​“O adı çəkməyəcəm”, “qurbanlıq quzuyam”, “vəkillər mane olur...” - Rabitə işində çoxsaylı olaylar

 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov, “Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliyev və "Optik Qurğular" İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
 
Teleqraf.com xəbər verir ki,hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov ifadə verib.
 
MDB məkanında ilk dəfə  Azərbaycanda optik rabitəyə keçildiyini deyən Məhəmməd Məmmədov rabitə sahəsində görülən uğurlu işlərdən danışıb, istintaqa verdiyi ifadəsini təsdiqləyib.
 
Vidadi Zeynalovun vəkilləri Məhəmməd Məmmədovun istintaqa ifadəsinin elan edilməsini istəyəndə buna Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev etiraz edib. Bildirib ki, istintaqa verdiyi ifadəsi ilə indiki arasında ziddiyyət yoxdur.
 
İfadə elan edilib.
 
Məhəmməd Məmmədov istintaqa verdiyi ifadəsində bildirib ki, 2004-cü ildən “Aztelekom” İstehsalat Birliyinin baş direktoru vəzifəsində işləyib: “2015-ci ildə “Aztelekom” İstehsalat Birliyinin bazasında “Aztelekom” MMC təsis edildi. Cəmiyyət Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur qrumu olduğundan MMC-nin fəaliyyətinə nazirliyin rəhbərliyi, yəni nazir Əli Abbasov, müavinlər İltimas Məmmədov və Elmir Vəlizadə, aparat rəhbəri Vidadi Zeynalov nəzarət edirdi. İltimas Məmmədov texniki məsələlərə, Elmir Vəlizadə informasiya texnologiyalarına, Vidadi Zeynalov isə maliyyə məsələlərinə nəzarət edirdi.
 
“Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov nazirliyin nomenklaturası olduğuna görə birbaşa Vidadi Zeynalovla hesablaşırdı. Baş mühasibin işə qəbulu, işdən azad olunması, məzuniyyət və ezamiyyə əmrləri birbaşa nazirlik tərəfindən verilirdi.
 
Vidadi Zeynalov Oktay Rüstəmovun özünə göstəriş vermişdi ki, aylıq olaraq pul toplayıb ona təqdim etsin. Oktay Rüstəmov tərəfindən Vidadi Zeynalova 2009-2013-cü illərdə hər ay stabil olaraq 500.000 manat, 2014-2015-ci illərdə isə aylıq 200.000 manat pul verilib. Qeyd edilən vəsaitlər Oktay Rüstəmov tərəfindən nağd olaraq toplanıb, həmin proseslərə  müdaxilə etmək, qarşısını almaq səlahiyyətlərim yox idi. Sadəcə olaraq, cəmiyyətin baş direktoru kimi gedən proseslərdən məlumatım olurdu".
 
Sabiq baş direktor ifadəsində bildirib ki, RYTN-nə tabe olan struktur qurumlardan beynəlxalq trafik mübadiləsini təşkil edən “Azintelekom” MMC olub: "Beynəlxalq telefon danışıqlarının mübadiləsi “Azintelekom” MMC ilə “Aztelekom” MMC-nin arasında bağlanmış qarşılıqlı hesablaşma müqaviləsi əsasında həyata keçirilib. Müqavilənin şərtlərinə görə xarici dövlətlərdən Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən “Aztelekom” MMC-nin abunəçilərinə daxil olan telefon zənglərinə görə “Azintelekom” MMC “Aztelekom” MMC-yə, “Aztelekom” MMC-nin telefon abunəçilərindən xarici dövlətlərə edilən zənglərə görə isə “Aztelekom” MMC “Azintelekom” MMC-yə ödənişləri həyata keçirib.
 
Beynəlxaq danışıq trafikinə görə xidmət göstərdiyi üçün “Azintelekom” MMC-dən “Aztelekom” MMC-nin hesabına aylıq 1.000.000-2.000.000 manat arası vəsait köçürülüb. “Azintelekom” MMC-nin hesabından köçürülən vəsait birbaşa və ya dolayı yolla Vidadi Zeynalova ödənilib".
 
Məhəmməd Məmmədov istintaq ifadəsində daha sonra qeyd edib ki, baş mühasib Oktay Rüstəmova göstəriş verildiyi üçün “Azintelekom” MMC-dən daxil olan vəsait onun dediyi müəssisələrə köçürülüb:  "Podratçı təşkilatların hesabına köçürülmüş vəsaitlərin müəyyən hissəsi müxtəlif müqavilələr əsasında nağdılaşdırılaraq Oktay Rüstəmovun vasitəsi ilə Vidadi Zeynalova verilib. 
 
Bütün ödənişlər bank hesabları vasitəsi ilə köçürülürdü. “Aztelekom” MMC-nin bank hesabı “Kapitalbank” ASC-nin Rabitə filialında olub.
 
“Aztelekom” MMC kimi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeçiliyinə olan digər struktur qurumları rəhbərləri tərəfindən Vidadi Zeynalova aylıq vəsait vermələrini eşidirdim,  həmin ödənişlərin hansı məbləğ təşkil etməsini bilmirdim".
 
Ifadəsi elan olubandan sonra Vidadi Zeynalovun vəkilləri Məhəmməd Məmmədova suallar veriblər. O, suallara cavab verərkən mübahisə yaranıb. Şahin Rəfiyev bildirib ki, Vidadi Zeynalovun vəkilləri suallar verərkən ittihamdan kənara çıxırlar. Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov isə deyib ki,  Məhəmməd Məmmədovun vəkili onlara sual verməyə mane olur. Vəkil həmkarının hərəkətindən Vəkillər Kollegiyasına şikayət edilməsini təklif edib.
 
Hakim deyib ki, şikayət olunanda bütün vəkillərdən şikayət olunacaq.
 
Daha sonra Məhəmməd Məmmədov suallara cavab verərkən deyib ki, xarici banklardan kreditin götürülməsi üçün nazirin icazə məktubu olub: "Həmin icazə məktubu əsasında da kredit götürmüşəm".
 
Hakim vəkil Şahin Rəfiyevin özünü məhkəmədə apara bilmədiyini əsas gətirərək, ona protokol vasitəsi ilə xəbərdarlıq edib.
 
Məhəmməd Məmmədov Namazalı Məmmədovdan pul alması barədə ittihama belə cavab verib: "Namazalı Məmmədovdan Allah verdiyi canı ala bilmir, mən ondan necə pul ala bilərəm?  Namazalı Məmmədovdan pul almamışam".
 
O deyib ki, baş mühasib Oktay Rüstəmovun başqa təşkilatların hesabına pul köçürmələrinə nəzarət edə bilməyib: "Həm mən,  həm də Oktay Rüstəmov nazirliyə tabe idik. Göstərişləri icra etmişik. Nazirlikdən deyirdilər ki, köçürmə et,  biz də edirdik. Biz icraçı idik. 
 
Oktay Rüstəmov deyirdi ki, nazirlikdən göstəriş var, bu qədər pulu filan təşkilata köçürmək lazımdır. Amma göstərişin kimin verdiyini demirdi".
 
Proses boyu Vidadi Zeynalovun və Məhəmməd Məmmədovun vəkilləri mübahisə ediblər. Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev bildirib ki, Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov icazə almadan çomçə kimi ortalığa düşür. Çeyhun Yusifov da həmkarını çomçəyə bənzədib. Şahin Rəfiyev prosesdə özünü apara bilməyib,  hakimin göstərişi olmadan digər həmkarlarının da sözünü kəsib.
 
Vəkil az qala Məhəmməd Məmmədovun əvəzindən suallara cavab verməyə başlayıb. Prosesdə hakim yalnız Şahin Rəfiyevə bir dəfə xəbərdarlıq edə bilib. 
 
Məhəmməd Məmmədov Namazalı Məmmədovun vəkili Könül Əliyevanın suallarına cavab verərkən deyib ki, optik rabitənin çəkilişi ilə bağlı bütün ödənişlər edilib. Onun sözlərinə görə, konkret Vidadi Zeynalovun adını çəkmək istəmir: "Vəkillər istəyir ki, Vidadi Zeynalovun adını çəkim. Rabitə və Yüksək Texnologiya Nazirliyinin qurduğu struktur belədir.  O kresloda Vidadi Zeynalov əyləşmişdi, onun adı çəkilir. Sabah kim orada əyləşsə onun adı çəkiləcək. Quruluş belədir. Mən burada Vidadi Zeynalovun adını çəkməyəcəm. Çünki ona böyük hörmətim var".
 
Daha sonra ifadə verən “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov bildirib ki, burada qurbanlıq qoyun kimidir. Günahsız olduğunu deyən baş mühasibin sözlərinə görə, Vidadi Zeynalovla münasibəti olmayıb: "Məni Beytulla müəllimdə tanıyır,  necə adam olduğumu bilirlər".
 
O bildirib ki,  təmir-tikinti işlərinə nəzarət etmək hüququ olmayıb: "Layihə-smetada qiymətlər göstərilib. Mən bu işlərə qarışmamışam. "Aztelekom"un rəhbəri sənədlərə nəzər yetirəndə hərdən əsəbləşirdi, şirkətlərin işini yoxladırdırdı".
 
İttiham haqqında danışan baş mühasib bildirib ki, xəstəxanada olduğu müddətdə korrupsiya idarəsinə çağırılıb: "Korrupsiya idarəsində dedilər ki, Vidadi Zeynalova 30 milyon pul vermisən. Başa düşdüm  ki, məni də ilişdirirlər".
 
Oktay Rüstəmovun sözlərinə görə, işlərin görülməsində, qiymətlərin şişirdilməsində rolu olmayıb, imzalanan kreditor müqavilələrinə imza atmayıb: "Müqavilələrin nədən ibarət olduğunu bilməmişəm. Çünki həmin müqavilələr rəhbərlik tərəfindən imzalanıb. Sonra mühasibatlıqda icra edilib".
 
Daha sonra Oktay Rüstəmov dövlət ittihamçısı Fərid Nağıyevin suallarını cavablandırıb. Bildirib ki,  ağır xəstəlikdən əziyyət çəkir: "İlk dəfə idi müstəntiq və prokuror qarşısına çıxırdım. Rabitəçilərin həbsi məni pis vəziyyətə salmışdı, elə bil göydə uçurdum. Nə deyirdilər,  təsdiqləyirdim. Məqsəd oradan tez canımı qurtarmaq idi.  Şokda idim, ifadə verdim, sonra oradan çıxdım.  Vəziyyətim pis idi, həkimə müraciət etdim. İnfarkt  vəziyyətində idim. Xəstəxanada müalicə almışam,  bunları xəstəxandan müəyyən etmək olar. Birinci ifadə verəndə eynəyim üstümdə yox idi, müstəntiqin yazdığını oxumadım. İkinci dəfə də idarəyə çağırıldım. Orada öz xəttimlə hansı şirkətə nə qədər pul verilmisdi, yazdım.  Məsləhət bildilər,  mən də yazdım".
 
Dövlət ittihamçısı deyib ki, təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadəsinin elan edilməsini istəyib. İstintaq ifadəsi elan edilib. 
 
Oktay Rüstəmov ifadəsində yalnız Vidadi Zeynalovla münasibətdə olduğunu göstərib. Qeyd edib ki, vəzifəli şəxs olduğu üçün onun göstərişlərini icra edib: "Ayrı-ayrı şəxslərdən hər ay topladığım 200 min manat pulu xidməti otağında Vidadi Zeynalova vermişəm. Həmin puldan Vidadi Zeynalov mənə heç nə verməyib. Burada heç bir məqsədim də olmayıb.
 
Həmçinin Vidadi Zeynalovun göstərişi ilə bir neçə şirkətin hesabına pul da köçürmüşəm. Bildiyim qədər “Qafqaz-S İnşaat” və digər şirkətlər Vidadi Zeynalovun olub".
 
İfadəsini qismən təsdiqləyən Oktay Rüstəmov bildirib ki,  Vidadi Zeynalova mütəmadi pul verməyib.
 
Proses günün ikinci yarısında davam edəcək.

Загрузка...
Загрузка...