Ölkə “qaynar qazana” çevrilir: vitse-prezident fərman verə bilərmi? - təfsilat

 
 
Sentyabrın 26-da keçiriləcək referendum gündəmin baş mövzularından biridir. Hazırda ANS-in bağlanması, çörəyin bahalaşması, Türkiyə və Ermənistandakı hadisələr referendumu arxa plana keçirsə də, ictimai-siyasi təşkilatlar hazırlığa start verib...
 
Politika.Az xəbər verir ki, artıq REAL hərəkatı təşviqat qrupu yaradıb.
 
Həmçinin, Müsavat Partiyası və Milli Şura da referendumla bağlı mövqeyini açıqlayıb. YAP da rayon və şəhərlərdə görüşlərə başlayıb. Avqustun sonu və sentyabrın əvvəlində ölkənin siyasi həyatında canlanma müşahidə olunacağı gözləniləndir. Həm hakim partiya, həm müxalifət tərəfindən aktivlik olacağı istisna deyil.

Siyasi icmalçı, hüquqşünas Erkin Qədirli isə maraqlı bir məqama toxunub. Onun sözlərinə görə, prezident öz səlahiyyətlərinin bəzilərini vitse-prezidentlərə verə bilər: “Vitse-prezidentləri də özü təyin edir, kimsəylə məsləhətləşmədən, kimsənin razılığını almadan.

Örnəyi, prezident fərman vermək səlahiyyətini vitse-prezidentə verə bilərmi? Tekstual səviyyədə aydın deyil. Yalnız mətnin özünə qalırsa, verə bilər. Amma, hər zaman olduğu kimi, tekstdən böyük kontekst var.

Fərman - normativ-hüquqi aktdır, hamı üçün məcburi davranış qaydalarını yarada bilir. Prezidentdə belə bir səlahiyyətin olması anlaşılır, çünki onu xalq seçir - Prezident səlahiyyətlərini xalqdan alır”.
 
E.Qədirlinin fikrincə, vitse-prezidentlərin səlahiyyətləri xalqdan deyil, prezidentdən gələsidir: “Vitse-prezidentlərin xalq qarşısında heç bir məsuliyyəti olmayacaq. Bu isə o deməkdir ki, vitse-prezidentlərə fərman vermək səlahiyyəti ötürülə bilməz. Referenduma çıxarılmış dəyişikliklərin tekstual səviyyədə aydın olmaması xeyli problem yaradacaq. Konstitusiya Məhkəməsi işin bu tərəfinə heç diqqət yetirmədi”.