​ “Neçə ildir pul qazanırsız, Eldar Mahmudova pay verməməsiniz”

 
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilir.
Turaninfo.az  apa-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrlik etdiyi proses jurnalistlərin iştirakı olmadan keçirilir.
Prosesdə “Met-ak” şirkətindən zərərçəkmiş şəxs, “Met-ak” şirkətinin maliyyə işləri üzrə direktoru Zülfüqarov Fuad Zülfüqar oğlu ifadə verib. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib, ifadəni təkrarlayıb.
F.Zülfüqarov istintaqa ifadəsində deyib ki, şirkəti onun dayısı Alik Kərimov 1997-ci ildə təsis edib. 2012-ci ildən isə şirkətin icraçı direktoru dayısı oğlu Aydın Kərimovdur. F. Zülfüqarov qeyd edib ki, şirkət açılandan dayısının yanında işləyib, sonradan maliyyə işləri üzrə direktor olub.
Zərərçəkən bildirib ki, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin idarə rəisi Akif Əliyev ona mütəmadi olaraq zəng vurub nazirliyə çağırıb: “O hər dəfə bəzi maliyyə məsələlərini aydınlaşdırmaq lazımdır, deyirdi”.
F.Zülfüqarov bu barədə dayısına xəbər verdiyini, onun razılığını alandan sonra fevralın əvvəllərində səhər tezdən MTN-ə getdiyini deyib.
Onu Akif Əliyevin işçilərindən biri qarşılayaraq MTN-in ikinci mərtəbəsinə aparıb. F.Zülfüqarov axşama qədər MTN-də saxlanılıb, bir neçə dəfə dindirilib, izahat verib: “Akif Əliyev mənə dedi ki, uzun illərdir, işləyirsiniz, pul qazanırsınız, ancaq nazirimizi indiyə qədər saymamısız. Bir dəfə də olsun, əldə etdiyiniz gəlirdən Eldar Mahmudova pay ayırmamısız. Sizin bütün maliyyə dövriyyəniz əlimizdədir. İşiniz ancaq pul qazanıb tək yeməkdir. 50 min manat verməlisiniz, əks halda sizə işləməyə imkan verməyəcəyik. Mənsə bildirdim ki, pulla bağlı qərarı ancaq dayım Alik verə bilər”.
F.Zülfüqarov ertəsi gün şirkətin ofisində məsələni dayısına danışdığını, Alik Kərimovun “Met-ak” şirkətinin fəaliyyətində heç bir pozuntu olmadığı, ona görə də MTN-in onlara heç nə edə bilməyəcəyini dediyini bildirib. A. Kərimov istənilən halda problem yaranmaması üçün Akif Əliyevə 10 min manat verməyi təklif edib.
F.Zülfüqarov “Met-ak”ın kassasından 10 min manat götürüb, fevralın 11-də Akif Əliyevə zəng vuraraq onunla MTN-in binasının yaxınlığındakı “Sultan” kafesində görüşüb, pulu çatdırdığını, bundan sonra Akif Əliyevin onu narahat etmədiyini deyib.
Daha sonra zərərçəkmiş Şahmar Qurbanovun epizodu üzrə şahid İradə Vəliyeva ifadə verib. O qeyd edib ki, Ş. Qurbanov ondan 75 min manat pul alaraq MTN-ə verəcəyini deyib: “Sonra bu pulu hissə-hissə qaytardı”.
Məhkəmədə fasilə elan olunub.