Nuru Paşanın son dəqiqələri- "İşçiləri qovub mina anbarına girdi və..."

 
 
 
Moderator.az 1918-ci ilin sentyabrında Bakını yadelli istilaçılardan xilas edən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın həlak olması barəsində yazını təqdim edir:
 
Nuru paşanın nə vaxt, harada və hansı şəraitdə həlak olması Nejdət Karakösenin əsərində geniş tədqiq edilib. Həmin tədqiqata əsaslanaraq, araşdırmaçı alim, hər tarixinin mahir bilicisi Mehman Süleymanov özünün “Nuru Paşa və silahdaşları” monoqrafiyasında faydalanıb.
 
Oradan oxuyuruq: “Nuru Paşanın həlak olması haqqında müxtəsər olaraq aşağıdakıları qeyd etmək olar. Nuru Paşa sahibi olduğu Sütlücə hərbi fabrikində baş vermiş partlayış nəticəsində həlak olub. Araşdırmalar göstərir ki, bu partlayış kapsulların saxlandığı otaqda texniki normalara əməl edilməməsi nəticəsində baş verib. 1949-cu il mart ayının 2- də kapsullar saxlanılan otaqda havanın temperaturu 80 dərəcəyə qədər qalxıb və heç kim bu yüksək dərəcənin partladıcı maddələr üçün təhlükəli olduğuna diqqət yetirməyib. Kapsul saxlanılan otaqda baş verən partlayış güclü olduğu üçün qonşu sexlərdə saxlanılan kimyəvi və partlayıcı maddələrin də partlamasına səbəb oldu. İlk partlayış baş verəndə Nuru Paşa fabrikin dəftərxanasında imiş. Partlayış baş verən kimi özünü hadisə yerinə çatdırır və sexlərdə olan işçilərdən tələb edir ki, dərhal təhlükəsiz yerə çəkilsinlər. Özü isə minaatan minalarının saxlandığı anbarın təhlükəsizliyini yoxlamaq üçün həmin anbara yollanır. Bu anbarda Suriyanın sifarişi ilə istehsal edilmiş 2 min ədəd mina saxlanılırmış. Kimyəvi və partladıcı maddələrin partlaması baş verən otağın zirzəmisində də tez alışan maddələrin, o cümlədən barıt və trotilin saxlandığı anbarı imiş. Kimyəvi maddələrin partlayışından sonra otağın döşəməsi çökür və zirzəmidə olan maddələr də partlayırlar. Bu partlayış son dərəcə güclü olur və hətta baş verən yanğının söndürülməsi üçün gəlmiş yanğınsöndürənlər partlayışın zərbindən parça-parça olurlar. Nuru paşa da bu partlayış zamanı həlak olur. O, minaların saxlandığı anbara gedib çıxa bilməmişdi”.
 
 
Yanğının söndürülməsi üçün bütün şəhərdən axışıb gələn yanğınsöndürənlər minaların saxlandığı anbarın partlayacağı təqdirdə daha böyük fəlakətin ola biləcəyini gördükləri üçün yanğının yayılmasının qarşısını almağa çalışdılar. Eyni zamanda 2 kilometr məsafədə ətrafda yaşayan əhali təhlükəsizlik baxımından evlərindən köçürüldülər. Lakin yanğınsöndürənlər yanğının genişlənməsinin qarşısını ala bildilər və minaların saxlandığı anbarın təhlükəsiliyi təmin edildi.
 
Xəlil Paşa Nuru Paşanın ölümü və həmin faciə barəsində özm xatirələrində yazır: (müəllifin dil-üslübü saxlanılıb)
 
“Bizzat təhqiqatla məşğul oldum. Mütəəssüf yegənim də 150 əmələsini qurtara bilmək qayəsi ilə təhlükənin gözünə atıldığı və bərhava olmaq sürətiylə şəhid düşdüyünə qənaət gətirmiş bulununuyorum. Mərhumun ağabəyisi Ənvər Paşa mərhum bilindiyi kimi qəbri olmayan bir şəhiddir. Qardaşı da tibki onun kimi qəbirdən məhrum bir halda şəhadət mərtəbəsinə ihraz etmiş bulunuyor. Təhərriyata yarın müsaidə edəcəklərdi. Fəqət ben bugün vaqiə məhəllinə getdim. Anlatdıqlarına görə yegenimin qurtulması ehtimalı mində bir belə mövcud deyildir. Sağ qalsa idi indiyə kimi əlbətdə ki, meydana çıxardı. Nuru Paşa sakin zəvahiri altında çox cəsur və iddiasız bir ürək bütünlüyünə sahib idi. Onun üçün təhlükəni görür-görməz fabrikanın sahip və şefi sifətiylə məhzənə atılmış və cəsarətinin qurbanı olmuşdur”.
 
Hadisə şahidlərindən birinin də xatirələri çox maraqlıdır:
 
“Paşa bombaların yerini sordu. Cavab alır-almaz da o tərəfə səgirtdi. Bir yandan da – buraya kimsə gəlməsin – deyə bağırırdı. Bu sırada kimyaxananın altında partlayıcı maddə bulunduğundan xəbərsiz olan itfaiyyə ərləri nərdivanlarda saçaklara dırmanmışlar, içəriyə su sıxırlardı. Kəndilərinə - pək soxulmayın, içəridə məvadi-infilağiyyə var- deyə söyləndim. Fəqət duymadılar belə...
Birdən sanki yer-göy qarışdı, ayağım altındakı torpaq sarsıldı və kəndimi bir kənara savrulmuş buldum. İtfaiyyə ərləri paramparça bir halda havada uçurlardı. Toz, torpaq, göy üzünə fırlamış divar parçaları. İştə o əsnada gördüklərim bunlar oldu”.
 
Hazırladı: Elmin Nuri

Загрузка...
Загрузка...