​Olimpiaçımızdan hakimlərə: "Başınızı telefondan..."

 
Bu günə qədər heç bir hakimə bircə dəfə də hörmətsizlik eləməmişəm. Amma niyə belə edirsiniz.
 
Musavat.com xəbər verir ki, bunu Rio-2016 Yay Olimpiya Oyunlarını medalsız tərk edən taekvondoçumuz Fəridə Əzizova yazıb.
 
Fəridə Əzizova bürünc medal uğrunda döyüşün hakim heyəti haqqında sərt ifadələr işlədib: "Boş yerə cərimə də veriləndə baş əyib döyüşmüşəm. Amma etiraz kartı çıxaranda ona baxmamaq nədir? Əgər dünən etiraza baxılsaydı, rəqibə cərimə verib, xalını silərdiniz. İkinci olimpiadadır, eyni şey baş verir. Londonda mənim başa vurduğum təmiz zərbə sayıldısa, Rioda rəqibin tutaraq başa vurduğu zərbəyə xal verildi".
 
Taekvondoçumuz iddia edib ki, hakimlər döyüşlər zamanı sosial şəbəkədə olurlar: "İndi baxıram: baş hakimlər və təkrar videoya baxanlar oturublar Feysbukda canlı yayımda. Başınızı telefondan çıxarın da. Döyüş gedir. Bəlkə udan, uduzan var. Bəlkə biri ölüb orda...".
 
Xatırladaq ki, 67 kq. çəkidə Azərbaycanı təmsil edən Fəridə Əzizovanın ilk döyüşü 1/8 finala təsadüf edib. Dünya və Avropa çempionatlarının bürünc, Avropa Oyunlarının gümüş mükafatçısı ABŞ təmsilçisi Peyc Makferson gücünü yoxlayıb. Həmyerlimizin dünya çempionatının və London Olimpiadasının 3-cüsü ilə qarşılaşması gərgin alınıb. Belə ki, ilk xalı Fəridə alsa da, ardınca geri düşüb - 1:4. Lakin məşqçilərin lazımı tapşırığı ilə Əzizova nəinki bu fərqi aradan qaldırıb, hətta 6:5 hesabı ilə qələbə qazanıb.
 
Taekvondoçumuz 1/4 finalda Niqora Tursunqulova (Özbəkistan) ilə qarşılaşıb. Döyüşə rəqib fəal başlayıb. Hətta ilk xalı da özbək idmançı qazanıb. Ancaq özündə güc tapan Fəridə Əzizova möhtəşəm geridönüş edərək 5:1 hesablı qələbə ilə yarımfinala yüksəlib.
 
Yarımfinalda Hyeri Ohla mübarizə aparan idmançımız təəssüf ki, final arzusunu reallaşdıra bilməyib. Gərgin döyüş rəqibin xeyrinə yekunlaşıb - 5:6.
 
Təmsilçimiz bürünc medal uğrunda çıxışını davam etdirib. Onun rəqibi Fil Dişi Sahilindən Kristel Qbaqbi olub. Ancaq xanım idmançımız bu mübarizədə də məğlub olaraq Olimpiada ilə medalsız vidalaşıb.