Obamadan Türkiyəyə qarşı böyük hörmətsizlik — SON NİTQ

 
Obama suriyalı qaçqınlara göstərilən köməyə görə Almaniya və Kanadaya xüsusi təşəkkür etdi.
 
Ölkə.Az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında dünən ABŞ prezidenti kimi son dəfə tribunaya çıxan Obama nitqində əsas yeri qaçqınlarla bağlı yaranmış problemlərə ayırdı. Almaniya və Kanadaya suriyalı qaçqınlara göstərdikləri köməkliklərə görə xüsusi təşəkkür edən Obama, dünyada ən çox suriyalı qaçqına ev sahibliyi edən Türkiyənin adını isə bu iki ölkə ilə yanaşı çəkməyib:
 
"Kanada və Almaniya qaçqınlara dəstək məsələsində gözləntilərin üzərində səy göstərdi. Kansler Merkel ilə baş nazir Trudeauya və bu iki ölkənin xalqına şəxsən təşəkkür etmək istəyirəm. Siyasət bəzən çətin ola bilər, amma bu addımlar ən doğrusu idi", - deyə Obama nitqində vurğulayıb.
 
Obama çıxışının davamında Türkiyənin adını ötəri qeyd edib:
 
"Suriyalı qaçqınların böyük bir qismi 10 ölkə tərəfindən qəbul edilib və bu ölkələr böyük yük daşıyır. Türkiyə, Pakistan, Livan, İran, Efiopiya bu ölkələr arasındadır. Bu ölkələr bir milyondan artıq qaçqın uşağın təhsil almasını təmin edib, milyonlarla qaçqına iş verib".
 
Obamanın dəvəti ilə Nyu-Yorkda keçirilən qaçqınlarla bağlı sammitdə iştirak edən dövlətlər bu il 360 min qaçqın qəbul edəcəklərinə söz veriblər.
 
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığı 2016-cı ildə 1 milyon 100 min qaçqına sığınacaq hüququ tanınmasını tələb etmişdi. Nyu-York görüşməsinə qatılan ölkələrdən Çexiya, Rumıniya, Portuqaliya, İspaniya, Fransa, İtaliya və Lüksemburq bu il qəbul edəcəkləri qaçqın sayını 2015-ci illə müqayisədə on dəfə artıracaqlarını vəd ediblər. Bu il 85 min qaçqına sığınacaq verən ABŞ isə 2017-ci ildə 110 min qaçqını qəbul edəcək.