"Odda yanmayan" icra başçısını su batıra biləcəkmi?

 
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov yenidən medianın gündəminə gəlib.
 
Missiya.Az musavat.com-a istinadən xəbər verir ki, oktyabrın 17-də Bakıya yağan yağış “odda yanmaz” icra başçısının yenə başı üzərində “qara buludlar” yaradıb. Məsələ ondadır ki, yağan yağışdan sonra Bakıda həyat öz axarına düşsə də, Binəqədidə əhalinin narazılığı səngimir.
 
Demək olar ki, hər gün X.İsgəndərovun rəhbərlik etdiyi rayon ərazisində əhalinin narazılığı barədə xəbərlər gəlir. Əhali su basmış həyətlərin təmizlənməməsindən, yağışdan sonra daha da bərbad hala düşən küçələrdən, qazın olmamasından şikayət edir, hətta diqqət cəlb etmək üçün yolları kəsirlər.
 
Binəqədidə yaranmış vəziyyətin düzəlməməsi, sosial mediada rayonda “qayıqla gəzinti” kimi videoların yayılmasının artıq iqtidarda da narahatlıq doğurduğu xəbərləri var. Xüsusilə rayon ərazisində sosial tələblərlə keçirilən lokal aksiyaların tədricən daha mütəşəkkil olması və tənqid hədəfi kimi icra başçısı ilə yanaşı, hökumətin də seçilməsi Prezident Administrasiyasında (PA) ciddi narahatlıq yaradıb.
 
 
 
 
“Yeni Müsavat”a daxil olmuş məlumatda deyilir ki, X.İsgəndərov ötən həftə iki dəfə PA-ya çağırılıb. İddiaya görə, PA-da icra başçısı özünü “yağış hər yerə yağıb, mənim günahım nə?” kimi sözlərlə “çətirləmək” istəsə də, sərt qınanıb. O, yağışın fəsadlarının aradan qaldırılması işində az qala tək çalışdığını söyləyib, eyiblərini “daxili düşmənlərinin” üzərinə qoymaq istəyib.
 
Binəqədi ilə bağlı məsələnin həssaslığı həm də ondadır ki, bu rayon əhalinin sayına görə paytaxtın ikinci ən böyük rayonudur (Xətai rayonundan sonra). Binəqədi rayonunun əhalisi təxminən 260-270 min nəfər təşkil edir. Hökuməti narahat edə biləcək daha bir nüans isə Binəqədi ərazisində daha çox qaçqın və məcburi köçkünün məskunlaşmasıdır.
Qaynağımızın məlumatına görə, X.İsgəndərov son günlər icra hakimiyyətində bir neçə dəfə toplantı etsə də, real vəziyyət hələ ki dəyişməyib. Belə ki, Binəqədinin həyət və küçələrində hələ də böyük gölməçələr qalmaqdadır, insanların həyatı normal axara düşməyib...
 
 
İnsanların həyatı normal axara düşməsə də, yaranmış vəziyyət X.İsgəndərovun son limitini də “batırıb.” Gələn xəbərlərə görə, PA-da icra başçısına konkret möhlət verilib, ona yanan bina işində olduğu kimi daha güzəşt edilməyəcəyi deyilib. Yeri gəlmişkən, ötən il  mayın 19-da 16 mərtəbəli yaşayış binasında 15 nəfərin ölümü ilə nəticələnmiş yanğına görə davam edən son məhkəmə prosesində Xaləddin İsgəndərovun adı yenidən hallanıb. Binanın üzlənməsi işini həyata keçirmiş “Global Stone” şirkətlərinin təsisçisi Miryusif Mahmudov bildirib ki, binanın üzlənməsi təklifi Xaləddin İsgəndərovdan gəlib. Qeyd edək ki, həbsdə olanlardan biri X.İsgəndərovun birinci müavini işləmiş Qəzənfər Novruzovdur ki, o da ilk gündən suçsuz olduğunu deyir.
 
 
 
Binəqədi rayonuna 2012-ci ilin aprelindən rəhbərlik edən X.İsgəndərov özünü hakimiyyətin gözündə qaldırmaq üçün bir neçə piar-layihələrə girişmişdi ki, indi bu əməlləri ona hesab sormaq üçün əsas verib. Onun “Təmiz Binəqədi” layihəsi iqtidarda yaxşı təşəbbüs kimi qarşılansa da, sonradan ayrılan vəsaitlə bağlı ciddi şübhələr yarandı. “Təmiz Binəqədi” layihəsinə ayrılan vəsaitin necə “təmiz” xərclənməsini son yağışlar bir daha sübut etdi.
 
Həmin vəsaitin hara xərclənməsini göz görsün deyə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin önündə təpəciklər salan icra başçısının bu əməyi də tezliklə puç oldu. Yoldakı sürüşmə səbəbindən təpəciklər dağıdıldı ki, bu da “Təmiz Binəqədi” layihəsinin bir korrupsiya layihəsi, heç bir texniki yoxlama aparmadan təpəciklər salmağın da yalnız gözdən pərdə asmaq olduğunu hamı bildi.
 
 
Belə xəbərlər də var ki, hökumət artıq qənaət rejiminə keçdiyi üçün icra başçılarının təbiət hadisələrindən - yağışı, qar və küləkdən pul qazanmaları artıq mümkünsüzdür. Bir az güclü külək əsən kimi büdcəyə göz dikən icra başçılarına indi bu imkan tanınmır. Əksinə, onlara bu kimi xırda xərcləri özlərinin qarşılamaları tövsiyə olunur. Ehtimal etmək olar ki, hökumətdən maddi kömək istəyən X.İsgəndərova da “get, indiyədək yığdıqlarından xərclə” deyilsin.
 
X.İsgəndərovu tanıyanlar isə deyirlər ki, hələ vergidə işləyəndən X.İsgəndərovun ən ciddi qüsuru həm də xəsisliyi olub. Belə görünür ki, “oddan” qurtulan X.İsgəndərovu təkcə yağan yağış yox, həm də xəsisliyi bitirə bilər...
 
Binəqədinin icra başçısının hakimiyyətdəki dayağı vergilər naziri Fazil Məmmədovdur. 2015-ci ilin may ayında bina yanan zaman Xaləddin İsgəndərovun həbsinə hazırlıq getdiyi haqda yarımrəsmi məlumatlar dolaşırdı. Deyilənə görə, onu həbsdən son anda yaxın qohumu Fazil Məmmədov qurtarıb. Artıq belə çıxır ki, onların özünümüdafiə ilə bağlı limitləri tükənib. Necə deyərlər, Binəqədini basan su təkcə X.İsgəndərovun boğazına çatmayıb...