​OKTAY ŞİRƏLİYEV HAMİLƏ QADINI ÖLDÜRƏN HƏKİMƏ TÖHMƏT VERMƏKLƏ KİFAYƏTLƏNDİ-DƏHŞƏT

 
HƏKİM SƏHVİ HAMİLƏ QADINI ÖLDÜRDÜ
Səhiyyə Nazirliyi isə ginekoloq Sevda Məmmədovaya sadəcə töhmət verib
Binəqədi rayon sakini Elşad Alıyev redaksiyamıza şikayət məktubu göndərib. O, həyat yoldaşı Elnarə Əliyevanın həkimlərin məsuliyyətsizliyi üzündən dünyasını dəyişməsindən yazıb. Şikayət məktubunda deyilir: “Həyat yoldaşım Elnarə Əliyeva Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müayinə olunub.
Hamiləlik dövrünün əvvəlindən doğuş şöbəsində ginekoloq Sevda Məmmədovanın nəzarətində olub. Ötən il dekabrın 29-da təkrar müayinə üçün Sevda həkimin yanında olduq. Həkim yoldaşıma uşağın tezliklə dünyaya gətirilməsini təklif edib. Bizə adını xatırlamadığım iynə resepti verdi. İynə həmin günü vurulmalı və yoldaşım növbəti gün uşaq dünyaya gətirməli idi. Razı olmadıq”.
Şikayətçi yazır ki, ertəsi gün xanımının ağrıları başlayıb və təcili xəstəxanaya çatdırıb: “Doğuş üçün tam əlamətlər yox idi. Ancaq doğuşa götürdülər və uşaq dünyaya gəldi. Həkim bizdən 300 manat aldı. Yoldaşım telefonla bizə dedi ki, həkim cifti əli ilə zorla dartıb çıxarıb. Bunu bilən məsuliyyətsiz həkim xəstəni 4 gün nəzarətsiz buraxıb. Bu zaman yoldaşımda daxili qanaxma olub və Sevda həkimin bundan xəbəri olmayıb. 2011-ci il, dekabrın 31-də Sevda həkim xəstəxanada idi. Anam həkimdən yoldaşımı müayinə etməyi tələb etdi. O isə güclü ağrıkəsici iynə vurmaqla vəziyyəti ağırlaşdırdı”.
Məktubda daha sonra deyilir: “Yoldaşım ağrısının gündən-günə kəskinləşdiyini deyirdi. Yanvarın 1-də yoldaşım telefonda ağlayaraq anamı xəstəxanaya çağırdı. Anam xəstəxanaya getdi. Növbətçi həkimdən yoldaşıma baxmasını xahiş etdi. O isə ”mənim xəstəm deyil, həkim Sevda Məmmədovaya zəng etmişəm, özü gəlib baxacaq" dedi. Artıq yanvarın 2-də yoldaşım “ölürəm, nə olar, məni buradan çıxardın, mənə baxan yoxdur” deyirdi. Bundan əvvəl isə yoldaşımın təkidi ilə onu UZİ etmişdilər. Yalnız UZİ-nin təhlükəli cavabını (laxtalanmış qanın infeksiyaya yoluxması) eşidəndən sonra həkim Sevda Məmmədova xəstəxanaya gələrək təkrar UZİ-yə ehtiyac olduğunu söylədi".
Sonra S.Məmmədova buraxdığı səhvin həyati təhlükəliliyini anlayaraq cərraha müraciət edib: “Yoldaşımdan uşaqlığın götürüləcəyi təqdirdə onun vəziyyətinin yaxşı olacağını dedi. Razılaşdım. Xəstəxananın bir neçə həkimi tərəfindən yoldaşım əməliyyat olundu və reanimasiya şöbəsinə keçirildi. 3 saatdan artıq çəkən əməliyyatdan sonra bizə hər şeyin yaxşı olduğunu, xəstənin səhər saat 11-ə qədər yatacağını dedilər. Gecə bizə dəfələrlə qan və plazma aldırdılar. Təxminən səhər saat 8-də yoldaşım təkrar əməliyyata götürüldü. İkinci əməliyyata çağırılan Sahib adlı həkimdən əməliyyatdan sonra vəziyyəti soruşduqda belə dedi: ”Çox gecdir, yaşama şansı 5 faizdir. Məni ikinci əməliyyata çağırıblar, heç nə edə bilmərəm". Yoldaşım həkim Sevda Məmmədovanın laqeyd yanaşması nəticəsində vəfat etdi. Xahiş edirəm bu iş araşdırılsın və cinayəti törədənlər cəzalandırılsın".
Səhiyyə Nazirliyindən şikayətçiyə bildirilib ki, Tibbi Şuranın iclasında S.Məmmədovaya töhmət verilib və vəzifədən uzaqlaşdırılaraq 6 ay poliklinika şöbəsinə keçirilib.
P.S. Yazıdakı ittihamlarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Emil SALAMOĞLU