Ölkə 90-lara qayıdır: 5 nazir xalqı aclığa sürükləyir - ÖZƏL

 
Azərbaycan əhalisi sürətlə yoxsullaşır. İki devalvasiya yaşayan xalqın iqtisadi vəziyyəti getdikcə ağırlaşır; Artıq yaranmaqda olan orta təbəqə silinir və yenidən 90-cı illərə qayıdış baş verir...
 
Sahibkarlar müflis olub, fermerlər zərərlə işləyir, ticarətçilər və kəndlilərin sosial həyatı çətinləşir, banklara borcu olan milyonlarla insan ödəniş edə bilmir və qarşılığında qiymətlər bahalaşmaqda davam edir.
 
Politika.Az-ın Analitik Şöbəsinin verdiyi məlumata görə, ikinci devalvasiyadan sonra prezidentin nazirlər qarşısında qoyduğu tələb və tapşırıqlar lazımi səviyyədə yerinə yetirilməyib.
 
Böhranlı dövrdə islahatların sürətləndirilməsi, işsizliyin aradan qaldırılması, iş adamlarına, fermerlərə olan maneələrin ləğvi nəzərdə tutulub.
Bu tədbirlər planı ölkəni maliyyə böhranından çıxarmalı və narazı təbəqənin istəklərini yerinə yetirməli idi.
 
Ancaq qarşıya qoyulan tapşırıqlar icra edilməyib. Ölkə başçısının göstərişlərinə qarşı gedərək 5 nazir Azərbaycanı düşdüyü vəziyyətdən də ağır duruma salıb.
 
Politika.Az-ın Analitik Şöbəsinin verdiyi məlumata görə, bu nazirlər ölkənin sosial-iqtisadi vəziyyəti, böhrandan qurtuluşu üzrə məsul məmurlardır.
 
Onlar - iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri Heydər Əsədov, vergilər naziri Fazil Məmmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və maliyyə naziri Samir Şərifovdur.
 
Azərbaycanın sosial-iqtisadi həyatına cavabdeh nazirlər devalvasiyadan sonrakı müddətdə hər hansı layihə ilə diqqət çəkməyib: nə müavinətlərin verilməsində rüşvət faktoru ləğv olunub, nə subsidiyaların paylanmasında, kəndlinin texnika ilə təminatında problemlər həllini tapıb, nə sahibkarların qanını içən qeyri-rəsmi vergi tələbləri aradan qaldırılıb, nə də dövlət büdcəsini talayan məmurlar barəsində maliyyə yoxlamaları ciddi tendensiya alıb.
 
Beləliklə, ölkəni sürətlə uçuruma aparan və xalqı ac-susuz vəziyyətə çatdıran, vətəndaşlara bürokratik əngəllər yaradan, məcburi köçkünləri, şəhid ailələrini, Qarabağ veteranlarını ehtiyac içində saxlayan nazirlər prezidentə statistik yalanlar təqdim etməkdədir.
 
Sosial islahatların sürətləndirilməsinin vacibliyini deputatlar da, bəzi hökumət rəsmiləri də dilə gətirirlər. Amma reallıq budur ki, ölkəni səfalətə sürükləyən beş nazir heç bir reforma getmir.
 
Xalqın narazılığını ayrı-ayrı zamanlarda görmüş hakimiyyət dərk edir ki, toplum müxalifət partiyaları deyil.
 
İşsiz, çörəksiz xalq lidersiz, müxalifətsiz etiraza qalxa bilər. İlin əvvəlində unun bahalaşmasına görə əyalətlərdə baş qaldıran xalq etirazları sübut etdi ki, narazılığı səngitməyin yolu islahatlardır.
 
Nazirlər isə onları saymır, rəhbərlik etdikləri nazirliklərin şöbələrində qanunsuzluq baş alıb gedir, şikayətlərə baxılmır. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, onların vəzifəsi xalqa xidmətdir. Ancaq deyəsən, hələ də MTN olaylarından nəticə çıxarmayanlar var...