Neft 50 dollar olsa, manat qalxacaq?

Ekspertlərin manat- neft paralelliyinə yanaşmaları fərqlidir
Neftin qiymətinin hər gün dəyişməsi fonunda milli valyuta olan manatın stabilliyi də müzakirə olunur.
Neftin qiymətinin hər gün dəyişməsi fonunda milli valyuta olan manatın stabilliyi də müzakirə olunur. Bəzi ekspertlər bildirirlər ki, neftin qiymətinin 50 dollar ətrafında sabitləşməsi problemdən çıxış yoludur.
Yəni bu halda manat da sabitləşəcək və hətta bahalaşa bilər. Bildirilir ki, neftin qiymətinin dünya bazarında 50 dollara qalxması manatın ucuzlaşmaması üçün ilkin şərtdir. Bu halda manat yenidən dəyər qazanmağa başlayacaq. Rəyini soruşduğumuz ekspertlərin manat- neft paralelliyinə yanaşmaları fərqli oldu.
Natiq Cəfərli məsələ ilə bağlı bildirib ki, Azərbaycan bundan sonra neftin qiymətinin qalxmasını gözləməli deyil: “Azərbaycanın indiki durumunda problem tək neftin qiymətinin aşağı düşməsi deyil, indi hasilat da azalır. Neftin qiymətinin yaxın iki ildə yenidən 50 dollar civarında olması, bununla paralel olaraq hasilatın azalması da görünəcək. Hasilat azaldıqca, Azərbaycanın əməliyyat xərcləri də artır. Bundan başqa, Azərbaycanın illik xərci artır. Dövlət büdcəsinin maliyyələşməsində artım müşahidə olunmalıdır. Çünki əhali sayımız artır. Azərbaycanın TANAP, TAP və ”Şahdəniz-2" layihələri ilə bağlı öhdəlikləri var. Azərbaycan yaxın üç ildə təqribən 18 milyard dollara yaxın sərmayə qoymalıdır, çünki payçıdır. Yəni bu payını maliyyələşdirməlidir. Azərbaycanın kifayət qədər böyük xərcləmələri var. Lap neftin qiyməti 50 dollar olsa belə, Azərbaycana bu, kifayət etmir.
Nə də manatın vəziyyətinin stabilləşməsinə kifayət etmir. Ən azından, kəskin sıçrayışlı manatın ucuzlaşmasına bir müddət müəyyən qədər pozitiv təsir göstərə bilər. Bu da uzunmüddətli və dayanıqlı deyil. Çünki ölkənin ixracatı yaxın zamanlarda azalmayacaq. Ölkəmiz ciddi şəkildə idxaldan asılıdır. Məhz bir çox məhsullarda bu, yüz faiz təşkil edir.
Məsələn, dərmanda, uşaq yeməklərində, maşınqayırmada, elektrotexnikada, hazır geyimdə, bir çox sahələrdə bizim yüz faizli asılılığımız var. Bu asılılığımız hökumətin elan etdiyi rəqəmlərdən çoxdur. Müxtəlif hesablamalarda 60-65 faiz bizim ərzaqda da xaricdən asılılığımız var. Bütün bu asılılıqları nəzərə alaraq, ölkənin idxaldan asılılığı ölkədən valyutanın daha çox çıxmasına səbəb olacaq. Bu məsələ də gündəmə gələcək və ona görə də manatın taleyi 50 dollarla həll olunmur. Ən azından, neftin qiyməti 90-100 dollar civarında olmalıdır ki, müəyyən stabillik yaransın və manatın da güclənməsinə bir şərait olsun. Ona görə də 50 dollar Azərbaycan üçün kifayət deyil. Ən azından, qiymətin yaxın gələcəkdə də bu səviyyədə olması gözlənilmir. Ona görə də Azərbaycan hökuməti, hökumətyönlü  iqtisadçılar da neftə ümid etməkdənsə, neftin qalxmasını gözləməkdənsə, ölkədə köklü islahatların necə və hansı yollarla aparılmasını düşünsələr, bununla bağlı təkliflər versələr, daha yaxşı olar. Dövlət başçısının o sözünü də xatırlamalarını istərdim ki, nefti unutmaq lazımdır. Nefti gərək Azərbaycanda 1994-cü ildən unudardıq. Yəni Norveç Azərbaycandan daha çox neft istehsal edir. Amma neftin qiymətindən ən az təsirlənən ölkələrdən biridir. Büdcəsinin cəmi 4 faizi neftdən asılıdır. Yəni Azərbaycan bu modelə üstünlük verməlidir. Oturub neftin qiymətinini qalxmasını gözləməli deyil".
Ekspert Fikrət Yusifov isə musavat.com-a açıqlamasında bildirib ki, bundan sonra neftin qiyməti hansı həddə qalxsa da, manatı möhkəmləndirmək barədə düşünmək lazım deyil: “Bundan sonra neftin qiyməti ətrafında baş verəcək proseslərin necə olmasından asılı olmayaraq, manatın möhkəmlənməsi haqqında düşünmək lazım deyil. Manatın məzənnəsinin sabit qalması haqqında düşünmək lazımdır. Əgər neft pulları çox daxil olacaqsa, neftin qiyməti il yarım, iki il bundan öncəki qiymət səviyyəsinə gedib çatacaqsa belə, ölkəyə daxil olan valyutaları rezervlərə yönəltmək, qızıl ehtiyatlarını artırmaq, böyük investisiya layihələri etmək, xaricdə daşınmaz əmlaka yatırmaq və başqa müxtəlif istiqamətlərdə istifadə etmək lazımdır. Ancaq tək manatın məzənnəsinin möhkəmlənməsinə yönəlmtmək olmaz onu. Yəni məzənnəni 1,64 səviyyəsində stabil saxlamaqdan söhbət gedir. Hazırda manat ətrafında bir problemimiz var. O da dollar kreditləri ilə bağlı problemdir ki, mütləq həll olunmalıdır”. ​