Obamaya ünvanlanan petisiyanı 83 min insan imzaladı

“Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Barak Obama administrasiyasına ünvanladığı “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması Naminə” petisiyasını 83 mindən çox insan imzalayıb”.
 Bu fikirləri Teleqraf.com-a açıqlamasında AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov bildirib.
Onun sözlərinə görə, Azərbaycan cəmiyyətinin bu petisiya ilə bağlı məlumatlanması üçün treninqlər keçirilib: “İnanırıq ki, işğala qarşı olan insanlar və Azərbaycanın haqq səsinə dəstək verənlər bu petisiyaya qoşulacaqlar. Var gücümüzlə məlumatlandırma həyata keçiririk ki, petisiyaya diqqət çox olsun. Eyni zamanda Türkiyədə də kampaniya aparırıq, azərbaycanlı tələbələrlə görüş keçirilib, onlara maarifləndirici materiallar verilib.
 Sosial şəbəkələrdə də aktiv təbliğat aparılır. İnsanlar aktiv olarsa, yaxın 2 gün ərzində 100 min imza toplanacaq. Ancaq məqsədimiz yüz min səs deyil, çünki elə bir böyük problemi ortaya qoymuşuq ki, buna hər bir azərbaycanlı və türk qoşulmalıdır. Müraciətin ciddiliyini göstərmək üçün minimal hədd deyil, maksimal göstəricilərin olması yaxşıdır. Ümid edirik ki, 1 milyondan çox insan petisiyanı imzalayacaq”.
 E.Salmanov onu da əlavə edib ki, ABŞ-ın özündən də petisiyanı imzalayanlar var: “Onların sayı az olsa da, əminik ki, Birləşmiş Ştatlar, Avropada yaşayan bütün dünya azərbaycanlıları bu petisiyaya qoşulacaq. Müxtəlif üsullarla dünyada yaşayan soydaşlarımıza informasiya çatdırmışıq, onlar sosial şəbəkələrlə geniş təbliğat qurublar”.
 Qeyd edək ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) aprelin 6-dan “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiya layihəsinin icrasına start verib. Layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA-nın prezidenti Elxan Süleymanovun imzası ilə Obama administrasiyasına petisiya ilə müraciət açılıb.
 Müraciətdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır.
Eyni zamanda Ağ ev administrasiyasına AŞPA-nın 2085 (2016) saylı qətnaməsini dəstəkləməsi, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım edilməsi üçün çağırış edilir.
Qaydalara əsasən petisiyaya cavab verilməsi üçün 1 ay ərzində müraciəti ən azı 100 min nəfərin (elektron) imzalaması lazımdır.
Qeyd edək ki, Ağ Evin saytında açılmış petisiyaya qoşulmaq üçün
https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-... linkinə daxil olmaq lazımdır.
- See more at: http://teleqraf.com/news/93949#sthash.MynldJpu.dpuf