Neft bazarına virtual pul gəlir

Baxış sayı: 
145

 
    
 
Amerika bankirləri neft kriptovalyutası yaradır. ABŞ bankirləri və xammal fyuçersləri ilə ticarət komissiyasının keçmiş üzvü Bart Çarlton neft kriptovalyutasının yaradılmasını elan edib.
 
“OilCoin” adlı bu rəqəmsal valyuta neft ehtiyatları üçün nəzərdə tutulub. “OilCoin” neft barellərini şifrələyəcək, yəni hər rəqəmsal qəpik 1 barel qara qızıl dəyərində olacaq. Ekspertlər əmindirlər ki, bu, gələcəkdə kriptovalyutaların dəyişkənliyindən qaçmağa imkan verəcək. Yeni qəpiyin vergi səlahiyyətləri də var. Belə ki, investorlar yalnızca “OilCoin” satdıqları zaman kapital artımına görə vergi ödəyəcəklər. Həmtəsisçilərin sözlərinə görə, “OilCoin” ABŞ qanun və qaydalarına tabedir və buna görə də, institusional pərakəndə investorlar üçün uyğundur. Qəpiklərin ilkin yerləşdirilməsi isə növbəti ilin yanvar ayının əvvəlində baş tutacaq.
 
Maraqlıdır, “OilCoin”in yaradılması neftin dünya bazar qiymətinə necə təsir göstərəcək?
 
 
 
“Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban “Cümhuriyət” qəzetinə bildirib ki, kriptovalyuta ilə kimsə mehmanxana alır, kimsə avtomobil satmağa cəhd edir: “Ancaq bazara nəzər salsaq, bunu edən şirkətlərin məqsədinin heç də öz məhsulunu kriptovalyuta ilə satmaqla bağlı olmadığını görmək olar. Burada şirkətlərin məqsədi nəinki iki avtomobil satmaqdır, sadəcə olaraq, onlar öz məhsullarını daha çox reklam edirlər. Çünki bu valyutanın alış-verişilə milyonlarla şəxs məşğul olur. Reklama pul xərcləməkdənsə, bu cür piar gedişlər edib bunun hesabına gəlir əldə edirlər. Hesab edirəm ki, neft kriptovalyutasının yaradılması reklam xarakterlidir. Hansısa idman yarışlarında hansısa neft şirkətinin reklamını görmüsüzmü? Təbii ki, heç vaxt olmayıb. Reklam banerlərində ancaq tanınmış məişət texnikası, içkilər, avtomobil şirkətlərinin görüntüləri yer alır. Ümumiyyətlə, neft şirkətlərinin reklama ehtiyacı yoxdur. Əgər reklama ehtiyacı yoxdursa, kriptovalyutadan istifadə etmək nəyinə lazımdır?”
 
 
 
Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev “Cümhuriyət” qəzetinə bildirib ki, kriptovalyuta barədə dünya maliyyə bazarlarında fərqli fikirlər mövcuddur: “Hazırda qlobal neft bazarlarında, birjalarda xammalın yeganə alqı-satqı müqavilələri əsasən dollarla həyata keçirilir. Bu barədə OPEC-in özünün müvafiq qərarı var. OPEC-in 70-ci illərdə qəbul etdiyi qərara əsasən təşkilatın səbətinə daxil olan bütün neft markalarının alqı-staqısı yalnız dollar əsasında aparılmalıdır. Ona görə də hazırda fyuçers bazarlarına kriptovalyutanın daxil olması düşünülmüş addım deyil, eyni zamanda bu, mümkün görünmür. Çünki birjalarda virtual pullarla bağlı fərqli fikirlər mövcuddur. Hazırda kriptovalyutanın çox yüksək dinamika ilə sürətli bahalaşması müşahidə olunur. Amma mütəxəssislər hesab edir ki, virtual valyutanın bahalaşması çox qısa bir dövrü əhatə edəcək və sonradan kriptovalyutanın kəskin ucuzlaşması baş verəcək”.
 
Ekspert yaxın zamanlarda qlobal neft bazarlarında fyuçerslərin kriptovalyuta ilə və yaxud hər hansı maliyyə aləti ilə nizamlanmasına inanmadığını da deyib: “Çünki fyuçers bazarlarında yeganə alqı-satqı vasitəsi dollardır və onun da dominantlığı davam edir. Neft kontraktlarında kriptovalyutanın gələcək mövqeləri çox şübhəlidir”.
 
Yeganə Oqtayqızı
 
Cebhe.info

Загрузка...
Загрузка...