"Ocağı söndürüb külü ilə oynama" - xalq məsəli

 
İqtisadi mövzuda yazdığım məqalə-təhlilləri dəfələrlə yazmağıma baxmayaraq yenə də bu mövzuya qayıtmağa məcburam. Cünki hər bir dövlətin özülü iqtisadiyyat üzərində qurulur. Bəlkə də 70-80 il öncə dövlətlər əsasən ideologiya üzərində qurulurdusa indi tam olaraq istehsalat və gələn gəlir, dövlətin inkişafını təmini üçün stimul sayılır. Əsrin kontraktı adlanan neft müqaviləsi 1994-cü ildə bağlananda xalqımız elə düşünürdü ki, neftdən gələn gəlirlə xoşbəxt və firavan həyat sürəcək. Yaxşı bir deyim var: "Sən saydığını say gör fələk nə sayır?" Gözlədiklərimiz gözümüzdə qaldı desək yanılmarıq. İndi neftdən gələn gəlirləri korrupsiya ilə mənimsəyən bu hakimiyyət borc axtarışına düşüb.
 
Bəli,  Azərbaycan hakimiyyətinin Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankından (DB) 4 milyard dollar kredit istəməsi haqda xəbərlər ölkədə ciddi müzakirə mövzusuna çevrildi. İstər mətbuatda, istər də sosial şəbəkələrdə əksər yazarlar və ekspertlər hakimiyyətin bu addımını kəskin şəkildə tənqid etdilər...

Qeyd edək ki, bu faktı ilk olaraq nüfuzlu "Financial Time" qəzeti ortaya çıxardı. Qəzet yazdı ki, söhbət 4 milyard dollarlıq yardım paketindən gedir və nümayəndə heyəti yanvarın 28-dən fevralın 4-ə qədər ölkəmizdə səfərdə olacaq.

Təbii ki, bu informasiya öz təsdiqini tapdı və BVF və DB-nin nümayəndə heyəti yanvarın 28-də mümkün yardım paketinin müzakirə edilməsi məqsədilə Bakıya gəldilər. Elə bu ərəfədə rəsmi KİV-lər hakimiyyətdəki mənbələrə istinadən, Azərbaycanın Beynəlxalq Valyuta Fondu və Dünya Bankından 4 milyard dollar kredit xahiş etməsi faktını da təsdiqlədilər. Ancaq...

Maraqlıdır ki, sonradan bu xəbər ölkənin birinci şəxsi səviyyəsində təkzib olundu. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın Beynəlxalq Valyuta Fondu və Dünya Bankından 4 milyard dollar kredit istəməsindən söhbət gedə bilməz, nümayəndə heyətinin səfəri tamamilə fərqli xarakter daşıyır...

Əlbətdə, ölkə başçısının bu açıqlaması bir çox ekspertlər tərəfindən birmənalı qarşılanmadı. Bəzi ekspertlər bəyan etdilər ki, İ.Əliyev bu çıxışı ilə hakimiyyətin yarıtmaz siyasəti nəticəsində Azərbaycan dövlətinin uzun illər BFV və DB-yə borc qaytarmaq məcburiyyətində qalması faktını pərdələmək istəyir. Yəni ölkə başçısı cəmiyyətdə narazılığın baş qaldırdığı indiki ərəfədə hökumətin bu addımının “közərən odun üzərinə neft tökmək olduğunu” bilərək, belə açıqlama vermək zorunda qalıb. Əslində, Azərbaycan hakimiyyəti BVF və DB-dən 4 milyard dollarlıq yardım paketini almaqda israrlıdır.

Zənnimizcə, nüfuzlu “Quartz online” dərgisinin yazdıqları da dediklərimizin sübutu hesab oluna bilər. Bu dərgidə məqalə ilə çıxış edən Steve LeVine yazır ki, Dünya Bankı dünyanın ən korrupsioner iki ölkəsinə yardım göstərir: “Hazırda beynəlxalq banklar Azərbaycan və Nigeriyaya yardım əlini uzadıb. Azərbaycan Beynəlxalq Valyuta Fondu ilə 4 milyard, Dünya Bankı və Afrikanın İnkişaf Bankı isə Nigeriyaya 3.5 milyard dollarlıq kredit verilməsinə dair müzakirələr aparır”.

Müəllif daha sonra xatırladır ki, “Transparency International”ın yanvar ayında açıqladığı korrupsiya indeksinə görə, Azərbaycan korrupsiyalaşmış 168 ölkə arasında 119-cu, Nigeriya isə 136-cı yeri tutur.

Sözsüz ki, müəllifin istər Beynəlxalq Valyuta Fondunu, istər də Dünya Bankını Azərbaycan kimi korrpusiyalaşmış bir rejimə dəstək verdiyi üçün ittiham hədəfi seçməsi tamamilə başadüşüləndir. Ən azı ona görə ki, korrupsiyanın tüğyan etdiyi ölkələrə olunan yardımların heç zaman təyinatı üzrə xərclənmədiyi hər kəsə bəllidir. Əksinə, bu yardımlar Azərbaycan kimi ölkələrdə hakimiyyəti illərdir zor gücünə əldə saxlayan bir qrup korrupsioner məmur ordusunun öz çirkli kapitallarını daha asan yollarla artırmasına zəmin yaradır.

Bir halda ki, son 10 ildə neftin satışından əldə olunan 180 milyard dollara qədər vəsait talan olunub və ölkə defolt vəziyyətinə gətirilib, o zaman bu rejim BFV və DB-dən alınan 4 milyard dollarla Azərbaycanı bu vəziyyətdən necə çıxara bilər?! Neft pulları ölkəmizə sel kimi axanda ölkəni nəinki inkişaf etdirə bilməyən, əksinə talançılıq nəticəsində uçuruma sürükləyən bir hakimiyyət, indi hansı məntiqlə qısa müddətdə Azərbaycanın qeyri-neft sektorunu, kənd təsərrüfatını inkişaf etdirməkdən danışır?! Axı, təkcə kənd təsərrüfatını inkişaf etdirmək adı ilə son 10 ildə büdcədən 50 milyard dollar vəsait ayrılıb, bəs bu pullar hara xərclənib? Bu gün təkcə ölkənin taxıla olan təlabatının 90 faizi idxal hesabına qarşılanırsa, bizim üçün inkişafdan danışmaq utancverici deyilmi?!

Belə bir hakimiyyətin əlinə bundan sonra da milyardlar gəlsə belə fərq etməz! Çünki təkcə Avropa Oyunlarına 10 milyard dollar xərcləyib, indi gedib BVF və DB-dən 4 milyard dollar kredit istəyən  korrupsioner rejim nə edə bilər ki? Burda deyiblər: "Ocağı söndürüb külü ilə oynama"

Sadəlövh insanlar deyə bilər ki, hakimiyyətin artıq başı “daş”a dəyib, bundan sonra məmurlarımız talançılıq etməz, tövbə edib dinə-imana gəlmiş olarlar və s. Ancaq bizim məmurların rüşvət və korrupsiyadan imtina edərək tövbə yolunu tutması haqda deyilənlər məşhur “Tüklü həccə gedir” təmsilini xatırladır. Odur ki, bu rejim mövcud olduqca xalqımızın ağ günlərə çıxacağına inanmaq ən yaxşı halda səbatsızlıq olar...

Mövsümov CABİR

Загрузка...
Загрузка...