Obamanın ən böyük xətası: Ağ Ev sahibinin səhvi Liviyaya baha başa gəldi

Səlahiyyət müddəti başa çatmaqda olan ABŞ prezidenti Barak Obama deyib ki, prezident olduğu müddətdə ən böyük səhvi Liviya ilə bağlı olub. Obama etiraf edib ki, onun administrasiyası Liviyada Qəzzafidən sonrakı mərhələyə hazırlıqlı olmayıb.
Eyni zamanda ABŞ prezidenti Liviyaya hərbi müdaxilə qərarını müdafiə etsə də, bildirib ki, Vaşinqtonun Qəzzafidən sonrakı Liviya üçün dəqiq planının olmaması sonradan ölkənin bu vəziyyətə gəlməsinə səbəb oldu.
Xatırladaq ki, 2011-ci ilin fevralında Liviyada etirazlar baş qaldırdıqdan az sonra, təxminən bu günlərdə NATO Qəzzafini devirmək üçün Liviyanı bombalamaq qərarı verdi. Bombardman 6 ay davam etdi və oktyabrda Qəzzafinin qətlə yetirilməsi ilə nəticələndi.
Yeri gəlmişkən, NATO Liviyanı hava qüvvələri və dənizdən raketlərlə bombalasa da, sonradan üzə çıxan məlumatlarda Liviyada NATO, o cümlədən, Fransa xüsusi təyinatlılarının əməliyyat keçirdiyi bildirilirdi.
Amma Qəzzafinin qətli Liviyaya sülh gətirmədi, əksinə ölkədə xaos və terrora səbəb oldu. 2012-ci ildə ölkədə seçkilər keçirilib, yeni hökumət qurulsa da, ölkədə sabitlik əldə etmək mümkün olmadı. Savaşlar artdı və iki il əvvəl Liviya dünyəvilik tərəfdarları ilə islamçılar arasında bölündü. Hazırda Benqazi şəhərində möhkəmlənən islamçılarla Tripoli şəhərində möhkəmlənən dünyəvilər arasında savaş gedir.
İki il əvvəl isə Liviyada İŞİD peyda odu. Ölkənin şərqində “əyalət” elan edən İŞİD sürətlə güclənir. Hazırda faktiki olaraq Liviya parçalanmış, xaosun hökm sürdüyü ölkəyə çevrilib. Vəziyyət yaxın dövrdə ölkənin nəinki sabitlik əldə edəcəyini göstərmir, hətta ölkənin bir neçə hissəyə parçalanması da gündəmə gəlib.
2012-ci ilin sentyabrında Liviyada radikal islamçılar ABŞ-ın Liviyadakı səfiri Kris Stevansı Benqazidəki ABŞ konsulluğuna hücum edərək, qətlə yetirdilər. Obamanın “ən böyük səhvi” əslində, Ağ Ev sahiblərinin yeganə səhvi deyildi. Obamanın sələfi Buş Əfqanıstana, sonra İraqa hücum edəndə eyni səhvi etmişdi. Sadəcə, Obama daha cəsarətli olaraq bunu etiraf edir.
Məsələ ondadır ki, amerikalıların ordu ilə 30-40 illik diktatorluqların mövcud olduğu, vətəndaş cəmiyyətinin, demokratik institutların, sağlam cəmiyyət ənənələrinin yox edildiyi avtoritar rejimlərə hücumları obrazlı ifadə etsək, “arı yuvasına çöp uzatmaq”, “pandoranın qutusunu açmaq” oldu. 30 illik Səddam, 41 illik Qəzzafi rejimlərinin hökm sürdüyü ölkələrdə bir neçə il içərisində demokratiya qurmaq mümkün deyildi, olmadı da...
Bir misalda deyildiyi kimi, fillər sevişəndə çəmənlər əzilir. Böyük dövlət liderlərinin “xətaları” kiçik ölkələrdə minlərin, milyonların həyatı bahasına başa gəldi. Buşun İraqda Səddamı devirərkən sonrakı mərhələ üçün planının olmaması səbəbindən İraqda 13 ildir ki, müharibə gedir, 2 milyondan çox insan ölüb, ölkə terror və xaosun içində boğulur.
Obamanın Liviyada Qəzzafini devirmək qərarı nəticəsində 5 ildir ki, Liviyada xaos və terror dayanmır. Nə qədər insanın öldüyü, zülm, təcavüz, işgəncə gördüyü isə məlum deyil. Təkcə Avropaya qaçmaq istəyən minlərlə liviyalı dənizdə boğulub. Belə görünür ki, bu xaos və müharibələr hələ bir müddət davam edəcək.
Əlbəttə, məsələ heç də onda deyil ki, Qəzzafi və ya Səddam qalsaydı, dünya daha gözəl olacaqdı. Amma ən azından vəziyyət bu qədər nəzarətdən çıxmazdı, bu qədər insan ölümləri, terror yayılmazdı. İndi isə artıq “pandoranın qutusu” açılıb, “cin şüşədən çıxıb”.
Ümid edək ki, ən azından bundan sonrası üçün Amerikanın daha dəqiq planları olacaq.