Nəsirəddin Tusinin dəfnindəki heyrətləndirici mistika- Gizli tarix

Baxış sayı: 
211
0  
0  

 
 
 
Moderator.az Şərq elm tarixinin ən böyük simalarından olan Nəsirəddin Tusi barəsində, daha doğrusu, onun dəfni ilə bağlı maraqlı bir faktı təqdim edir:
 
Gənc yaşlarından böyük hörmətə sahiblənən Tusi bir çox qüvvələrin həsədinə səbəb olub. Elə bu üzdən də müəyyən narazılığa görə həbs olunaraq, ismaililərin əlçatmaz dağ zirvələrində yerləşən “Ələmut”, yəni “Qartal yuvası” qalasına aparılır. O, burada sürgün həyatı keçirir. Nəsirəddin Tusi ismaililərin yanında keçirdiyi 12 ildən bir qədər artıq müddətdə dözülməz mənəvi sıxıntılarına baxmayaraq, qaladakı zəngin kitabxanadan istifadə edərək elmi yaradıcılıqla məşğul olur. Alim 1242-ci ildə tamamladığı məşhur “Şərh əl-İşarat” əsərinin sonunda yazırdı: “Mən bu kitabın əksər fəsillərini olmazın dərəcədə ağır bir şəraitdə yazdım. Ürək bundan artıq sıxıntı çəkə bilməzdi”.
1253-cü ildə Çingiz xanın nəvəsi Hülaku xanın Yaxın Şərqə yürüşü başlayır. Onun qoşunları 1256-cı ildə fətholunmaz sayılan Ələmut qalasını tutur, İsmaililər dövlətinin hakimiyyətinə son qoyulur, Nəsirəddini və digər alim məhbuslar da azad edilir. Nəsrəddin Tusi Hülaku xanın şəxsi məsləhətçisi təyin olunur.
 
Hülakü xan 1258-ci ildə Bağdadı fəth edərək Abbasilər sülaləsinin hakimiyyətinə də son qoyur. O, dövlətinin mərkəzini 1260-cı ildə Azərbaycana köçürür. Hülaku xan öz dövlətinin paytaxtı kimi əvvəlcə Azərbaycanın qədim mədəni mərkəzlərindən olan Marağanı, sonra isə Təbrizi seçir. Elə həmin vaxt Nəsirəddin Marağa rəsədxanasının tikintisinə başlayır.
 
Nəsirəddin Tusi elmin müxtəlif sahələri ilə dərindən maraqlanırdı. Onun qələmindən çıxan yüzdən artıq ciddi əsər elmin astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrinə həsr olunmuşdu. Bununla belə Nəsirəddinin yaradıcılığından astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tutur. Tusi bu sahələrdə aparılmış iyirmidən artıq uğurlu araşdırmanın müəllifidir. Riyaziyyata həsr etdiyi əsərlər yalnız ərəbcə, astronomiya üzrə tədqiqatları isə həm fars, həm də ərəb dillərində yazılıb.
 
Tusi ömrünün sonuna qədər Bağdadda çalışır. Çox böyük mənsəbə sahib olan alim elmi fəaliyyəti ilə Şərq hikməti və düşüncəsinin inkişafında əvəzolunmaz işlər görür. Qeyd edək ki, Kristafor Kolumb da 1492-ci ildə Amerikanı kəşf edərkən onun müəllifi olduğu  ”Zic Elxani ” əsərindən yararlanıb. Ölümündən sonra isə ən nüfuzlu yerdə dəfn olunub. Belə ki, məzarı şiə müsəlmanları üçün müqəddəs məkan sayılan yeddinci imam Musayi Kazimin məqbərəsinin yanındadır. Qəribə bir təsadüf Nəsirəddin Tusinin Bağdadda, məhz, həmin yerdə  dəfn olunmasına  gətirib çıxarıb. Bağdadda səfərdə olarkən vəfat edən mütəfəkkiri öz vəsiyyətinə görə şəhərin yaxınlığındakı müqəddəs Kazimeyn şəhərində dəfn edirlər. Dəfn olunduğu sərdabə isə çox illər öncə - Nəsrəddin Tusinin anadan olduğu gün xəlifə Nasir üçün hazırlanıb. Amma bir mistika, bir sehrlə Tusi elə anadan olduğu gün qazılan məzarda dəfn edilir. Qəbrinin üstündə isə  ərəbcə bu sözlər yazılıb: “Dinin və xalqın dayağı, elm dünyasının şahı. Analar belə bir oğul bir daha doğmadı”.
 
Elmin Nuri

Загрузка...
Загрузка...