​Neft gəlirləri bölünür: Xalqa pay çatacaqmı?

 
    
 
Rusiya Dövlət Duması neft gəlirlərinin əhali arasında paylaşdırılması barədə qanun layihəsinə baxır. "RİA Novosti" xəbər verir ki, müvafiq sənəd Dövlət Dumasının məlumat bazasında dərc edilib. Layihənin ilk növbədə rəsmi olaraq çalışanlara və pensiyaçılara aid ediləcəyi bildirilir. Deputatların təklifinə görə, ilk maliyyə ilində səlahiyyətli orqanlar federal büdcəyə faydalı qazıntı hasilatından daxil olan ödənişlərdən əldə edilən gəlirin 20 faizini paylamalı olacaqlar. Hər növbəti il vəsaitlərin 2 faiz artırılması təklif edilir.  Hesablamalara görə, əgər qanun layihəsi vaxtında qəbul olunarsa, 2018-ci ildə hər bir Rusiya vətəndaşı 10 min rubl (172 dollar) əldə edə biləcək. Rusiya hökuməti hələ ki, təklifə qarşı olduğunu bildirib.
 
Neft gəlirlərinin birbaşa əhaliyə paylanması istiqaməti bir çox ölkələrin təcrübəsində müşahidə edilir. Misal üçün, ABŞ-ın Alyaska ştatında neft gəlirlərinin bir qismi əhaliyə paylanır. Neft bumunun əvvəlində Alyaskada infrastrukturun (avtomobil yolları, biznes-mərkəzlər, mədəniyyət qurumları, su təminatı sistemləri, idman mərkəzləri, məktəb hovuzları və sair) inkişafına böyük ehtiyac var idi. Lakin konkret layihələrə xərclərin böyük qismi səmərəsiz hesab edilmiş və məhz bu səbəbdən 1976-cı ildə Alyaskanın Daimi Neft Fondu təsis edilmişdi. Fondun yaradılmasında məqsəd neft gəlirlərinin gələcək nəsillərə saxlanılmasıdır.
 
Əhaliyə birbaşa neft gəlirlərinin paylanmasına yaxın olan sosial proqramlar Küveytdə də mövcuddur. Burada iki fond fəaliyyət göstərir: Ümumi Ehtiyat (sabitləşdirmə - 1960) və Gələcək Nəsillər (yığım - 1976) Fondu.
Lakin bu istiqamətdə Azərbaycan qanunvericiliyi müvafiq xərcləri nəzərdə tutmur. Bu da neft gəlirlərinin bir qisminin əhali arasında paylanmasıdır. Belə təcrübə dünyada mövcuddur.
 
Neft gəlirlərinin xərclənməsinə dair müvafiq hüquqi normalar 2004-cü ilin sentyabrında prezident fərmanı ilə təsdiqlənən “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”da öz əksini tapıb. Burada qeyd edilir ki, makroiqtisadi sabitliyin qorunub saxlanılması şərtilə neft və qaz gəlirləri aşağıdakı əsas istiqamətlərə xərclənə bilər:
 
- qeyri-neft sektorunun, regionların, kiçik və orta sahibkarlığın inkişafı;
- infrastruktur sahələrin inkişafı;
- yoxsulluğun azaldılması və digər sosial problemlərin həlli;
- iqtisadiyyatın innovativ bazasının gücləndirilməsi;
- "insan kapitalı”nın inkişafı;
- ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi;
- azad edilmiş ərazilərin və yasamın bərpası.
 
Bu gün vətəndaşlarımız neft gəlirlərindən Dövlət Büdcəsi, Dövlət Sosial Müdafiə Fondu və Neft Fondunun büdcəsi vasitəsi ilə faydalanır. Əhalinin az hissəsi olmasa da, yalnız bir qisminin gəlirlərində neft komponenti birbaşa mövcuddur. Əhalinin digər qisminin gəlirlərində isə neft komponenti birbaşa mümkün deyil. Halbuki neft sərvətləri hər kəsə aiddir və vətəndaşların neft gəlirlərindən faydalanması mümkün qədər bərabər həcmlərdə olmalıdır.
 
 
 
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev “Cümhuriyət” qəzetinə bildirib ki, neft gəlirlərinin əhali arasında paylaşdırılması Rusiyanın üzləşdiyi sanksiya problemlərindən doğan amillərdən irəli gəlir: “Əslində Rusiya xalqı hakimiyyətin davranışına şərik etmək istəyir. Fikrimcə, neft gəlirlərinin bilavasitə əhali arasında paylanması populist qərardır. Rusiya çalışır ki, ölkəyə qarşı edilən etirazlarda xalq özünü siyasətin tərkib hissəsi saysın. Əslində Rusiya hökumətinin siyasəti dövlətin möhkəmlənməsinə, inkişafına, yeni torpaqların əldə edilməsinə və xalqın hakimiyyətin səsinə səs verilməsinə yönəlib”. VİP sədri qeyd edib ki, Azərbaycan hökuməti öz xalqına fərqli davranır: “Hökuməti strateji məsələlərdə xalqı tərəf müqabili kimi görmür”.
 
 
 
İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, sərvətdən asılı olan və təbii sərvəti geniş olan ölkələrdə gələn gəlirlərin vətəndaşlar arasında ədalətli bölünməsi məsələsi həmişə müzakirə obyekti olub: “Hətta demokratik ölkələrdə belə bölgünün qızıl qaydasını tapmaq çətindir. Amma son illər iqtisadiyyatı inkişaf etmiş ölkələrdə vətəndaşın sərvətdən gələn gəlirlərdən bəhrələnmə səviyyəsinin ölçülməsi məsələsi ortaya qoyulub. Tutaq ki, neft gəlirləri hesabına yol çəkilir, park salınır, ağac əkilir, neftdən çirklənən ərazilər təmizlənir, bundan bütün vətəndaşlar bəhrələnir. Amma onun faydasını ölçmək mümkün deyil. Çünki görülən işlər ümumidir. İqtisadi baxımdan demək olmaz ki, vətəndaş bundan nə qədər fayda görüb. Ona görə də dünyada belə bir problem qoyulub ki, vətəndaşların neft gəlirlərindən bəhrələnməsini elə formada etmək lazımdır ki, hesablamaq mümkün olsun”.
 
İqtisadçının sözlərinə görə, Rusiyada müzakirə olunan layihələrə oxşar qərarlar bir çox ölkələrdə müzakirə olunub: “Bəzi ölkələrdə neftdən gələn gəlirlərin əhali arasında bölüşdürülməsi barədə qanunlar qəbul olunub. Norveçin bu istiqamətdə atdığı addımları ən parlaq nümunə saymaq  olar. Norveçdə neft gəlirləri və iqtisadiyyatın dirçəldilməsi hesabına tibbi xidmət, təhsil pulsuzdur. Onlarda Neft Fondu pensiya fondu adlanır. Norveçin Neft Fondu dünyanın ən çox vəsait yığılan fondlarından biridir. Bundan başqa ərəb ölkələrində il sonunda neftdən əldə olunan gəlirlərdən hər bir vətəndaşın hesabına vəsait köçürülür. Müxtəlif variantlar var. Hesab edirəm ki, bu nümunələr üzərində Azərbaycan hökuməti də düşünməlidir. Amma bu düşüncəyə qədər şəffaflıq tam şəkildə təmin olunmalı və kölgə iqtisadiyyatını aradan qaldırmaq lazımdır. Azərbaycanda köhnə qanunvericiliyə görə pensiyanın baza hissəsi büdcədən maliyyələşirdi. Azərbaycan dövlət büdcəsinin əsas hissəsi neft gəlirlərindən və birbaşa transfertlərdən ibarətdir. Dolayısı ilə bu gün Azərbaycan hökuməti təqaüdçüsünə az da olsa, neft gəlirlərindən pay ayıra bilir”.
 
Akif Nəsirli hesab edir ki, mücərrəd bəhrələr mövcuddur, amma bu gün Azərbaycan vətəndaşının konkret neft gəlirlərindən əldə etdiyi bəhrəni hesablamaq mümkün deyil: “Məlumdur ki, Azərbaycanda yaranan milyonçuların 90 faizi neft gəlirlərindən əldə edilən oğurluq pullar hesabına milyonçu olublar. Ədalət prinsipinə söykənsək, o sərvətlərdən gələn vəsaitlər hər bir Azərbaycan vətəndaşları arasında bərabər şəkildə bölünməlidir. Hər bir Azərbaycan vətəndaşı tələb etməlidir ki, hər il neft gəlirlərindən konkret ona vəsait çatsın. Hesab edirəm ki, bu məsələdə Rusiya da gecikir,  Azərbaycan da. Azərbaycan hökuməti bu haqda ümumiyyətlə, düşünmür. Bu vaxta qədər nə parlamentdə səslənib, nə də digər aidiyyəti dövlət qurumlarından belə təklif eşitməmişəm”.
 
Cebhe.info

Загрузка...
Загрузка...