Nəsib Nəsibli Azərbaycandan getdi

Azərbaycanın İrandakı sabiq səfiri, keçmiş millət vəkili, tarixçi-professor Nəsib Nəsibli Türkiyəyə gedib.
Bu barədə Teleqraf.com-a Nəsib Nəsiblinin yaxınları bildirib.
 Xəbərə görə, sabiq səfir Türkiyəyə bir müddət əvvəl yollanıb. Onun hansı səbəblərdən qardaş ölkəyə getdiyi bəlli deyil. Ancaq yaxınları Nəsib Nəsiblinin hələ bir müddət bu ölkədə qalmalı olacağını deyiblər. 
Xatırladaq ki, Nəsib Nəsibli uzun illər Müsavat Partiyasının Divan üzvü olub, təşkilat daxilində millətçi xətti kəskin müdafiə edib. O, partiyanın Avropa Liberal Demokratlar İttifaqına daxil olmasına qarşı çıxıb, hətta partiyaya yaxın media qurumlarında məqalələrlə çıxış edib. O, Müsavatın ittifaqa daxil olmasını partiyanın uzun illər qorunub saxlanmasında əsas vəsilə olan millətçilik xəttinin üzərindən sükutla keçilməsi kimi dəyərləndirib.
 Müsavat Partiyasının Avropa Liberal Demokratlar İttifaqına daxil olmasından sonra Nəsib Nəsibli ilə partiya rəhbərliyi arasında soyuq münasibətlər yaranıb. Müsavatın sonuncu və ən səs-küylü qurultayında iştirak etməyən Nəsib Nəsibli az sonra partiyadan istefa verib.
 Bundan sonra professor əsas fəaliyyətini GünazTV-də davam etdirib, əsasən milli mövzularda çıxışları və fikirləri ilə yadda qalıb. Faktiki olaraq siyasətdən aralı düşən Nəsib Nəsiblinin Türkiyəyə birdəfəlik və ya müvəqqəti getdiyi haqda konkret məlumat yoxdur.