“Neft Fondunun fəaliyyətində qüsur var” - Millət vəkili

 
“Dünya qızıl, daşınmaz əmlak, səhm bazarlarında müəyyən vaxt kəsiklərində baş verən proseslər prizmasından baxanda Neft Fondunun fəaliyyətində hansısa qüsur tapmaq olar”.
 
Bunu Politika.Az-a açıqlamasında parlamentin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli deyib.
 
O qeyd edib ki, ümumiyyətlə yanaşdıqda Dövlət Neft Fondu "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a və Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə illik əsasda təsdiq olunan "Azərbaycan Respublikası Dövlət Neft Fondunun İnvestisiya siyasəti"nə əsasən, yəni onun üçün müəyyənləşdirilmiş qaydalara uyğun olaraq fəaliyyət göstərir:
 
“Həm də həmin prinsiplər dünyanın bu FOND tipli qurumlarının təcrbəsinə əsaslandığına görə iradım yoxdu.
 
Neft Fondu ilə bağlı bizim davamlı iradımız həmişə həmin fonddan büdcəyə ayrılan transfertlərin çoxluğu ilə əlaqədar olub. Son illər bu sahədə azalma başlayıb”.
 
Qeyd edək ki, son vaxtlar ARDNF-in qızıla və daşınmaz əmlaka investisiya etməsi, bu prosesin uğurlu olub-olmaması haqda müzakirələr gedir. Bir qism ekspertlər bu siyasəti təqdir etsə də, bir çoxları başqa investisiya alətlərinə də müraciət etməyi məsləhət görürlər.