“Ölkədə inqilabi kadr dəyişiklikləri aparılmalıdır”

Baxış sayı: 
106
0  
0  
 

Bu günlərdə Gəncədə baş verən qanlı olaylar bütün Azərbaycan vətəndaşları üçün ciddi dərs olmalıdır. Biz gördük ki, xaricdən və daxildən ölkəmizi parçalamaq, qarşıdurma yaratmaq istəyən qüvvələr daha da fəallaşıblar. İndi hamımız Azərbaycan adlı məmləkətimizin dörd bir tərəfinə müqavimət sipəri çəkməliyik. Dostumuzu da, düşmənimizi də öz adı ilə çağırmaq vaxtı çatıb. Torpaqlarımızın iyirmi faizinin erməni daşnaklarının işğalı altında olduğu bir vaxtda suverenliyimizi qanımız və canımız bahasına qorumalıyıq.

Əvvəldən başlayaq. Mən millət vəkili Vahid Əhmədovun Mingəçevir İES-dəki hadisəyə münasibətini tam dəstəkləyirəm. Bəli, bunun sıradan bir qəza olduğuna inanmıram. Mingəçevirdən tutmuş Gəncə olaylarınadək baş verənlər xaricdən idarə olunan daxili xainlərin işidir.

Gəncə hadisələrindən ibrət dərsi götürmək deyəndə sıravi vətəndaşdan tutmuş ən yüksək vəzifə sahiblərinədək hər bir kəsi nəzərdə tuturam. Nəhayət biz qanunlarla yaşamağı və işləməyi öyrənməliyik. Təxribatçı qüvvələr o yerləri seçirlər ki, həmin ərazidə idarəçilik, vətəndaş-məmur münasibətləri gərgin vəziyyətdə olur. Onlar fikirləşirlər ki, bu halda etdikləri məkrli işlər daha uğurla həyata keçəcək. Hamımız gördük ki, Gəncə olayları sosial şəbəkələrdə necə qarşılandı. Doğrudur, sui-qəsdçilərə xaricdə yaşayan və düşmən dəyirmanına su tökənlər, ermənilər də qondarma adlar altında dəstək verdilər. Amma onların arasında içimizdə yaşayanlar da az deyildi. Bəs bu niyə baş verdi? Sui-qəsdçi, terrorçu nə vaxtdan milli qəhrəmana çevrilib? Bunun üzərində düşünməliyik. Deməli, yerlərdəki idarəçilikdə boşluqlar, ciddi qanun pozuntuları, vətəndaşları aşağılamaq halları mövcuddur. Mən hələ korrupsiya və rüşvəti demirəm. Nə vaxtadək biz bütün həyatımızı belə hallara dözərək yaşamalıyıq? Bəzi korrupsioner məmurların nazı ilə nə qədər oynanılacaq? Dövlət başçısı İlham Əliyev hər yığıncaq və müşavirədə məmurlara deməkdən yorulub ki, korrupsiya və rüşvəti yığışdırsınlar, vətəndaşlarla insan kimi rəftar etsinlər. Lakin harınlamış və qudurğan bəzi vəzifəlilər əksinə hərəkət edirlər. Sanki əməllərini davam etdirməklə dövlətə və onun rəhbərinə meydan oxuyurlar. Belədə sıravi xalq nə etməlidir? Dərdini kimə deməlidir? Bu yaxınlarda yazmışdıq ki, Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev qəbuluna gələn bir ağsaqqalın salamını almağı belə özünə sığışdırmayıb. Buna nə ad qoyasan? Və yaxud xidmət sahələrinə rəhbərlik edənlər arasında əhalini zinhara gətirənlər çoxdur. “Azəriqaz”, “Azərsu”, “Azərişıq” və digər qurumların yerlərdəki bəzi təmsilçilərindən narazılıq yetərincədir. Nə vaxt son qoyulacaq bunlara? Əlində haqlı olduğunu sübut edən məhkəmə qətnaməsi olan və haqqını ala bilməyən vətəndaş nə etməlidir? Təbii ki, belə problemlər üst-üstə yığılıb sosial narazılığa çevrilir. Azərbaycanı sevməyən, onu hər an sarsıtmaq istəyən çirkin niyyətli xarici və daxili qüvvələr də inciklərdən özlərinə baza yaradırlar. İnsanlarsa müxtəlifdir. Kimisi savadlıdır və belələrinin felinə düşmür. Amma nə baş verdiyini anlamayanlar da az deyil. Onları istənilən istiqamətə yönəltmək mümkündür.

Gəncə olaylarına hüquqi qiymət verməklə iş bitməməlidir. Yuxarıda da qeyd etdim ki, bu hadisələr hamımız üçün dərs olmalıdır. Şəxsən mən çıxış yolunu qanunların diktaturasını yaratmaqda, ölkədə inqilabi kadr dəyişikliklərində görürəm. Necə ola bilər ki, rayona təyin edilən icra başçısı milli, dini-etnik vəziyyətdən bixəbər olsun? Öz vəzifəsi ancaq eyni küçəyə metlax və asfalt döşəməklə, torpaq satmaqla bitmiş hesab etsin. Azərbaycan prezidenti İlham Əliyev keçirdiyi müşavirələrin birində dedi ki, ölkədə bələdiyyələr icra başçılarının filiallarına çevrilib, möhür idarələridir. Nə nəticə çıxarıldı? Bələdiyyələr yenə də lazımsız bir qurum kimi qalmaqdadırlar. Ancaq əksinə olmalıdır. Məhz icra başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri ləğv edilməli, onların səlahiyyətləri bələdiyyələrə keçməlidir. Axı yerlərdə bu iki qurumun paralel fəaliyyətinə nə ehtiyac var?

Azərbaycanda bir ASAN brendi var. Adamlar deyir ki, bu qurum korrupsiya və rüşvətdən uzaqdır. Doğrudan da belədir. Artıq dünyada tanınan ASAN xidmətindən heç bir şikayət yoxdur. Maraqlıdır, bu qurum bir çox dövlət orqanlarının vətəndaşlara göstərməli olduğu xidmətləri uğurla həyata keçirir. Onda həmin təşkilatlar kimə gərəkdir? Niyə həmin dövlət qurumlarında ASAN-da olduğu kimi qayda-qanun yarada bilmirik? Belə çıxır ki, bəzi dövlət təşkilatları korrupsiya və rüşvətlə məşğul olmalı, ASAN isə onların yerinə tər tökməlidir. Nə vaxtadək?

Hamıya aydındır ki, ölkəmizin bu günki iqtisadi və mədəni inkişafının yolu təhsildən keçir. Gördüklərimiz isə çox acınacaqlıdır. Təhsilin keyfiyyəti tamam ayrı bir mövzunun söhbətidir. Məgər biz uşaqları oxumağa cəlb edə bilirikmi? Kim istəyir övladını məktəbə buraxır, kimi də yox. Biri on üç yaşında ərə gedir, biri on beş yaşında evlənir. Mətbuat bu barədə yazmaqdan yorulub. Ölkədə icbari təhsil haqqında sərt qanun qəbul etməyin vaxtı çatmayıbmı? Axı bütün naqisliklər savadsızlıqdan doğur. Hərə bir dini cərəyan yaradıb cəmiyyətə meydan oxuyur. Sıralarına da kəmsavadları yığır. Bəzilərinin xoşuna gəlməsə də söyləmək məcburiyyətindəyəm. Ölkəmizdə dini durum heç də deyildiyi kimi ürəkaçan deyil. Vaxt çatıb, dövlətimizə və millətimizə qənim kəsilən, dini ayrı-seçkilik salan bir sıra cərəyanların fəaliyyətini qanunla qadağan etmək lazımdır. Yoxsa bu məmləkətin başı çox ağrıyacaq.

Qanun hamı üçündür. Sıravi vətəndaş da, nazir də qanunlarla işləməyə və yaşamağa məcbur edilməlidir. Bu həyat tərzimizə çevrilməlidir. Feodal təfəkkürdən, köhnə vərdişlərdən birmənalı yaxa qurtarmalıyıq. Heç kəs bizim yerimizə gəlib qayda-qanun yaratmayacaq. Cəzasızlıq mühiti xaos, anarxiya deməkdir. Bunun ən böyük zərbəsi dövlətçiliyə dəyir. Məmləkətsə hamımızındır. Onu dildə sevmək yox, əməli işlərlə qorumaq gərəkdir.

Müqəddəs Mehdiyev

Şimal xəbərlərinin baş redaktoru

Загрузка...
Загрузка...