölkədə cinayətkarlığa qarşı mübarizə getsin və səmərə versin. Real görünsün ki, mübarizə var. Yox əgər mübarizə aparılırsa və nəticəsi olmursa, artıq o cəmiyyət kriminal xəstəliyə düçar olub”.
 
Alçina Amilqızı
 
Cebhe.info

Загрузка...
Загрузка...