Ölkə tam “üzən məzənnə”yə keçir: Nələr olacaq? – Şərh

 
“Üzən məzənnə”yə keçid qaçılmaz reallıqdır. Baxmayaraq ki, liberal “üzən məzənnə” siyasətinə qədəm qoymaq müəyyən fəsadlar yaradacaq, amma buna baxmayaraq, bu prosesə başlamağa məcburuq.
 
Axar.az xəbər verir ki, bu sözləri Şərq-ə açıqlamasında iqtisadçı Vüqar Bayramov Mərkəzi Bankın sədri Elman Rüstəmovun “üzən məzənnə”yə tam keçidə hazırlıq görüldüyü ilə bağlı açıqlamasını şərh edərkən deyib. Onun sözlərinə görə, liberal iqtisadi islahatlar "üzən məzənnə”ni tələb edir:
 
“Mərkəzi Bank çalışmalıdır ki, “üzən məzənnə”yə keçid prosesini daha ağrısız başa vursun. Yəni dollarla kredit alan insanlara əlavə problem yaranmasın, xüsusən, vətəndaşlara göstərilən biznes xidmətinə təsiri az olsun. Biz təklif edirik ki, “üzən məzənnə” prosesi ilə yanaşı Mərkəzi Bank kompensasiya mexanizmlərini də həyata keçirsin”.
 
V.Bayramov bildirib ki, “üzən məzənnə” siyasətinə keçid yeni təsis olunmuş "Strateji Yol Xəritəsi”nin mühüm elementlərindən biridir:
 
“Bu layihədə “üzən məzənnə”yə keçid müəyyən edilib, mütəxəssislərlə razılaşdırılıb. Daha yaxşı olardı ki, Mərkəzi Bank bu siyasətə 2014-cü ilin sonu, 2015-ci ilin əvvəllərində başlayardı. Çox təəssüf ki, həmin vaxt “üzən məzənnə” siyasəti tətbiq edilmədi və biz dollarlaşma prosesinin qarşısını ala bilmədik”.
 
Xatırladaq ki, Mərkəzi bankın sədri Elman Rüstəmov ötən gün mediaya açıqlamasında hazırda tam "üzən məzənnə”yə keçidlə bağlı işlər aparıldığını və tezliklə öz proqramın ictimaiyyətə elan ediləcəyini deyib.

Загрузка...
Загрузка...