O gün Qarabağ günü idi...

Baxış sayı: 
190

 
O gün Qarabağ günü idi. Harada doğulmasından asılı olmayaraq hamı qarabağlıydı. Ağdamlıydı. İmarətliydi. Stadionda olduğu kimi inanılmaz bir coşqu vardı. Sevgi vardı.
Çoxdan yatmış, öləzimiş istəyin alovu şölələnirdi ortalıqda. Qarabağın adını yaşadan, unutmağa qoymayan gənc İmarətçilərin bu coşqusuyla, sevgisiylə Qarabağa-Ağdama, İmarətə, Şuşaya getmək olar. Və mütləq gedəcəyik. Doğma İmarətdə - İmarətin özündə “Qarabağ”ın oyununu izləyib orada azarkeşlik edəcəyik.
 
 “Qarabağ” gözəl oyunlarıyla 25 ildi içimizdə yatan ağrıya, niskilə sevinc qatdı. İlk dəfə Qarabağ adına sevindik. “Qarabağ” Qarabağın mübariz, əzmkar, döyüşkən olduğunu bir daha göstərdi.
“Qarabağ” Qarabağın udulacaq-qaytarılacaq istək və ümidinə oyanış etdi.
Qarabağ adında nə varsa o bizim şərəfimizdir.
İnamlı, mübariz oyunu ilə bizi Avropanın yaşıl meydanlarında sevindirən “Qarabağ”ımız da.
“Qarabağ” komandasına oyunlarda edilən haqsızlıqlar Qarabağa edilən haqsızlıqların davamıdır. Bu ümumən Qarabağın acı tale yazısıdır.
“Qarabağ” komandası Azərbaycan, Qarabağ, Ağdam adını dünyada tanıtdı. İlk dəfə Avropanın  ən güclü, seçmə komandaları ilə üzləşən, hələ o qədər də tanınmayan “Qarabağ” sıradan bir komanda olmadığını, qəsdən azlıqda saxlanılsa da onunla oynamağın asan olmayacağını bir daha nümayiş etdirdi.
Tədbirdə iştirak edən hər kəs “Qarabağ” sevgisini bildirməklə bərabər “Qarabağ”a - Qurban Qurbanova, oyunçulara, bizə sevinc yaşatmaqda əməyi olan hər kəsə Uğurlar dilədi. Gözəl, yadda qalan oyunlarda, nailiyyətlərdə xüsusi rolu olan baş məşqiçiyə “Qarabağ”la bu sevinci sona, qələbələrədək aparmaq arzulandı.
 
Tədbirdən sonra, qaranlıqda olduğu yeri dəqiq müəyyənləşdirə bilməyən, evlərinə necə gedəcəklərini soruşan, Qarabağın işığına, adına gəlmiş, Qarabağın, doğma yurdun izi itmiş yollarına ürəyinin işığında təzə cığır salacaq neçə-neçə məktəbli, tələbə gördüm.
Sevgisi üzündən oxunan bu uşaqlara baxıb qələbələrə doğru getdim bir anlıq.
Nə qədər ki bu sevgili gənclər var Qarabağ unudulmayacaq. Qarabağ udulacaq.
Sakit, sönük Qarabağ tədbirlərindən çox fərqlənən bu coşqulu tədbirdə Qarabağın gələcək qələbələrinin iştirakçılarını görüb çox sevindim.
 
 “Qarabağ” sevgisinə, coşqusuna və bu gözəl tədbirə görə EŞQ OLSUN Sizə “İMARƏT”çilər!
Sevginiz heç zaman tükənməsin. Yolunuz daima açıq olsun!
EŞQ OLSUN Sizə “Qarabağ”!
Daha gözəl oyunlar və qələbələr arzusuyla...!
Uğurlarınız, Uğurlarımız davamlı olsun “QARABAĞ”, QARABAĞ!!!
 
                                                                                    Rəfail Tağızadə


 
                                                                                     09.12.2017
 

Загрузка...
Загрузка...