​Oliqarx-rektorların bazara çevirdiyi universitetlər bağlanır - Özəl siyahı

 
Azərbaycanda bir sıra özəl ali məktəblərin bağlanması prosesi gedir; Bu universitetlərin əksəriyyəti ayrı-ayrı məmurların kurasiyasındadır və gəlir mənbəyi kimi fəaliyyət göstərir...
 
Politika.Az-ın məlumatına görə, təhsildən başqa hər şey olan həmin özəl universitetlərin ləğvi gündəmə gəlib.
 
Təhsil Nazirliyi onların lisenziyasının ləğvi üçün siyasi iradəyə malik olmasa da, yuxarı dairələrdə artıq müzakirələr getməkdədir.
 
Gələn xəbərlərə görə, həmin təhsil ocaqları bazara çevrilib və şəxsi ciblərə milyonlar axır. Bu universitetlərin diplomu da heç yerdə tanınmır və nüfuzu olmayan təhsil müəssisələridir.
 
Əldə etdiyimiz xəbərlərə görə, “Təfəkkür” universiteti ilə bərabər deputat Eldar Quliyevin rektoru olduğu Bakı Kooperasiya, sabiq deputat Nazim Hüseynovun rektor olduğu Bakı Avrasiya, sabiq deputat Əhməd Vəliyevin rəhbəri olduğu Odlar Yurdu kimi universitetlərin bağlanması gündəmə gəlib.
 
Maraqlıdır ki, hər biri zamanında deputat olublar. E.Quliyev yenə də millət vəkilidir. Amma onların universitetlərində təhsilin keyfiyyətindən söhbət gedə bilməz. Bu ali məktəblərdə imtahanlar pulludur və oxumaq vacib deyil.
 
Politika.Az-ın məlumatına görə, Bakı Biznes Universiteti, Azərbaycan Universiteti də lisensziyasına xitam verilə biləcək təhsil ocaqlarının siyahısında qərarlaşıb.
 
Ümumilikdə, bu ali məktəblər supermarket kimi fəaliyyət göstərib və tələbələrdən qoparılan təhsil haqları, semestr imtahanlarının pulları şəxsi ciblərə axıb.
 
Yerdə qalan məbləğ isə Təhsil Nazirliyindəki himayədarlara və işçilərin maaşına xərclənib. Bu milyonlar hesabına oliqarxa çevrilən rektorlar pedaqoq kimi yox, milyarder biznesmen kimi yaşayırlar. Çünki bu universitetlər təhsilə fayda verməyib.
 
Onu da qeyd edək ki, son vaxtlar Təhsil Nazirliyinin tabeçiliyində olan strukturların birləşdirilməsi prosesi gedir. Məsələn, Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin və T.İsmayılov adına Bakı şəhəri Uşaq-gənclər Yaradıcılıq Sarayının bazasında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılıb, bir neçə kollec birləşdirilib.

Загрузка...
Загрузка...