Nəsiminin iki əlyazma divanının surəti əldə edilib- Möhtəşəm tapıntı

 
 
 
AMEA Məhəmməd Füzuli adına Əlyamalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadilli divanının iki nüsxəsinin surətini əldə edib. 83 vərəqdən ibarət birinci divan aydın nəsx xətti ilə köçürülüb. 308 vərəqdən ibarət olan ikinci divan da səliqəli xətlə yazılıb. Bu divan Nəsiminin əlyazma divanları içərisində ən irihəcmlilərdəndir.
 
Moderator.az akademiyanın rəsmi saytına istinadən xəbər verir ki, Divanın əvvəlində “Divani-həzrəti-Seyyid Nəsimi qəddəsə sirülhül-əziz” (“Həzrət Seyid Nəsiminin (qəbri pak olsun)divanı”) sözləri yazılıb. Bura 711 qəzəl, 6 tərcibənd, 3 məsnəvi, 9 müstəzad, 5 müxəmməs, 603 rübai, 3 qitə daxildir. Diqqəti cəlb edən cəhət odur ki, bu nüsxədə Nəsiminin əlyazma və mətbu divanlarında rast gəlmədiyimiz bir sıra şeirlər vardır. Mənbələrdə şairin heç bir müxəmməsinə rast gəlmədiyimiz halda,  burada onun 5 müxəmməsi verilib.
 
Nəsimi divanının yeni tapılmış əlyazma nüsxələri böyük şairin irsini araşdıranlar üçün dəyərli töhfədir.
 
Hazırladı: Elmin Nuri

Загрузка...
Загрузка...