"O zaman ABŞ İraqa hücum edərkən Türkiyə müəyyən səhvlərə yol verdi..." — Politoloq rəyi

 
İraq hökuməti Türkiyəni Mosul əməliyyatında iştirakdan geri çəkindirməyə çalışır
 
Rəsmi Ankara dünən Başika kampında olan hərbi birləşmələri ilə Mosul əməliyyatında iştirak edən peşmərgələri dəstəklədiyini, Mosul ətrafındakı İŞİD hədəflərinin bombalandığını bildirmişdi. İraq hökuməti isə bunu təkzib edir.
 
İraq hökuməti Türkiyəndən bu əməliyyatda iştirakını dayandırmağı tələb edir. Hətta bununla bağlı BMT-yə də şikayət edib. Bundan əvvəl də Suriya hökuməti Suriya ərazisində Türkiyənin İŞİD-ə qarşı mübarizəsini dayandırmağı tələb etmişdi.
 
Mosul əməliyyatı və İraq hökumətinin Türkiyəyə qarşı aqressiyası barədə politoloq Qabil Hüseynli Ölkə.Az-a danışıb:
 
"Türkiyə ABŞ-ın təşkil etdiyi koalisiya qüvvələrinin tərkibinə daxildir. Türkiyə artıq Mosulun bombardman edilməsində özünün qırıcı təyyarələri ilə iştirak edib. Hətta ABŞ-ın müdafiə naziri Eşton Karter İraqa getmədən əvvəl Ankarada olarkən bildirdi ki, Türkiyənin quru qoşunları da peşmərgə, türkmən batalyonları ilə birlikdə Mosul əməliyyatlarında iştirak edəcək. O, yəqin ki, bu sözləri deməzdən əvvəl İraqın baş naziri Heydər əl-Abadi ilə danışıb, müəyyən razılıqlar əldə etmişdi. İraq üzərində, xüsusən də Abadi üzərində belə görünür ki, İranın təsiri ABŞ-ın təsirindən daha güclüdür. Çünki, mətbuatda da yayıldı, Türkiyəli rəsmiləri də bildirdi ki, İraq hökuməti ilə Türkiyə Mosul əməliyyatında iştirak etmək barədə razılığa gəliblər.
 
İraqın baş naziri Heydər əl-Abadi bir-birinin ardınca bəyanatlar verməyə başladı. Əvvəlcə bildirdi ki, Türkiyə çətin məqamlarda bizə dəstək vermədi. İndi isə bildirir ki, bizim öz gücümüz Mosulu azad etməyə yetər.
 
Türkiyə bu prosesdə Abadi dedi, demədi iştirak edir. Koalisiya qüvvələrinin tərkibində Türkiyənin F-15 qırıcıları dəfələrlə Mosul və Mosul ətrafı bölgələrdə İŞİD-in hərbi obyektlərini, canlı qüvvəsini bombalayıb və bu əməliyyatda iştirak etməkdə davam edir.
 
İraqın Türkiyə təyyarələrini vurmağa gücü və imkanı yoxdur. Əgər belə bir addım atarsa, zənnimcə çox böyük səhvə yol vermiş olar və Türkiyə İraqı yerində oturtmaq üçün lazım olan bütün vasitələrdən istifadə edər. Başika bölgəsi həmişə türk qüvvələrinin dislokasiya etdiyi və Bərzaninin qüvvələrinə təlim keçdiyi yerdir. Bərzani peşmərgələrinin döyüşlərə hazırlanmasında türkiyəli təlimatçıların, ordu mənsublarının rolu böyükdür. Türkiyənin Bərzani üzərində də təsir imkanı var.
 
Türkiyə ABŞ İraqa hücum edərkən müəyyən səhvlərə yol verdi. ABŞ-ın İraqa şimaldan, Türkiyə ərazisindən hücumuna 2005-ci ilin 1 mart qanun layihəsi icazə vermədi. Səddam Hüseynin devrilməsi zamanı ABŞ Kərkük və Mosulu Türkiyəyə verməyə razı idi. Bütün bunlara baxmayaraq, AKP-nin kürd deputatları mart qanun layihəsi ilə ABŞ-ın şimaldan İraqa, Türkiyə ərazisindən hərbi hücumuna icazə verən qanun layihəsinə veto qoydular və beləliklə ABŞ-Türkiyə münasibətləri xeyli kəskinləşdi. Türkiyə elə bir zamanda bu vetonu qoydu ki, ABŞ qoşunlarının 90%-ni Türkiyənin cənubunda cəmləşdirmişdi. Kinli bir dövlət olan, beynəlxalq siyasətdə ona pislik edəni heç zaman unutmayan ABŞ, bunu da unutmur. Bütün bunlara baxmayaraq, İŞİD-ə qarşı mübarizədə ən aktiv olan ölkədir. Türkiyə özünün quru, tank, hava qoşunları ilə İŞİD-ə qarşı çox fəal mübarizə aparır. Üstəlik də bu prosesdə Suriya Azadlıq Ordusu da fəal iştirak edir.
 
Səddam Hüseyndən sonra İraqda hakimiyyətə şiələr gəldi. Şiələr isə daim İranın təsiri altındadır. İraq çox böyük ölçüdə İran tərəfindən idarə olunur. Türkiyənin Mosul əməliyyatına qoşulmamasının istənməsinin sifarişi əsasən İrandan gəlir. Türkiyə isə açıq surətdə deyir ki, biz Abadinin sözlərinə əhəmiyyət verən deyilik. Mosul əməliyyatlarında iştirakımızı davam etdirəcəyik. Hətta rəsmi Ankaradan Lozanna müqaviləsinin müddəalarına uyğun olaraq Mosul və Kərkükün Türkiyə torpaqları kimi tanınması üçün mübarizə aparılacağı barədə səslər eşidilir. Bu səslər hətta prezidentin dilindən də səslənib.
 
Abadinin sözlərini heç kim ciddiyə almır. Abadi nə qədər İraq baş naziri olsa da, Böyük Britaniya vətəndaşıdır. Onun kimi İraq hökumətinin bir neçə üzvü Böyük Britaniya vətəndaşıdır.
 
İranda azərbaycanlılar siyasi elitanın içərisində mövqe tutsalar da, fars şovinizminin tutduğu siyasi xətti dəstəkləyirlər və bu gün həmin siyasi dəstək İraqa da, İraqın apardığı hərbi əməliyyatlara da öz təsirini göstərir. Bu siyasətin anti-türk, anti-azərbaycan olması adamda təəssüf hissi doğurur".