​Nərimanovun Zərdabi və milyonçu Tağıyevlə mübahisəsi: “Onun təqaüdündən imtina edirəm”

 
 
 
 
1906-cı ilin yayı.... Azərbaycan təhsil tarixində çox önəmli günlərdən biridir. Qafqaz müsəlman müəllimlərinin I qurultayı başlayır. Qurultayın keçirildiyi salonda dövrün az qala, bütün maarifçi ziyalıları, publisistləri, Avropada, Rusiyada təhsil alan savadlı kadrları iştirak edir.
 
Amma çox təəssüf ki, burada  bir xoşagəlməz hadisə baş verir ki, uzun müddət dillərdə dastan olur.
Moderator.az o dövrün mahir bilicisi Manaf Süleymanovun milyonçu Hacı Zeynalabdin Tağıyevdən bəhs edən araşdırmasına istinadən həmin xoşagəlməz olayı təqdim edir.
 
 
 
1906-cı il avqust ayının 15-də, səhər saat 10-da II Şəhər məktəbinin salonunda Qafqaz müsəlman müəllimlərinin I qurultayı işə başlayır. Təsis komissiyasının sədri N. Nərimanov qısa giriş sözü ilə qurultayı açır. H. B. Zərdabi sədr, N. Nərimanov onun müavini, Fərhad Ağayev isə katib seçilir. Qurultayda bir münaqişə baş verdi. Qocaman müəllim Səməd bəy Acalov qurultayda baş verən ixtilafı belə izah edirdi: “Bakıda məktəblər üzrə Livitski adlı bir inspektor vardı. Qatı irticaçı- hərəkət və rəftarında ayrı-seçkiliyə, irqçiliyə yol verirdi. O, məktəblərdə bir kəlmə olsun belə azərbaycanca danışmağı qadağan edirdi. Qurultay nümayəndələri qərara aldılar ki, belə yaramazlığa qarşı Livitskidən Qafqaz canişininə şikayət etsinlər və ana dilini sərbəst dərs kimi keçmək barədə sərəncam verilsin. Teleqramı tərtib etmək qurultayın sədrinə tapşırıldı. H. B. Zərdabi tapşırığı yerinə yetirdi, teleqram mətnini nümayəndələrin nəzərinə çatdırmaq üçün oxudu, sonuncu cümlə belə qurtarırdı: “qurultay ədalətli sərəncam vermənizi xahiş edir». Nəriman Nərimanov bu cümləyə etiraz etdi: “Qurultay tələb edir! Xahiş yox”. Zərdabi həlim bir tərzdə izah elədi ki, “tələb” sözü canişinlikdə oturmuş çinovniklərin qəzəbinə səbəb olar, teleqramı cırıb atarlar, sərdara heç verməzlər, deyərlər siz nəsiz, kimsiz ki, tələbiniz də nə ola. Burada evimizin içində bir Livitskilə bacarmırıq, bizi saya salmır. Teleqramı sərdara versələr, hiddətlənər, təhsil işlərimizə əngəl törədər, Livitskiyə əhsən deyər, hələ üstəlik səlahiyyətini bir az da artırar. Xahiş daha müvafiqdir, nəzakətlidir... Münaqişə başladı. Hər kəs dediyinin üstündə dururdu. Nümayəndələr iki dəstəyə bölündü; təklifləri səsə qoydular. Nərimanovun “qurultay tələb edir” təklifi keçdi. Bu qələbədən qanadlanmış cavan bir müəllim bərkdən qışqırdı: “Əqil yaşda deyil, başdadır”.
 
 
 
H. B. Zərdabi qurultayı tərk edir. Bu əhvalat avqustun 21-də baş vermişdi. Qurultayda baş verən münaqişəni Hacı Zeynalabdin Tağıyevə çatdırırlar. Avqustun 22-də Tağıyev qurultaya gəldi və Qafqaz canişininə göndəriləcək teleqram üstündə N. Nərimanovla toqquşması, ixtilafı oldu. Vəziyyət çox gərgin, adamlar çox əsəbi, çox narahat idi. Araya dərin, üzücü sükut çökmüşdü. Tağıyev müəllimlərə müraciətlə dedi: “Sizin dünənki qərarınız göstərir ki, qurultaya N. Nərimanov kimi uzağı görməyən adamlar rəhbərlik edir. Bilirsinizmi Nərimanov kimdir? Onun cibində bir qəpiyi yoxdur, mənim pulumla oxuyur. İndi gəlib burada 28 inqilabi danışıq aparır, sizi də ağıldan-başdan çıxarmaq istəyir. Xahiş edirəm, dünənki qərarınızı dəyişin, çünki hökumət yanında bütün millətimizə ayıb gətirən işdir». Məslisdə dərin sükut idi.
- Yoldaşlar! Nərimanov kürsüyə qalxıb asta bir tərzdə söhbətə başladı. - Mən də cənab Tağıyevdən təqaüd alanlardanam. Lakin mən bilmirdim ki, cənab Tağıyev yoxsul müəllimlərə kömək etməklə istəyir ki, onların müstəqil fikirləri olmasın. Hərgah indiyə qədər cənab Tağıyev tələbələrə ona görə kömək etmiş ki, onlar yalnız Tağıyevin dediyini desinlər, belə olduqda mən özümün keçmişimi və hal-hazırımı heç zaman ləkələyə, fəryad etmək lazım gələn yerdə susa bilmərəm. Başqalarının nəinki açıq danışdığı, hətta çar istibdadına qarşı azadlıq yolunda öz qanlarını tökdükləri bir zamanda, mən heç kəsə ixtiyar verməmişəm və imkan vermərəm ki, mənfur qızılın gücü ilə məni susdursun. Mən zəmanəmizin zalımlarından xilas olmaq üçün, gələcək nəsillərin özünü mənfur qızıla satmamaları üçün bütün qurultay qarşısında cənab Tağıyevin təqaüdündən məmnuniyyətlə imtina edirəm”
 
Elmin Nuri

Загрузка...
Загрузка...