Nəfsinizə hakim olmağın yolları

 
 
Onları mənimsəmək üçün haqqa gəlin...

Nəfsinizlə mübarizə aparmağın 19 yolu var...!

Manitorda çubuqla göstərilən damarvari “çertyoj” diqqətimi çəkdi. Tədbirə, “İdeal sülhün təmsilçisi fondu” tərəfindən dəvət almışdım. Toplantının mövzusunun nə olduğu, gecikdiyimə görə tam olaraq yadımda qalmayıb. Qapıdan içəri girəndə bəylərdən ikisi ayağa qalxdı, buyurun xanım keçin əyləşin. Qış aylarının oğlan çağıydı çöldə sazaq ağız-burun dondururdu. Əllərim əlcəkdə göyərmişdi. Elə yəqin bu halımı görüb ikisi birdən ayağa qalxmışdı. Qadınlar  üzümə məttəl qalmışdılar. Heç kəsə fikir vermədən keçib oturacaqlardan birində oturdum...

...Bəli, harda qalmışdıq? Nəfsin saflaşmasında... Çubuğu o tərəf-bu tərəfə yellədi. Hamı öz nəfsini tərbiyyə edə bilər. Ancaq kim nəfsini saflaşdırmaq istəyirsə buyursun tədbirdən sonra əlamanımıza yaxınlaşsın. Yanında iki gənc əyləşmişdi biri kompüteri idarə edir, digəri büzüşüb öz içinə mağmun görkəmdə oturmuşdu. Tədbir iştirakçıları hamısı dolğun yaşlardaydılar. Hərəsi bir təşkilat rəhbəri olduğunu sonradan öyrəndim. Qadınlar öz hallarında qeybətləriylə məşğuluydular. Manitorda izah edən adamın danışığı məni valeh etmişdi. Gur səsində əzəmətlilik, yalnız moizəyə oturur, süurun alt qatına öz təsirini ötürmədən yan keçmirdi. Ürəyimdə düşündüm yox mütləq tədbirdən sonra bu adama yaxınlaşıb maraqlanacağam, görüm bunlar hansı təriqətin mənsublarıdır? Arada, Hz. Əlidən danışırdı. Hz. Əli deməsindən öz əqidəmə oxşarlıq da hiss elədim. Axı digər məzhəblərin nümayəndələri Əliyə, həzrət demirdilər! Tədbir başa çatdı. Öpüşüb görüşənlər qarışdılar bir- birinə. Manitorda izah edən adam özü dediyi kimi əlamanlarıyla çəkilib bir tərəfdə müşahidə edirdilər. Bunlara yaxınlaşdım

- Bağışlayın, siz hansı məzhəb, yaxud təriqətin mənsublarısınız? Manitorda izah edən oğlan dilləndi:
-Mənim adım Nizami. Növbəti suala keçməyə imkan vermədi.  Xanım, doğrudanmı sizin fikriniz ciddidir? Nəfsinizi saflaşdırmaq istəyirsiniz?
–Əlbətdə kim nəfsini saflaşdırmaq istəməz ki?!
- Onda mənim nömrəmi verin bu xanıma zəngləşib görüşək, o söhbətlər belə küçədə danışılacaq söhbətlər deyil, istəsəniz yaxınlarınızdan qohumlarınızdan, rəfiqələrinizdən dəgətirə bilərsiniz.
- Yox, öncə mən özüm. Hələ bilməliyəmmi siz nə işlərlə məşğulsunuz, gedişim harayadır, sizi tanımalıyam ya yox?
– Danışdıq, siz ürəyinizi rahat tutun və sizə zəng edəndə biz deyən ünvana gəlin. Narahat olmayın, siz hicablı xanımsınız ədəbli yer tapıb əyləşəcəyik.
Iki gün keçdi. Marağımdan gecə-gündüzüm yoxdu. Zəng etdim.
-Alo, kimdir?
-Mənəm hicablı qız iki gün əvvəl əlamanlarınız nömrəni vermişdi.
-Həə, tanıdım xanım. Sabah saat on ikidə Nizami metrosunun çıxışında olun sizi gəlib götürəcəklər.
Şir ürəyi yemişəm nədir, heç nədən qorxmuram. Məni həmən içinə yığılıb oturan gənc götürüb altmışbeş nömrəli maşrutla “Mum”un yanındakı restorana apardı. Iki nəfər əyləşib, olduq dörd nəfər, qəşəng çay gəldi şokoladlı mürəbbəli...Nizami məni təqdim etdi.
-Siz bizdən birisiniz bu gündən, bizdən biri olan bacımızdır. Sizə bacım deyə müraciət edəcəyəm etirazınız yoxdur ki?
- Əlbətdə yox, buyurun:
-Bacı, bizə çox ad deyirlər; kimisi nəxşibəndi, kimisi, İbrahimi, kimisi Mehdiçi. Biz on ikinci imamın davamçıları bir baş onunla əlaqə saxlayan adamlarıq.
Gülməkdən özümü güclə saxlayıram arada dodağım qaçır, üzümü yana çevirirəm görməsinlər. Nə qədər qaçdımsa mümkün olmadı.

–Sizə gülməli gəlir amma həqiqəti deyirəm. İstəsəniz sizə zikirlər kitabı da verərəm.
Çantadan bir kitabça çıxarıb masanın üstünə qoyur
-Buyur bacı. Gedib evə axşam namazlarından sonra hacət namazı qılacaqsan dörd rəkət. Öncə niyyət edəcəksən, Allahım sən mənə doğru yolu və mürşidimi göstər. Namazdan sonra danışma eləcə yat. Sabah əlaqə saxla, görək nə yuxu görmüsən?
-Bir şərtlə sizin dediklərinizi edəcəyəm, əqidəmdən dönməyəcəyəm.
-Olsun siz deyən!
Axşam bunlar dediyi kimi, namazdan sonra dörd rəkət namaz qılıb danışmadan yatağıma uzandım, nə vaxt yuxulamışam bilmirəm, həmin gecə heç nə görmədim. Sabah zəng elədim qardaş bağışlayın mən namaz qıldım yuxu görmədim.
–Ola bilməz! Bu axşam yenidən yat.
Maraqlıydı axı yuxuda mənə nə deyəcəkdilər? Ikinci gecə də eyni hal təkrarlandı. Artıq şübhələrim köklənməyə başlamışdı. Sabah doqquzda zəng gəldi.
         -Bacı nə gördün?
-Heç nə.
-Ola bilməz!
-Olub.
-Yaxşı bəs zikr edirsən?
-Bəli edirəm.
-Sayını yeddiyüz əlliyə qaldır, namaz qıl.
Üçüncü gecə gördüm. Bir səs:
-“Nə istəyirsən?”
-Doğru yolda olub olmadığımı.
-Sənin əvvəlki əqidən ən doğru yoldur
Sabahısı bir də zəng gəldi.
-Bacı nə dedilər?
-Dedilər ki, sənin əvvəlki əqidən ən doğru yoldur-çıxılmaz vəziyyətdə- əgər elə deyiblərsə elədir. Amma, zikirləri əldən qoyma minikiyüzə bir həftə sonra min beşyüzə qaldır sayını.
Hər gün zikr edirdim. Qəribə hallar baş vermişdi. Namazda qalxırdım qatlara. Birinci ikinci qat yadımda deyil, üçüncü qatda taxt, qılınc, dördüncü qatda dəniz, beşinci qatda üçbucaq şəkildə namaza durmuş başı ağ çalmalı öndə müctəhid kimi geyinən onun arxasında üç bucaq düzülmüş muridlər dayanıb namaz qılırdılar. Sol tərəfdə şeytan peyda olub gülürdü. Ilk dəfə bərk qoruxmuşdum. Metofizik qatlara birdən birə xəbərim olmadan varmışdım. Zikri dayandıranda nə qədər edirdim enə bilmirdim qorxulu hal yaranmışdı. Vücudum və ruhumla qalxmışdım. Sabahı gün zəng vurdum ki, o qatların anlamı nədir. Çaşbaş qalmışdılar sən nə danışırsan illərlə ömrünü verənlər o qatlara qalxmayıb sənmi qalxdın həm də bir həftənin içində?
–Bəli mən qalxdım.
-Təcili görüşməliyik. Allahla ruhən beyət eləmisən cismən də beyət eləməlisən.
-Aaa, o nə cür baş verəcək?
-Gələrsən görərsən.
-Axı mən əvvəl də məqamın olduğunu, metofizik yaşadığımın fərqindəydim, bunun sizin əqidəylə əlaqəsi yoxdur...
-Yaxşı özünüzü hazır biləndə görüşərik.
Bir həftə sonra marağımı gizlədə bilmədim. Allahla beyətin anlamını bilməliydim. Yenidən Nizami metrosunda görüşdük? Bu səfər yanlarında bir qadın da vardı, ayələrlə dəlillər gətirdilər və beyətə götürdülər. Bəlkə öldürməyə aparırlar, bu nə işdir, ya da böyrək çıxaran qruplaşmayla qarşılaşmışam?! Hər nəysə əsas odur ki, yoldayıq gedirik. Bir binanın önündə dayandıq. Dar çığırlarla digər binanın üçüncü qatına qalxdıq. Qapının zəngi çalındı, bir qadın açdı qapını. Bu qadınla qucaqlaşıb görüşdülər, deyəsən əvvəlcədən tanışıydılar.
-Qadın: Buyurun keçin. Bu xanım kim?
-Beyət etməyə gətirmişik artıq bizdən biridir.
-Hə, lap yaxşı adım Aynurədir.
Keçib əyləşdik. Üzünü Nizamiyə tutub;
-Nizami bəy, sabah Moskvaya uçuram. Ordakı əlamanlarımız öz öhdəliklərini doğrultmadığı üçün mürşidimiz azad edib. Indi sabah tezdən uçub axşama qayıdacağam. Üç nəfər bizim yolumuzu gözləyir. Ordan da iki saatlıq məsafədə on nəfər beyət üçün hazırdır. Yaxın zamanda Türkiyədə, Azərbaycanda, Moskvada sayımız çoxalaraq dünyaya haqq əqidəsini çatdıracağıq “Turan”ın başçısı olacaq ağamız...
Aynurə davam etdi:
-Qardaşıma deyirəm ki, öl yerin cəhənnəmdir, sənin kimisi olmasa cəhənnəm boş qalardı. Mən sizə haqq yolun başından şəhərə girişinizi sağlayıram darvazanı açıram ki, ölmə gəl cənnətə daxil ol. Arada mənə tərəf dönüb xanım çayınızı için soyutmayın. Əsas odur ki, siz əlhəmdülillah bizdənsiniz. Mürşidimiz hələ icazə vermir ki biz haqq yolumuzu açıqlayaq gün gələcək açıqlayacağıq. Mehdi zühur olacaq, haqsızlığın kökünü bu yer üzündən kəsəcək. O ki deyirlər ey Mehdinin qolu uzundur ha, bax o qollar bizik, sabah misyamızı yerinə yetirmək üçün biletim hazırdır. Hər yeri görür bəli, biz onun görən gözü uzanan qoluyuq. Siz də bir vaxt gələcək görəvləndiriləcəksiniz.
Sakitcə çayımı içir, sözləri təhlil edirəm. Sükut çökdü araya. Çayım bitər bitməz;
-Xanım, beyət vaxtıdır gedək Allahın əlini öpün.
Elə bildim Allahın simvolu nəsə var, otağa keçən kimi, əlini mənə uzatdı buyur Allahın əlindən öp. Artıq yaman yerdə axşamladığımın fərqindəydim. Bir əli öpməklə ölməyəcəkdim ki? Çox adətlərdə əl öpür göz üstə qoyurlar. Elə bilərəm elə adətlə qarşılaşmışam. Təəccübümü də gizlədə bilmirəm, yanağıma istilik çöküb. İkinci dəfə bir az səsini ucaltdı, eşitmirsən xanım, Allahın əlindən öp. Nəysə, əmrə müntəzim, dodağımı əlinə yapışdırıb alnıma sürtdüm. Xanıma ev şəraitində görəv vermişdilər ixtiyarı yox idi başını pəncərədən çölə çıxarsın. Mürşid icazə verməsə, bazara, dükana, qonşuya da gedə bilməzdi. Axı Allahıydı “Allah” özündən aşağı işlərlə məşğul olmazdı...
Sirddhartha “Brahmanizmliyi tərk edib “Şaman”lara qoşulub həqiqət axtarışına çıxdığı kimi, mən də,“İrfan” axtarışındayam. İrfani-qatları, seyri süluk etmək, canlı-canlı yaşamağın yolunu axtarıram...
Hələ də, namazımın sözlərini, əqidəmi dəyişməmişəm...Zikirləri dayandırmıram hər gün minbeş yüzə çatdırmışam. Maşrutda gəlirəm tıxacı vercimə almıram. Hamı qışqırıb bağırır, mənsə bunlar dəlidirlərmi nə olub? Gedirik öz havamıza, zikirlərimə davam edirəm.
Binalar uçur, insanlar qarışqa kimi görünür gözümə, hamısının üzündən günah yağır, yolundan saxlayıb bir-bir yalnış yoldasınız, haqq yola gəlin, hayqırmaq istəyirəm. Hamısı günahkardı. Cəhənnəm bunlarla dolacaq. Kaş ki, xilas edə bilsəydim... Namaz qıldıqca qatlara qalxıram. Sehirli aləmdə sehirlənmişəm...
 Zəng eləyirlər ki, bacı sən ərəbcəni bilirsən işsizsən gəl səni işlə təmin edək, sən də qazancının sıfrtam beş faizini (yəni beşdən birini) deyirəm bacı, Amerikaya ağamıza yolla, halal pul ye. Fikirləşirəm yox, axı bunlar doğru yolda olsalar bu qədər şübhəli hərəkət eləməzdilər. Inşallah, deyib üstündən keçirəm. Mehdini görmək arzusu ilə yanıb tutuşuram birdən mənə İsgəndər Evrənosoğlunun şəkilini göstərirlər bax, Mehdidir. Çox sağlamdır velosiped sürür Mehdi cəlali məcmal. Özünün şəxsi təyyarəsi, vertalyotu, villası var...
Mehdiyə aid olan sifətləri xatırlayıram. Mehdi bu qədər yağın-balın içində necə ədalətli ola bilir? Mən burda acımdan ölürəmsə o necə milyonların sahibidir ki, yetimə, yesirə, ac -susuza əl tutmur? Ədalətli olan şəxs gərək özü də əməl eləyə, elə deyilmi? Birdən səs məni düşüncəmdən ayırır;
-Bacı, sizin evdə “Peyk antennası” yoxdursa, uşaqlar alıb quraşdırsınlar. Onlar üçün şərəfdir ki, sənin kimi bacılarına xidmət eləsinlər.
Yox demirəm, veriləcək suallara başım ağrıyacaq düşünürəm, yola verirəm bir növ. Növbəti gün quran ayələrinin təhlili gəlir. Mənim öyrənib bildiklərimin tam əksi. İlişib qalıram doğru yolda çaşqınlığa məruz...
-Ən sonda: Sən, bizim aramızdasansa sənin hər işindən xəbərimiz olmalıdır, Mehdiylə əlaqə saxlayanda onu məlumatlandıraq. Evdə danışdıqlarını nə yeyib içdiklərini bilməliyik. Burda örkəni boğazımdan çıxarmağa yol axtarıram. Deyirlər ha... Mehdi hər yeri görəcək bəs bu yolla görür də.
-Qardaş siz nə danışırsınız? Bəs insanın özünə məxsusluğu?
-O olmayacaq.
-Desənizə Mehdi şəbəkə sistemi qurub?
-Bəli, sənin şəbəkədən də xəbərin var bacı? Sənə bir şey də deyim: İmam Hüseyn nasix tövbəsi etmişdi.  Ona görə Kərbəladan geri qayıda, Allahın əmrindən çıxa bilmədi...
-İndi nə demək istəyirsiniz?
-Bizim ikinci atılacaq addımımız qalıb. Sən nasix tövbəsi etməlisən. Nasix tövbəsi edəndən sonra Allahın əmrlərindən çıxa bilməzsən.
-Allah kimdir, Aynurə?
-Bəli, Allah onun vücudunda təcəlli edib.
-Qardaş, bağışlayın, sizin Allahınız günahkardır. Allah öz qardaşına cəhənnəmlikdir deməzdi. Mənim tanıdığım Allah bu qədər çirkinlikləri özündə cəmləməyib əksinə gözəlliklərlə zəngindir. Həm ixlas surəsində “nə doğub nə də doğub” deyilir. Aynurə isə bir kişidən bir qadından əmələ gəlib. O Allah ola bilərmi?
-O məsələ dərindir, bir gün danışarıq.
-Bir günlər çox gəlib keçər...
Xəttin o başında səs kəsilir. Ertəsi gün zəng gəlir, əsəbi halda qışqırır, daha siz bizim bacımız hesab olunmursunuz, kafirsiniz. Əgər dindən çıxmısınızsa kafirsiniz...
-Mən sizin dinə nə vaxt girdim ki, bir çıxım da? Eybi yox, mən kafirəm, siz müsəlman olaraq qalın. Sizin bacınız deyiləm, amma siz mənim qardaşımsınız. Qiyamət günü varsa mütləq görüşəcəyik. İsgəndər Evrenosoğluna deyin ki, arada aclara, yetimlərə, miskinlərə göz gəzdirsin axı Mehdi ədalətli biridir?!...

Gülnarə İsrafil.