​Neyron Esteziyası - 2

 
 
Altı yaşlı doğmaca balasının başını acımasızca kəsən də insan, öz əməyini təklif eləyəndə belə, utanan da insan. Bəs eyni növdən olan, eyni havanı tənəffüs edib oxşar qidalarla qidalanan bu iki canlı arasındakı fərq uçurumu nədən qaynaqlanır? Tərbiyə adlandırdığımız, yaxınlarının davranışı və ətraf mühitin təsirindən ibarət kompleksdənmi? Yoxsa, genetik yükdənmi?
 
Əlbəttə, birinci faktor müəyyən xüsusiyyətlərin formalaşmasında və təzahür etməsində əsaslı rol oynaya bilər, amma belə uçurum yaradacaq qədər təsir gücünə malik deyil. Nəhayətdə, tərbiyə faktorunun təsir gücü, orqanizmin ona nə dərəcədə həssas olub-olmamasından asılıdır. Orqanizm isə təbiəti etibarilə tərbiyəni yad ünsür olaraq qəbul etdiyindən, ondan daima qaçmağa çalışır. Bu mənada tərbiyə məhdud təsir gücünə malikdir.
 
Gen isə olduqca eqoist bir şeydir. Sənə valideyinlərinin mərhəmət, sevgi, dozümlülük və s. gözəl hesab olunan xüsusiyyətlərini ötürdüyü kimi, nəinki məzarını, adını belə bilmədiyin,yeddi arxa dönənindən hansısa bir zırramanın bütün pis xüsusiyyətlərini və hətta reallaşdıra bilmədiyi hansısa murdar arzu və istəklərini də kodlaşdırıb yükləmiş olacaq.Və sən, istəsən də, istəməsən də bu xüsusiyyətlərin daşıyıcısı olacaqsan ki, bu da tamamilə anlaşılandır.
 
Sonucda, sən sadəcə bioloji mexanizmsən. Genetik Yük dediyimiz şey də məhz budur.
 
Amma üzülməyin, beynimizin çox incə bir xüsusiyyəti var ki, bizə genetik yükün təsirini azaltmağa və bəzi hallarda yox etməyə imkan yaradır. Bu xüsusiyyətin adı həssaslıqdır.
 
Bu imkanı bizə, beyin qabığımızdakı (ölçüləri 104 - 105 mikron) və sağ beyin yarımkürəmizdəki (ölçüləri 4 -5 mikron), bir-biri ilə əlaqəli olaraq çalışan, çox kiçik hesab oluna biləcək hüceyrə qrupları verir. Daha doğrusu, bu hüceyrə qruplarının qıcığa olan həssalığı. Qalır onlara necə bir qıcıq ötürəcəyimizə qərar vermək. Bu isə, artıq öz seçimimizdir.
 
İnanc, sevgi, qəddarlıq, vicdan və s kimi hisslərimiz də məhz bu qrup hüceyrələrin funksionallığından - ötürücülüyündən, həssalığından və bir-biri ilə qarşılıqlı ion mübadiləsindən asılı olaraq təzahür edir. İddialara və fərziyələrə qətiyyən inanmayın, dahi bir insanın beyni ilə ən axmaq insan beyni arasında əhəmiyyətli bir fərq tapa bilməzsiniz.
 
Onlar arasındakı fərq, olsa-olsa bu qrup neyronların funksionallığında, ötürücülüyündə və ötürücülüyü təmin edən çıxıntılarının ölçüsündə ola bilər. Bu hüceyrə qruplarının, baxış bucağımızdan asılı olaraq həm mənfi, həm də müsbət hesab oluna biləcək başqa bir əhəmiyyətli xüsusiyyəti daha var - asılılıq.
 
Bu hüceyrələrdə onlara mütəmadi olaraq ötürülən qıcığa qarşı, müəyyən zaman həddində olduqca güclü asılılıq yaranır. Və məhz bu asılılıq xüsusiyyəti əksər insanların həyatını necə yönləndirməsində əsaslı rol oynayır.
 
Məsələn, əgər sizin genetik yükünüzdə inanc və qorxu əlamətləri (bu əlamətlər, istisnasız olaraq az -çox bütün insanların genetik yükündə olur ) ağırlıq təşkil edirsə, siz potensial dindarsınız. Və bu azmış kimi, siz həmin neyron qruplarına mütəmadi olaraq bu yönümlü qıcıqlar ötürürsünüzsə, bu sizi dini radikalizmə qədər götürəcək. Bu zaman isə siz artıq real təhlükəsiniz. Özünüz üçün də, ətrafınız üçün də.
 
Bir dəfə, qatı bir dindarla söhbətimdə mənə, " əgər sən ateistsənsə niyə ürəyin istədiyi şeyləri etmirsən - niyə oğurluq eləmirsən, niyə qadınları zorlamırsan, nədən qorxursan?" demişdi. Və mən bir daha əmin olmuşdum ki, bu cür insanların özünüidarə mexanizmi qorxu üzərində qurulub. Mən bu insana necə anladaydım ki, mənim bu cür istəklərim yoxdur?
 
Kiməsə və nəyəsə zərərinin olabiləcəyini düşündüyüm hansısa bir istəyim olarsa belə, onu korrektə etmək gücünə sahibəm. Bu gücü mən zəhmətimlə və əzmimlə qazanmışam, bütün düşüncəli insanlar kimi. Bu insanların anlamalı olduğu, amma heç vaxt anlamayacağı çox sadə bir şey daha var - dinlər, məhz əllə tutulur bir şey verə bilmədiyindən cənnət, cəhənnəm, huri və s kimi vədlər verərək, qeyd etdiyimiz hüceyrə qruplarında asılılıq yaratmaq mexanizmi əsasında işləyir.
 
Mən fanatik dindarların təhqir və təhdidlərinə mütəmadi olaraq məruz qalsam da həmişə demişəm və yenə də deyirəm: Tanrısız bir dünya daha gözəl olardı. Amma təəssüf ki, bu tanrı, həssas hüceyrə qruplarının təkamüldən aldığı ilk qıcıqdan bu yana var və durmadan elə onun yaranmasına səbəb olan insanların qanını tökür və tökəcək də. Səbəb isə çox sadədir - anormal həssaslıq və bu həssalığın beyinin funksionallığında yaratdığı qarışıqlıq.
 
Dindarlardan tez - tez, "inanmırsansa sayğı duy, hörmət elə" kimi klassikləşmiş ifadələr eşidirəm. Dəyərli həmdünyalarım, gözəl insanlar, gəlin sizə bir - iki cümləylə məsələnin məğzini izah edim, kim bilir, bəlkə bu cür mənasız ifadələdən əl çəkdiniz. Bəli, inanma ehtiyacınıza sayğı duymaq borcumuzdur, çünki bu birbaşa sizin genetik yükünüzlə bağlı olan bir şeydir. İnancınıza sayğı duymağa isə heç kəs borclu deyil. Çünki genetik yükünüzə təsir etmək, onu istiqamətləndirmək və seçim etmək sizin öz əlinizdədir.
 
İnsan min illər öncəki əcdadından tutmuş ən yaxın əcdadına qədər hər kəsdən nələrsə daşıyır. Bu "nələrin" nə ola biləcəyini heç vaxt dəqiq olaraq bilə bilməzsiniz. Onu korrektə etmək - pis xüsusiyyətləri və vədişləri daha dərin qatlara gömüb, özünüz üçün də, cəmiyyət üçün də faydalı olanlarının təzahür etməsinə şərait yaratmaq isə öz əlinizdədir.
 
Və bir də inanclılar, lütfən, bizim kimi, minlərlə kitabdan ibarət mütaliə bazası olan insanlarla mübahisə etməzdən öncə, heç olmasa, müqəddəs hesab etdiyiniz kitabları oxuyun. Qorxaraq və inanaraq deyil, sorğulayaraq və anlayaraq oxuyun. Lütfən!
Genetik yükdən qurtulmağın isə bircə yolu var - həssas hüceyrə qruplarına mütəmadi olaraq doğru qıcıq ötürmək. Bu isə sadəcə, daima oxumaq və öyrənməklə mümkündür. Onu da qeyd edim ki, bu hüceyrələrin nüvələrində ifraz olunan maddələr və bir-birilə qarşılıqlı ion mübadiləsi, onlara ötürülən qıcığın növündən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişir. Normal və anormal həssalıq da məhz bu mexaniz əsasında yaranır.
 
Yox, əgər siz bir az daha fərqli düşüncəyə sahibsinizsə, məsələn,"dinlərə və peyğəmbərlərə inanmıram amma tanrının varlığına inanıram" deyə düşünürsünüzsə, bu isə o deməkdir ki, siz qorxu yükünüzü qoruyaraq qıcıq ötürürsünüz. Bu da tamamilə yanlış bir yoldur və sizi "düşüncə sərsəmliyi vadisi"ndən başqa bir yerə götürməyəcək.
 
Xüsusilə gənclərimizədir sözüm: Aydın və xoşbəxt gələcəyə gedən yol məhz sizlərin düşüncələrinizdən keçir. Unutmayın, sizin bu günkü yaşantınız, davranışınız, hissləriniz, hətta arzu və istəkləriniz gələcək nəsillərinizin genetik yükünü formalaşdıracaq. Bezmədən və yorulmadan oxuyun. Narahat olmayın, beyniniz əməyi sevən orqandır və doğru istiqamətləndirildiyində əsla yorulmaz. Sinir hüceyrələrinizin yorulmazlığını isə sizə mən yox, N.E.Vvedinski deyir.
 
Əksinə, oxuduqca beyniniz hər gün bir az daha funksional, bir az daha effektiv olacaq. Oxuyun! Bədii kitabları, elmi araşdırmaları mütəmadi oxuyun. Oxumaq sizə cəsarəti, hansı məqamda necə davranmalı olduğunuzu, sevməyi, dəyərin və həqiqətin əslində nə olduğunu öyrədəcək. Oxuyun! Bir-iki babat hekayə yazıb, sosial şəbəkələrdə filosofluq edənlərin gic-gic statuslarına uzun-uzadı şərhlər yazmaqla zaman itirməyin. Oxuyun!
 
Bu sizə, heyranlıq duyduğunuz insanlardan dəfələrlə güclü beyinə sahib olduğunuzu öyrədəcək. Özünüzü tanımaq üçün, beyninizin əslində nəyə qadir olduğunu bilmək üçün oxuyun. Azad, güclü, cəsarətli olmaq üçün, özünüzü daha yaxşı hiss etmək üçün oxuyun. Ən əsası isə, insan ola bilmək üçün oxuyun.
 
Başa düşürəm, hansı qanunlarla idarə olunduğu bəlli olmayan cəmiyyətimiz və hakimiyyətimiz var. Problemlərimiz saysız-hesabsızdır, anlayıram. Amma məhz belə cəmiyyətə və hakimiyyətə sahib olmağımızın kökündə də savadsızlığımız durmurmu?
Sistematik olaraq oxumaq isə sonrakı işdir. Bunun üçün sizin kifayət qədər geniş bir mütaliə bazanız olmalıdır. Yolun bundan sonrasını isə sizə beyniniz özü göstərəcək, narahat olmayın. Oxuyun.
 
Bütün oturuşmuş cəmiyyətlərdə dövlət, əhalinin mütaliəyə təşviqi üçün müxtəlif tədbirlər görür. Elə məhz bu səbəbdən də oturuşmuş cəmiyyət yaranır və bu mexanizmlə də özünü qoruyub, yaşadır. Azad fikirli insanları həbs edən, ziyalısını ehtiyac içində boğan, xalqa qul gözüylə baxan bizim hakimiyyətdən bunları ummağın doğru olmadığını anlayıram.
 
Amma bu, hər halda onların vəzifəsi və borcudur axı. Tarix isə heç bir borcu unutmur və bağışlamır. Gec ya da tez, bütün borcları ödətdirir.Amma lap elə tutaq ki, günü sabah bu hakimiyyət cəmiyyətdə beyin inqilabı etməyə qalxsa belə, bunu bacarmayacaq. Çünki, bunun üçün öncəliklə öz beyinlərinin normal funksionallığını artırmalıdırlar.
 
Bütün bu söylədiklərimdən sonra hakimiyyət nümayəndələri cəmiyyətin maariflənməsi üçün hansısa tədbirlər görmək haqqında düşünməkdənsə, məni, onları beyinsiz adlandırmaqda günahlandırıb, ləkələməyə, cəzalandırmağa çalışacaqlarsa, bunun nə anlama gələcəyini özünüz düşünün.
 
Qısacası, genetik yükünüzdən, çürük dəyərlərə sahib cəmiyyətdən və yarıtmaz hakimiyyətdən qurtulmaq üçün oxumaq lazımdır. Daima oxuyun. Oxuyun, sadəcə oxuyun!