​O qız öldü...

 
 
Şəhriyarın yaradıcılığını üç qadın çox dərindən təsirləndirmiş.
 
Şəhriyarın həyatında ən böyük təsir buraxan Sürəyya adında bir qız olmuş. Ona “Pəri” adı veribmiş Şəhriyar. Çox gözəl və kültürlü qız imiş. Bir-birlərini hədsiz dərəcədə sevər və gələcək ailələri haqda planlar qurarmışlar.
 
Lakin Pərini Şahın sarayında çalışan bir dövlət adamı pul gücünə alır. Bunun üzərinə Şəhriyar onunla Tehranın “Behcət abad” məhəlləsində son görüş istəyir. Qızın getməsini əngəlləyirlər. Şəhriyar sabaha qədər orada gözləyir. O günə qədər fars ədəbiyyat ortamında ad çıxaran Şəhriyar sabaha qədər çəkdiyi acını türk dilində bu şəkildə bəyan edər:
 
Ulduz sayaraq gözləmişəm hər gecə yarı,
 
Gec gəlmədədir yar yenə, olmuş gecə yarı
 
Gözlər asılı, yox nə qaraltı, nə də bir səs,
 
Batmış qulağım gör nə döşürməkdədi darı
 
Yatmış hamı, bir Allah oyaqdır, dəxi bir mən
 
Bağrım yarılar, sübhüm, açılma, seni tarı
 
Qorxum budu, yar gəlməyə birdən yarıla sübh,
 
Bağrım yarılar, sübhüm, açıla tarı!
 
Dan ulduzu istər çıxa, göz yalvarı, çıxma
 
O çıxmasa da, ulduzumun yoxdu çıxarı
 
Gəlməz, tanıram bəxtimi, indi ağarar sübh,
 
Qaş beylə ağardıqca, daha baş da ağardı
 
Eşqin ki, qərarında vəfa olmayacaqmış,
 
Bilməm ki, təbiət niyə qoymuş bu qərarı?
 
Sanki xoruzun son banı xəncərdi soxuldu,
 
Sinəmdə ürək varsa, kəsib qırdı damarı.
 
Rişxəndilə qırcandı səhər, söylədi: - Durma,
 
Can qorxusu var eşqin, ulduzun bu qumarı
 
Oldum qaragün ayrıları o sarı teldən,
 
Bunca qara günlərdir edən rəngimi sarı.
 
Göz yaşları hər yerdən axarsa, məni tuşlar,
 
Dəryaya baxar, bəllidi, çayların axarı.
 
Əzbəs məni yarpaq kimi hicranla saraldıb,
 
Baxsan üzünə, sanki qızılgüldü, qızardı.
 
Mehrabi-şəfəqdə özümü səcdədə gördüm,
 
Qan içrə qəmim yox, üzüm olsun sənə sarı.
 
Eşqi var idi Şəhriyarın güllü, çiçəkli,
 
Əfsus, qara yel əsdi, xəzan oldu baharı.
 
İnsanlar belədirlər. Acı çəkdiklərində, yuxu gördüklərində, yəni ruhun təsirləndiyi zamanlarda ana dilləri yardıma gələr. Şəhriyar o gecəni “Behcət abad xatirəsi” adında bir qəzəldə şeirləşdirər. Bu qəzəl o qədər sadə, o qədər arınmış türkcədə yazılmış ki, oxucunun ruhuna atəş vurub yaxır. Şəhriyarın şah əsərlərindən biri də bu qəzəldir. Hətta başqa heç bir şey yazmasaydı, yenə də sırf bu qəzəli üçün o, türkcənin ən böyük şairlərindən sayıla bilərdi.
 
O gecədən sonra Şəhriyarın bütün əsərlərində yanğı, ağrı və kədər var. Türkcə və farsca şeirlərində bu ağır eşq məğlubiyyəti öz təsirini göstərmişdir...
 
Şəhriyar xəstələnib xəstəxanada yatırmış. Pəri bunu duyub yanına getmiş. Pərinin qucağında artıq süddən kəsilmiş bir uşağı da varmış. Şəhriyar bu görüş üçün farsca bir qəzəl yazaraq, “sən öz ciyər parəni də süddən ayırmışsan, ancaq mən hələ də bildiyin səni sevən o dəliqanlıyam, hələ unudulmamışsan; Atan öz gövhərini altuna satdı, eşqin dədəsi yansın ki, dədəmi yandırdı” yazar.
 
Zaman keçdikcə, Şəhriyarın öz etirafına görə, bu bəşəri eşq yerini Tanrı eşqinə buraxar.
 
Şəhriyarın ilk sevgisi olan Pəri adlandırdığı Sürəyya üç ay öncə Amerikada öldü.
 
İkinci qadın anası Kövkəb xanımdır. Təsəvvür edin ki, ölkədə türkcə aşağılanır. Gənc Şəhriyar da bu ölkədə sosial status qazanmaq və maddi həyatını təmin üçün farsca yazmalı, fars dili vasitəsi ilə yüksəlməlidir. Bir gün anası ona, “oğlum, o yazdıqlarını bir az da mənim anladığım dildə yaz!” deyir. Bu bir cümlə Şəhriyarın ruhunda və şüurunda inqilab edir və çox böyük təhlükəli işə girişir.
 
Türkcə yazmaq ölümlə rəqs etmək kimi bir iş idi. Şəhriyar ölümlə rəqs edir, ancaq anasının anladığı dildə yazır və anasının istəyinə boyun əyən Şəhriyar yaradıcılığında bizim milli və kollektiv şüuraltımızda yerləşən əski anılar dilə gəlib danışır.
 
Şəhriyar xalqın yaşam biçimini sözlərlə onun gözləri önünə sərərək, türkcəni də o qorxunc dönəmdə qələmlə tanış etdi. O zaman türk əhalisinin təqribən yüzdə yetmişi kəndlərdə yaşayırdı. Ancaq kəndlərdə də oxumağı bacaran biri “Heydər babaya salam” əsərini oxuyur və bütün kəndlilər qulaq asırdı.
 
Mən də onlardan biri olmuşam. Kəndimizdə oxumuşam və bütün kəndimizin əhalisi dinləmiş, yaşlı qadınlar ağlamış, gənc qızlar hüznlə gülümsəmişlər. Bu baxımdan Şəhriyarın nəfəsi mənim də həyatımda dolaşmış.
 
Şəhriyar 48 yaşında bibisi nəvəsi Əzizə ilə evlənir. Aralarında 25 il yaş fərqi varmış. Bir satirik şeirində də Şəhriyar həyat tarlasında özünü öküzə, evləndiyi xanımı da buzova bənzədərək, “Yar günümü göy əskiyə tutdu ki, dur məni boşa. Cütcü görübsən heç cütə, öküz qoyub, buzov qoşa!” deyər.
 
Əzizə Şəhriyarın uşaqlarının anasıdır. Şəhriyarın şansızlığından Əzizə də üç uşaq anası olduqdan sonra gənc yaşda ölür və Şəhriyara daha bir ruhi zərbə vurulur.
 
Şəhriyar Əzizəni xatırlarkən göz yaşlarını tuta bilməzdi.

Güntay GƏNCALP