Nuru Paşa bu xəbəri eşidib təcili Azərbaycana doğru yola düşdü- TARİX

Baxış sayı: 
163

 
 
 
Gələn il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.
 
 
Moderator.az-ın yubileyə qədər Cümhuriyyətlə bağlı yazılacaq yazılar arasında Bakının qurtuluşu və qurtuluşun memarı olan Nuru Paşa, onun Qafqaz İslam Ordusu barəsində də yazılar təqdim edəcəyik. Çünki 28 May tarixi bizim üçün nə qədər önəmlidirsə, Bakının xilas olunduğu 15 sentyabr da (1918) o dərəcədə əhəmiyyətlidir. Odur ki, bu şanlı tarixi gün və onun səbəbkarları da unudulmamalıdır.
 
Bu dəfə Nuru Paşanın  xilaskar kimi Bakıya gəlişinin tarixçəsindən danışacağıq. Araşdırmaçı Mehman Süleymanovun “Nuru Paşa və silahdaşları”, yazıçı Manaf  Süleymanovun bir neçə araşdırma monoqrafiyalarına istinad edərək, bu barədə bəzi neçə faktı təqdim edəcəyik:
 
Nuru Paşa Bakıya gəlişi ilə bağlı xatirələrində yazır:
 
“1918-ci ilin yanvar ayının əvvəllərində Trablusqərbin (Libiya) vəziyyətini müzakirə etmək üçün Afrika Qrupları Komandanlığının mərkəzi olan Mısratadan sualtı gəmi ilə və Pola yolu ilə İstanbula gəldim. Bu dövrdə rus inqilabı səbəbi ilə Qafqaz və Şərqin vəziyyəti əhəmiyyətli dərəcədə dəyişməyə başlamışdı. Şərq cəbhəmizin irəliyə əməliyyatlarını asanlaşdırmaq məqsədilə Qafqazın müsəlman və türk əhalisi yaşayan məntəqələrində təşkilatlanmaq vəzifəsi Baş Hərbi Qərargah tərəfindən məqsədəuyğun görülmüşdü. Əsasən, Qafqaz müsəlmanları tərəfindən də yardım məqsədi ilə 1917-ci ilin oktyabr ayında bir heyət Mosula, 1918-ci ilin mart ayında isə Batum yolu ilə bir heyət İstanbula göndərildi. 6-cı ordu vəziyyəti tədqiq üçün üç zabitini Qafqaz nümayəndə heyətinə daxil edərək Qafqaza göndərdi. Bu zaman Qafqazda hərbi quruculuq işləri görmək vəzifəsi bir neçə nəfərə təklif edilmiş və nəticədə Baş Hərbi Qərargah mənim namizədliyimi məqsədəuyğun bilib bu vəzifəni israrla mənə tapşırmışdı. Təxminən iyirmi zabitdən ibarət bir heyətlə dərhal yola çıxaraq 1918-ci il martın 25-də Mosula çatdıq. Əvvəlcə, 6-cı ordudan Qafqaza göndərilən artilleriya baş leytenantı Müzəffər bəyin (hazırda Hərbi Akademiya müəllimlərindən qərargah polkovnikleytenantı) Mosula geri qayıtdığını gördük”.
 
Müzəffər bəyin məlumatına əsasən Qafqazdakı vəziyyət hərbi quruculuq işləri görmək üçün şəraitə uyğun idi. Nuru Paşa Mosulda ikən Müzəffər bəydən aldığı məlumat mart qırğınlarından sonra Azərbaycanda vəziyyətin xeyli mürəkkəbləşdiyini təsdiqləyirdi. Eşitdiyi bu xəbərdən sonra Nuru Paşa Azərbaycana doğru hərəkəti sürətləndirməyə çalışdı. Ancaq Mosulda da o, bir sıra təşkilati işlərlə məşğul olmalı idi. Hər şeydən əvvəl isə Qafqaz İslam Ordusunun təşkili üçün zəruri olan kadrlar seçilməli idi. Bu məqsəd üçün Mosulda 6-cı Ordudan 149 zabit və məmur, 488 gizir və əsgər seçildi. Bütün bu şəxslər də 1918-ci il aprel ayının əvvəllərində Azərbaycana yola salındı.
 
Elmin Nuri

Загрузка...
Загрузка...