Öcalanın posteri AŞPA binası önündə - Özəl

Avropa Şurası Parlament Assambleyasının ofisi qarşısında terrorçu PKK təşkilatının lideri Abdullah Öcalanın böyük posteri qoyulub.
Hazırda Strasburqda olan, AŞPA-nın yaz sessiyasının işiini izləyən əməkdaşımız Azər Ayxanın verdiyi xəbərə görə, Fransa polisi Öcalanın posterini qoruyur, Strasburqda çox sayda olan türk vətəndaşların ona müdaxilə etməsinin qarşısını alır.
Posterin AŞPA binası qarşısına yerləşdirilməsi siyasi səciyyə daşıyır. Bu təşəbbüsü gerçəıkləşdirən PKK simpatizanlarının məqsədi avropalı parlamentarların diqqətini 16 ildən bəri Türkiyədə həbsdə saxlanılan liderlərinin personasına diqqət çəkməkdir.
Qeyd edək ki, Öcalan 30 mindən artıq günahsız insanın ölümünə bais olduğu və Türkiyəyə qarşı bölücülük etdiyinə görə ömürlük həbsə məhkum edilib və hazırda İmralı adasında saxlanılır.
PKK isə bütün Avropada ideoloji iş apararaq, onun azadlığa nail olmasına çalışır və bu kimi aksiyalarla Avropa üst qurumlarının gücündən yararlanmaq istəyir.
Avropa təşkilatları öz növbələrində ildən-ilə terrorçu Öcalana daha loyal münasibət bəsləyir və Türkiyədən onu azad etməyi tələb edir.