ƏNGƏL

Ağabala şəhərdə öz kruqunda (yəni icmasında) seçilən-sayəlan oğlanlardan biri idi. Yaşı əllini haqlasa da, vneşni vidi (yəni xarici görünüşü) 40 yaşında canı sulu, baz-buruttu bir kişini xatırladırdı. Allah Taala onu sifətdən də bir balaca göyçək yaratmışdı. Onun ağ-appaq girdə pompuş sifəti, yoğun qara çatma qaşları, mavi rəngli gözləri və çox vaxt gülümsər olan sifəti ətrafdakılarda ona qarşı istər-istəməz isti və mehriban münasibət və duyğular yaradardı. Bir sözlə, Ağabala simpatiçni (yəni yaraşıqlı) cail şəhər adamı idi.
Ağabala hələ Sovetin (yəni Sovet hakimiyyətinin) gur gedən vaxtlarında Sovetski deyilən məhşur məhəllədə, evlərinin yüz metrəliyində yerləşən orta məktəbi bir babat bitirdikdən sonra şoferlik həvəsi onu “DOSAF”ın (Orduya və Aviasiyaya Könüllü Yardım Cəmiyyəti) sürücülük kurslarına gətirib çıxarmışdı. Bu kursları canla-başla bitirib ikinci dərəcəli sürücülük vəsiqəsi almışdı. Elə o vaxtan bəri əvvəlcə Butka Moskviç, sonra Volqa QAZ – 24 və başqa cür nəqliyyat vasitələrini dəyişə-dəyişə şofer babalığını davam etdirirdi.
Onun nəhəng yük maşınının sükanı arxasında oturduğu dövürlər də olmuşdu. Bu vaqeə 90-cı illərin əvvəllərinə təsadüf edirdi. Ağabala qaz vurub-qazan doldurmaq fikrinə düşən günlərdən birində əlinə refrejeratorlu (yəni soyuducusu olan) bir yük maşını düşmüşdü. Daha doğrusu həmin maşını kimdənsə kirayə etmişdi. Məqsədi Urusetə (yəni Rusiyaya) mal daşıyıb pul qazanmaq idi. Lakin, Dağıstanda başına gələn macaradan sonra, həmin işin başını birdəfəlik və geridönmədən buraxmalı olmuşdu. Qısası, yolda bir dəstə əli silahlı dağıstanlılar kişinin oğlunu saxlayıb, yük dolu maşınını və cibində olan-qalanını əlindən almışdılar. Ağabala bir təhər özünü lüt-üryan, amma sağ-salamat Bakıya çatdıra bilmişdi.
Bu hadisədən xəbərdar olan və onu yeri gəldi-gəlmədi Ağabalanın başına çırpan arvadın əlində bir kozır (yəni gözə soxula biləcək amil) olmuşdu. Hər dəfə arvad Ağabalanı aşağılayıb deyəndə ki, “bir dənə gruzavoy maşın xiyarı da aparıb Urusetdə sata bilmədün, it də getdi, ipdə getdi...”, Ağabala özündən çıxardı və cavabında deyərdi :
“- Ağəz, daş düşeydi mənim bu başıma ki, mən səninçün Maskovski işkalat almağ üçün dəridən-qbığdan çıxırdım, canavarların içinə başimi soxurdum. Bu da sənün sağolun!”
Nə isə, Ağabalanın Uruset zəhmətkeşlərinə xiyar daşımaq, daha doğrusu satmaq vaqeəsi bir ağır daş olub daim ürəyini sıxardı. Amma, atalar demişkən, dar günün ömrü az olarmış...
Ağabalan şoferlik tarixçəsinin apogeyi (yəni zirvəsi) xozeyin maşınının sükanı arxasına oturduğu gün baş vermişdi. Bu hadisə Bakıda XXI əsrin əvvəlində, yeni neft bumu dövrünün başlanmasına təsadüf edirdi. Bu həmin dövr idi ki, Bakıda yeni qoltuqlara yiyələnmiş yeni vəzifə sahibləri artıq Sovetin keçmiş nimdaş Volqalarını, hətta Çaykalarını bəyənmirdilər. İndi vəzifə əhli yalnız çox bahalı Alman, Amerikan, İngilis, Yapon maşınlarında gəzməyə üstünlük verirdilər. Rusun keçmiş Mockviçlərini, Jiqulilərini, Volqalarını indı həm qiymətinə, həm də üstünlüklərinə görə müqayisəyə sığmayan dəbdəbəli Mersedeslər, BMVlər, Reync Roverlər, Leksuslar  əvəz etməyə başlamışdı.
Bu həmin zəmanə idi ki, təhsilindən, təcrübəsindən, ağlından, biliyindən, səriştəsindən, və hətta mədəniyyətindən belə asılı olmadan, yüksək vəzifə sahiblərindən kiminsə kəndlisi və ya qohumu olmaqla, qısa zaman ərzində çox zəngin və “çox hörmətli” adama çevrilmək mümkün idi.
Əl qərəz, Ağabalanın bir nəfər yaxın şofer dostu Balaəmi, günlərin birində böyük vəzifə sahiblərindən birinin, dop-doğmaca kəndlisinin şoferi olmuşdu. Balaəmi super S Klass Mersedesin sükanı arxasına keçən kimi Ağabalaya da yaddan çıxarmamışdı. Özünün əvvəllər sürdüyü, xozeyinin ailə maşını sayılan başqa bir Mersedesin şoferliyini Ağabalaya həvalə etdirə bilmişdi. Necə deyərlər, “adamın – adamı!”
Daha bir-iki il keçəndən sonra Ağabalanın həmin şofer dostu Balaəmi sluçayna (yəni təsadüfən) şəhərin sayılan-seçilən universitetlərindən birinin diplomunu almışdı. Və elə o cür sluçayna da ali təhsilli sayılan-seçilən caillərdən biri olmuşdu. Bu hadisə baş verəndən sonra xozeyin leqal və qeyri leqal işlərində sağ əli saydığı şoferi Balaəmini təcili surətdə özünün müavini vəzifəsinə təyin etmişdi. Belə olan halda Balaəmi də srazu (yəni düşünmədən) Ağabalanı özünə xidməti şofer götürmüşdü. Beləliklə, Ağabala şəhərdə məlum nömrələri ilə seçilən, hətta qaişniklərin çest verdiyi qara rəngli, qara şüşəli S Klass Mersedesin sükanına sahib olmuşdu.
Ağabalanın həyatı birdən-birə heç yuxusunda da görə bilmədiyi dərəcədə dəyişmişdi. Hər şey əla gedirdi. Ağabalanın aylıq rəsmi əmək haqqı sürdüyü Mersedesin benzin puluna belə çatmazdı, amma dostu və xozeyini Balaəmi hər ay Ağabalanı necə lazımdı “qret eliyirdi” (yəni imkansız qoymurdu), rəsmi əmək haqqından başqa Ağabalaya min-iki min manatlıq paket də atırdı. Paket yeni neft bumu dövrü Azərbaycanda ən çox dəbdə olan jarqon, bağışlayınız, pul mükafatı idi.
Ölkəyə neftin xaricə satışından o qədər neft dollarları deyilən pullar axırdı ki, bu pulları vəzifə sahibləri və əlləri həmin dollarla oynayan məmurlar Allah naminə, insaf naminə, əlləri altında çalışan zəhmətkeşlərə paket vasitəsi ilə və xeyriyyə əlaməti olaraq ötürürdülər. Necə deyərlər, “varlığa nə darlıq!”
Hələ paket bir yana qalsın, yeni statusu Ağabalanı həm də çox lazımlı bir fiqura çevirdiyindən, çoxları öz işlərini, müşküllərini həll etmək üçün ona müraciət edirdilər. Həmin müraciətlər, Ağabalanın öz dili ilə desək, “bığ altdan keçməklər”  təbii ki, pulsuz-parasız baş vermirdi, və Ağabala böyük həvəslə, məmnuniyyətlə öz xozeyini vasitəsi ilə ehtiyacı olan zəhmətkeşlərə necə lazımdır kömək əlini əsirgəmirdi...
Ağabala ona nəsib olmuş tarixi imkanın hesabına necə lazımdır tüklənməyə başlamışdı və bu səbəbərdən axşamlar evdə arvadı ilə yeni gələcək planlarını müzakirə etməkdən həzz alırdı. Belə fikirləşirdi ki, artıq ona çoxmərtəbəli binada yaşamaq düzgün olmaz, həm də yaraşmaz. Gərək heç olmasa modda (yəni dəbdə) olan Patamdarda özünə bir dənə xudmani villa tikdirsin, yaxşı bir hovuzu ilə, bir-iki maşınlıq qarajı ilə, nə bilim daha nəyi ilə...
Allah mərdi məzarın evini yıxsın. Hər şey yağ içində bal kimi idi, o günə kimi ki, xainlər Ağabalanın dostu və himayədarı Balaəmini qurtdalamağa başladılar. Qəzetlər Balaəmini alt-üst etməkdə idilər, kimsə qurddalayıb-çıxarmışdı ki, onun əldə etdiyi ali təhsil diplomu da, sən demə saxta imiş. İnsafsızlar, xainlər yazırdılar ki, necə oldu ki, Balaəmi şoferlik etdiyi, səhər-axşam sükan dalında oturduğu dövürdə, özü də iki ilin içində 4 illik universitet təhsili diplomunu ala bildi və birdən-birə şoferlikdən böyük və mühüm əhəmiyyətli bir dövlət idarəsinə müdir müavini təyin edildi...
Ağabala həmin hadisələr vaqe edərkən çox gərgin və narahat idi, gecələr yuxusu belə ərşə çəkilirdi. Ağabalanı təəccübləndirən şofer dostu, həm də xozeyini və himayədarı Balaəminin diplomunun saxtalığı deyildi, əsla yox. Ağabala işlərin altına da, üstünə də yaxşı bələd olan birisi idi. Onu narahat edən, hətta özündən çıxaran, əsəbiləşdirən o idi ki, nə çoxdur belə vəzifəli və saxta diplomlu zadlar, axı nəyə görə gərək bu yaramazlar, bu mərdi məzarlar gəlib məhz onun sadiq dostuna, Balaəmiyə ilişəydilər.
Nə isə, Balaəmini işdən çıxarmalı oldular. Onun idarədəki dəbdəbəli kabinetini təzə təyin olunmuş xozeyin tutdu. Yeni xozeyin kreslosuna oturan günün səhərisi Ağabala xidməti Mersedesini onun yeni şoferinə təhvil verməli oldu. Ağabala yazığın ağzı nə idi ki cınqırını çıxarsın, və ya haqqını tələb etsin, başqa bir işlə təmin olunmasını xahiş etsin, işsiz qalası olduğuna görə sosial təminat istəsin...
Ağabala ağır cail idi, nə rtməli olduğunu mükəmməl bilirdi. O gün maşını yeni xozeyinin yeni şoferinə təslim edib, xeyir-duasını da verib suyu süzülə-süzülə, kor-peşman evinə döndü.
Sonralar keçmiş dostunu və xozeyini Balaəmini axtarıb tapmağa, onun vasitəsi ilə yenidən bir işıq ucu əldə etməyə çalışsa da, faydası olmadı. Məlum oldu ki, Balaəmi saxta diploma görə işdən çıxarılan kimi təcili surətdə xaricə köçübdür. Artıq Dubaydadır və oradakı villasında öz keyfindədir.      
Bir neçə müddət idi ki, Ağabala öz malalitrajka (yəni kiçik tutumlu) Yapon avtomobilində taksavatdıq edirdi. Həyat birdən-birə al-əlvan boyalardan yeknəsək boz rənglərə dövr etmişdi. Stayanka (yəni dayanacaq) yeri üçün hər gün o biri taksi şoferləri ilə, nəqliyyat nazirliyinin inspektorları ilə üz-üzə gəlmək, maşın xarab olanda saatlarla servisdə, pul olmayanda isə öz əlləri ilə təmirlə məşqul olmaq, evdə arvadının get-gedə vüsət alan dedi qoduları, bunların hamısı Ağabalanın zəhləsini tökürdü. Qonşularla məhəllədə domino çırpmaqdan da fərli bir təskinlik yox idi. Ən yaxşı halda domino axşamları Ağabala üçün yatağa gedənə qədər arvadının dedi-qodusundan, donquldanmağından xilas olmaq sarıdan bir vasitə idi.
Artıq keçmiş dostları, xozeyin şoferləri, vaxtı ilə işlərini aşırdığı adamlar  vaxtaşırı olduğu kimi Ağabalanın mobil telefonuna zəng çalmırdılar, onu yeyib-içmək məclislərinə dəvət etmirdilər.
“-Köpey oğlunun vəzifəsi, nə piş olarmış səni itirmək, əldən vermək”, deyə Ağabala hərdən dodaqaltı gileylənərdi. Nəinki keçmiş dostlar, qohumlar, hətta doğma arvadı belə, işini, gəlir və hörmət mənbəyini itirdikdən sonra Ağabalanı əvvəlki kimi saya almırdılar.
Nə yaxşı ki, Ağabala ələ fürsət düşən kimi arvadını qonşuluqda yerləşən uşaq baxçasında zavxoz (yəni təsərrüfat müdiri) vəzifəsinə işə düzəltmişdi. İndi evin əsas pul qazananı, çörək ağacı da arvad idi. Bu məsələnin, bu medalın o biri üzü də var idi. Beləki, öz maddi statusunun üstünlüyündən istifadə edərək, arvadı yavaş-yavaş Ağabalanın evdəki mövqelərini endirməkdə davam edirdi.
“-Buna bax, bu da bizim kişimiz, bir dənə iş gəlmir əlindən. Səhər damino, axşam damino. Camaatın kişiləri qaz vurur, qazan doldurur, bizimkinin elə bil əli pişibdür, başı vasmörka vurur maşınun çarxları kimi”, deyib arvadı Ağabalanı hər gün aşağılamaqdan sanki zövq alırdı.
Hələ bunlar az imiş kimi, o biri yandan da hökumət Ağabalanın doğulduğu, boya başa çatdığı, yaşamaqda olduğu qədim, köhnə, əldən gedən Sovetski məhəlləsini sökməyə və yenidən qurmağa qərar vermişdi. Hələ bu da az imiş kimi, hökumətin söküləcək evinə görə Ağabalaya verəcəyi kompensasiya (yəni haq-hesab) cəmi 30 min manat pul edirdi. Bu pula nəinki şəhərin kənarında, heç Bakı kənddərində də fərli-başlı yaşayış yeri almaq mümkün deyildi. Bu səbəbdən, Ağabala inad göstərərək verilən səmərəsiz pul payını almaqdan və məzili boşaldıb köçməkdən imtina edirdi. Buna baxmayaraq, yerli hakimiyyət nümayəndələri ona son xəbərdarləq etmişdilər. Müəyyən edilmiş vaxta kimi mənzili tərk etməyəcəyi halda, icbari qaydada Ağabalanı ailəsi ilə birlikdə çölə atacaqdılar.
 Bu ağır və lomkalı (yəni dözülməz) günlərdə Ağabalanın yaşadığı gərginliyi aradan qaldıra bilən bir əşya var idi, o da vaxtı ilə dostu Balaəminin ona bağışladığı bilgisayar (yəni kompyuter) idi. Daha doğrusu, Ağabalanın bilgisayarda özünə qulaq yoldaşı, sirdaş tapdığı “Facebook” (Feysbuk) internet səhifəsi idi.
Ağabala “Facebook” adlanan sosial şəbəkədə yeni, özünün dili ilə desək  “vozdux dostlar” (yəni virtual dostlar) tapmışdı və onlarla yazışmaqdan-pozuşmaqdan təskinlik tapırdı.  Virtual “dostlarının” sayı artıq mini vurub keçmişdi. Gecə ya işdən, ya da qonşularla domino oynamaqdan evə dönən kimi, köhnə nimdaş mətbəxdə bilgisayarını açır və öz ünsiyyət dünyasına qərq olub ötən günün acılarını, pulsuzluğun yaratdığı gərginliyi, arvadın non-stop (yəni ara verməyən) donquldanmalarını unutmağa çalışırdı.
 Bu arada Ağabalanın başına xəlvəti saxlamağa çalışdığı bir qəziyyə gəlmişdi. Virtual qadın dostlarından biri Ağabalaya qarşı həddindən artıq maraq nümayiş etdirməyə başlamışdı. Nəhayətdə bu maraq – qarşılıqlı marağa, və daha sonra daha isti və mülayim virtual münasibətlərə çevirilmişdi.
 Qara günün üzü qara olsun. Məsələ burasındadır ki, virtual cəbhədə də Ağabalanın bəxti düz gətirmirdi, mehribanlaşdığı qadın dostu rus dilli idi, və ünsiyyətdə tez-tez texniki sorumlar yaşanırdı. Ağabala hələ orta məktəbdə oxuyanda Rus dilindən həmişə zor-bəla ilə bir “3” alardı, nədənsə dil öyrənmək qabiliyyəti çox məhdud idi. Ən son müşkülü “Facebook” dostunun Ağabalaya bəzi rus kəlmələrini öyrətməyə çalışması idi. Qadın dostu bunun üçün əlindən gələni əsirgəmirdi, hətta sözlərin mənasını Ağabalanın ana dilində düzgün başa düşməsi naminə Ağabalaya şəkillər və illustrasiyalar göndərirdi.
Ağabala ilə bu rusdilli qadın arasındakı münasibətlər daha da dərinləşərək, növbəti yüksək məlum fazaya keçməkdə idi. Bu mərhələdə qadın dostu Ağabalaya “anqel” (yəni mələk) sözünü doğru və lazım olan mənada işlətməti öyrətməyə çalışırdı. “Facebook” da canlı danışıqları zamanı Ağabaladan xahiş edir di ki, ona “mənim mələyim” desin, təbii ki, özünün anladığı və arzuladığı Rus dilində.
“- Агабала, мой родной, повтори пожалуйста еще раз, у тебя все лучше получается. Скажи мне, ты мой ангел. У тебя обязательно получится”
(yəni, “Ağabala, mənim əzizim, zəhmət olmasa bir də tələffüs et, get gedə səndə daha yaxşı alınır. Mənə de ki, sən mənim mələyimsən. Səndə mütləq alınacaq.” )    
Tərslikdən də, Ağabala “ tı moy anqel” (yəni sən mənim mələyimsən) ifadəsini fərli-başlı tələffüs edə bilmirdi. Elə hey “tı moy anqel” əvəzinə “tı moy əngəl, tı moy əngəl” deyirdi.  Bu anlarda Ağabalanın qadın dostu xəttin o biri başında gülə-gülə, nəvazişlə dilçilik imkanlarını işə salırdı, amma Ağabalanın tələffüzü düzəlmirdi ki, düzəlmirdi.
Gecə yarısı Ağabala astaca, oğrun-oğrun, arvad oyanmasın deyə, yatağına girdi, yorğanı başının üstünə kimi çəkib beynində virtual qadın dostu ilə son söhbətlərini canlandırmağa başladı, astadan “tı moy əngəl, tı moy əngəl, əngəl” deyə-deyə yuxuya getdi.
“-A kişi, a kişi dur ayağa, evün yıxılsun sənün! Səhərə kimi yuxuda o qədər əngəl, əngəl diyib sayıxladun ki, axırda əngələ saldun bizi! Dur, tez elə, dur, evi sökdülər”, deyə-deyə Ağabalanın arvadı qışqırırdı.
Sübh çağı idi. Ağabala qışqırıq səslərinə yuxudan dik atıldı, küçədən gələn motorların gurultusu altında tələm-tələsik əynini geyinib, nimdaş şap-şuplarını ayağına taxa-taxa bayıra qaçdı. Nəhəng bir ekskavator artıq onların həyət divarlarını söküb ağır yük mşınına yükləyirdi. Hər tərəfi torpaq tüstüsü bürümüşdü.
Arvad ekskavatorçunun və yerli hakimiyyət nümayəndələrinin üstünə bağırırdı, dişinin dibindən çıxanı döşüyürdü. Sən demə, evi boşaltmaq barədə son xəbərdarlıq vaxtı artıq bitmişdi.
Ağabala məyus-məyus, sıxılmış və boğulmuş halda, bir az da əsəbi tərzdə mənzərəyə tamaşa edirdi, heç bilmirdi nə desin, nə etsin. Bu anda dilindən bir kəlmə qopdu: “Ağabala, yattığun yerdə əngələ düşməy bu du a...           
hEKAYƏ                                                                                                                                                                                             
Qüdrət Qulu