Ölkə üçün təhlükəli yol - borclanma...

Ekspertlərə görə, öhdəlikləri borcla həll etməyə çalışmaq ölkəni ciddi təhdidlərlə üzbəüz qoya bilər...
Azərbaycanın xarici borcunun artması təhlükəsi ciddi narahatlıq doğurur. Üstəlik, ekspertlər daxili borclanmaya da diqqətə çəkərək, yaxın illərdə bu səbəblərdə ölkə iqtisadiyyatının durumunun ürəkaçan olmayacağını ehtimal edirlər. Baş verənlər isə milli valyuta olan manatla bağlı ciddi təhdidlərlə nəticələnə bilər.
Bu ilin əvvəlinə olan rəqəmlərdə Azərbaycanın xarici dövlət borcu 6,9 milyard ABŞ dollarıdır. Bundan başqa, hökumət əlavə borc götürmək üçün çalışır. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə intensiv danışıqlar aparılır. Ekspertlərin fikrincə, son vaxtlar Azərbaycan həm xarici, həm də daxili borclanma ilə bağlı ciddi problemlərlə qarşılaşıb. Belə ki, dövlət şirkətləri tərəfindən götürülən borcların həcmi artmaqdadır. Bu isə onu deməyə əsas verir ki, yaxın 4 il ərzində Azərbaycan borç problemi ilə üzləşəcək.
Ekspert Fikrət Yusifov musavat.com-a bildirib ki, daxili borcun artmasının səbəbi bank sistemində yaranan problemlərdir: “Bu, bank sistemində yaranmış problemlərlə bağlı məsələdir. Beynəlxalq Bankda baş verən olaylar və onun ətrafında yaranmış situasiya, vəziyyət bu məsələni nizamlamaq və nəzarət etmək üçün hökuməti müəyyən addımlar atmağa məcbur etdi. Beynəlxalq Bankın sağlamlaşdırılması istiqamətində müəyyən addımlar atıldı. Hökumət bu vəziyyətdən çıxışın real yoluna daxili borclanma hesabına bankın sağlamlaşdırılması tədbirlərini görməklə getdi. Yəni burada başqa bir alternativ yol da yox idi. Çünki Beynəlxalq Bank bütövlükdə ölkədə bank sisteminin əsasını təşkil edən bir bank idi. Ona görə bu bankın sağlamlaşdırılması çox zəruri idi. Daxili borcların artmasının əsas səbəblərindən biri bu amildir. Hökumətin yerləşdirdiyi istiqraz vərəqələrinin hesabına daxili borlcanmaya gedildi və bu borclanma ilə də Beynəlxalq Bankda yaranmış borclanma problemi tədricən həll olunmağa başladı. Əsas yükü gətirən bu amildir”.
Ekspert Natiq Cəfərli isə qeyd etdi ki, Azərbaycan bir neçə il öncə çox böyük layihələrdə üzərinə böyük öhdəliklər götürüb. Bu öhdəliklərin görülüməsinin səbəbi həm iqtisadi məsələlər idi, həm siyasi məsələlər var idi. “Siyasi məsələlər ondan ibarət idi, ki, Azərbaycan “Cənub” qaz dəhlizi layihəsində bir çox xərcləri üzərinə götürməklə avropalı patnyorları qarşısında danışıqlarda üstünlük qazanmağı düşünürdü. İqtisadi səbəb ondan ibarət idi ki, o zaman neftin qiyməti yüksək idi və ölkəyə həddindən artıq böyük pullar gəlirdi. Bu yatırımlar vasitəsi ilə hökumət davamlılığı saxlamağa çalışırdı. Bu öhdəliklərin indi yerinə yetirilməsi zamanı gəlib çatıb. “Şahdəniz-2” yatağında təqribən 20 faiz paya malikik, bu payı maliyyələşdirməliyik. TANAP-da payımız 57 faizdir ki, bunu maliyyələşdirmək lazımdır. TAP-da payımız 20 faizdir. 2019-cu ilə qədər bütün bu layihələr bitməlidir. 2020-ci ildən Azərbaycan Avropaya qaz ötürməlidir. Ümumi öhdəliyimiz təqribən 16-17 milyard dollara yaxındır. Yaxın 2-3 ildə bu qədər vəsait yatırım qoymalıyıq bu layihələrə. Ölkənin digər problemləri də var. Ona görə Azərbaycan hökuməti indiki dövrdə borclanmaya getməklə kreditlərin yığılması ilə bu problemləri həll etməyi düşünür. Bu da borcun sürətlə artmasına səbəb olur. Cəmi 4 il bundan öncə Azərbaycan dünyada ən az borcu olan ölkələrdən biri idi. Ümumi daxili məhsula nisbətdə xarici borcumuz cəmi 8 faiz idi. Bu da yaxşı göstərici idi. Amma indi artıq dövlət borcu və dövlət zəmanəti ilə alınmış borcları da nəzərə alsaq, təqribən bu rəqəm 55-60 faizə çatır. Bu sürətlə getsə, çox təəssüf ki, bir müddət sonra ümumdaxili məhsulla xarici borcumuz bərabərləşə bilər. Ən qorxulusu ondan ibarətdir ki, Azərbaycanın intensiv borc qaytarma zamanı iki ildən sonraya düşür. O zaman hətta dünyada neft qiymətləri bahalaşsa belə, neftin hasilatı kəskin şəkildə aşağı düşəcək. Gəlirlərimiz xeyli dərəcədə azalacaq və gəlir də çox cüzi olacaq ki, bu borcların qaytarılmasına kifayət etməyə bilər. Təhlükəli hal bundan ibarətdir. Azərbaycan hökuməti hələlik ölkədə ciddi islahatlar aparmaq, münbit investisiya şəraiti yaradan iqtisadi yüksəliş modelinə keçməkdənsə, xarici borclanmaya getmək yolu ilə qarşıda duran öhdəlikləri həll etməyə çalışır. Bu, çox təhlükəli yoldur”.