«Newsweek» TÜRKİYƏ ORDUSUNU ÇEVRİLİŞ ETMƏYƏ ÇAĞIRDI!

 «Newsweek» Türkiyə ordusunu çevriliş etməyə çağırdı«Türkiyədə durum pisdir və daha da pisləşir. Səbəb təkcə törədilən terror hücumları, bu sarıdan təhlükəsizlik əndişəsinin artması deyil. Dövlət borcu sabit qala bilər, ancaq özəl sektorun borcu nəzarətdən çıxır, turizm sektoru çökür, milli valyutanın zəifləməsi hər bir vətəndaşın alıcılıq qabiliyyətinə təsirini göstərir».
«Newsweek» dərgisində Maykl Rubin yazır ki, geniş mənada prezident Rəcəb Tayyib Ərdoğan nəzarəti itirməkdədir. Opponentlərini həbsə atdırır, qəzetlərə basqın edir, sultanlara, xəlifələrə layiq kimi saraylar tikdirir. Bu yaxınlarda isə Konstitusiya Məhkəməsini buraxmaqla hədələyib.
Ölkədə korrupsiya tüğyan edir. Hətta hakim partiya üzvləri prezidentin paranoyası barədə pıçıldaşmağa başlayıblar. Türkiyə ordusu getdikcə daha artıq anlayır ki, Ərdoğan ölkəni müharibəyə sürükləyir. Kürdlərlə əvvəlcə danışıqları bərpa edir, daha sonra münaqişəni körükləyir... Ərdoğan uzun müddət ordunu diz çökdürməyə çalışıb. İndi ordu Ərdoğanı devirsə və yaxın ətrafını həbsə atdırsa, bu uğuru əldə saxlaya bilərmi?
Müəllifin fikrincə, cavab «hə»dir. Seçki mövsümü yaşayan Obama administrasiyası çevriliş liderlərini çətin ki cəzalandırsın. Özəlliklə də, əgər onlar dərhal demokratiyanın bərpası cığırında yol alacaqlarsa.
«Ərdoğan Misir prezidenti Məhəmməd Mursi kimi rəğbət doğurmayacaq. Mursi devriləndə, hələ də demokratik öhdəlikləri necə yerinə yetirməsi müzakirə olunurdu. Türkiyə lideri barədəsə bunu demək olmaz. Nə respublikaçı, nə də demokrat namizədlər ABŞ-ın nüfuzunun zərbə altında qoyulmasını, status-kvonun bərpasını istəməzlər. Onlar çevrilişə qarşı boş bəyanatlar verər, ancaq yeni rejimlə işləyərlər».
Müəllif yazır ki, çevriliş liderləri həbsdəki jurnalistləri, akademikləri azadlığa buraxmaqla, bağlanmış qəzetləri, televiziya stansiyalarını açmaqla Avropa və Amerikadan insan haqları fəallarının tənqidlərinin də üstünə su səpə bilərlər. Türkiyənin NATO üzvlüyü əngəl yarada bilməz: Türkiyə və Yunanıstan öncəki çevrilişlərdən sonra NATO üzvlüyünü itirmədilər. Yeni rəhbərlik kürdlərlə səmimi işləsə, onlar da yola gələrlər.
«Ərdoğan dostlarının onun tərəfini tutacağına ümid bəsləyə bilər, ancaq dostlarından çoxunu onun gücü cəlb edir. Saraydan çıxarılınca, İraqın keçmiş lideri Səddam Hüseyn kimi tənha qalacaq... Proqnoz vermirəm, ancaq Türkiyədə artan narazılığı, ordunun bundan artığına dözməyəcəyini nəzərə alanda, heç kəs Türkiyənin təlatümlü siyasəti daha da çalxalanarsa, təəccüblənməsin», - nəşrin müəllifi belə yazır. (Azadlıq Radiosu)