Nəcməddin Sadıkov müdafiə nazirinə qarşı savaş açıb

 
Aprel döyüşlərindən sonra cəmiyyətdə nüfuzu artan Zakir Həsənovu Müdafiə Nazirliyindəki ruspərəstlər niyə “qısqanır”?
 
Müdafiə Nazirliyinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ictimaiyyəti təəccübləndirməyə davam edir. Təbii ki, növbəti xoruz səsi eşitməyən xəbərlərlə. Xoruzun səsini ona görə yada saldıq ki, onun nə qədər güclü və dayanıqlı havadarlarının olduğuna diqqət çəkək. Demək istəyirik ki, əgər xoruzdan yan keçən xəbərlər belə baş qərargah rəisinə vız gəlirsə, onda “xoruzlu xəbərlər” bunların yanında çox kiçik qalır. Olsa-olsa, Nəcməddin Sadıkovun xanədanından bir kərpic sala, ya salmaya...
İnanmırsınız, “toxunulmaz general” haqda yaxın bir neçə ildə xoruz səsi eştməyən xəbərlərə diqqət edin, ondan sonra qərar verin. Ancaq ona qədər general haqda növbəti xoruz səsi eşitməyən xəbərləri diqqətinizə çatdıraq ki, qulaqlar, yaddaşlar korşalmasın. Necə deyərlər, qulaq gündə bir söz eşitməsə, kar olar...
 
Nəcməddin Sadıkov Zakir Həsənova qarşı güc nümayiş etdirir
 
Aldığımız məlumata görə, Baş qərargah rəisi Nəcməddin Sadıkov müdafiə naziri Zakir Həsənova qarşı güc nümayiş etdirir. O səviyyədə ki, hətta son zamanlar özünü Zakir Həsənovdan “daha səlahiyyətli” şəxs hesab edir. Nazirlikdəki mənbə deyir ki, xüsusən də 4 günlük aprel döyüşlərindən sonra N.Sadıkov nazir Z.Həsənovun ətrafında böyük bir “çəmbər” yaradıb. Belə ki, Baş qərargah rəsinin tapşırığı ilə hərbi hissələrdən gələn bütün məxfi informasiyalar öncə süzgəcdən keçirilməli, məhz bundan sonra nazirə məruzə edilməlidir. Təbii ki, bu zaman da yalnız N.Sadıkovun icazəsi daxilində olan bilgilər birinci şəxsə çatdırıla bilər...
Mənbənin sözlərinə görə, Müdafiə Nazirliyində belə xoş olmayan vəziyyətin yaranmasına səbəb aprel döyüşləri zamanı Baş qərargah rəisi ilə nazir arasında münasibətlərin kifayət qədər gərginləşməsidir. Bu gərginlik çərçivəsində Nəcməddin Sadıkovun bir neçə ruspərəst generalı da Zakir Həsənovun üzərinə qaldırdığı haqda bilgilər var. Hansı ki, onların içərisində vaxtilə Rusiya ilə qaranlıq əlaqələri və bir sıra məxfi informasiyaların kənara sızdırılması səbəbindən keçmiş müdafiə naziri Səfər Əbiyev tərəfindən vəzifədən qovulan, Zakir Həsənov nazir təyin olunduqdan sonra isə Baş qərargah rəisinin diqtəsi ilə təkrar vəzifəyə qaytarılan generallar və nisbətən aşağı rütbəli şəxslər də var.
İddia olunur ki, hazırda Zakir Həsənova tabe olmayan, birbaşa Nəcməddin Sadıkovun iradəsi altında fəaliyyət göstərən bu şəxslər onlara verilən təlimat əsasında nazirin əleyhinə ciddi fəaliyyətə keçiblər. Məlumata əsasən, aprel əməliyyatlarından sonra Azərbaycanda müdafiə naziri Zakir Həsənovun nüfuzunun sürətlə artması istər Milli Ordudakı, istər də ümumilikdə Azərbaycan hakimiyyətindəki ruspərəst məmurları ciddi hərəkətə gətirib. Bu səbəbdən də konkret olaraq Müdafiə Nazirliyində Baş qərargah rəisinin göstərişi ilə naziri nüfuzdan salmaq, orduda və cəmiyyətdə barəsində yanlış informasiyların yayılması istiqamətində təbliğata start verilib. Buna paralel olaraq nazir Zakir Həsənovu müdafiə edən və Rusiyanın Azərbaycanın daxili işlərinə müdaxiləsinin əleyhinə olan hərbçilərin də aşkara çıxarılıb zərərsizləşdirilməsi üçün ciddi tapşırıqlar verildiyi bildirilir. Məlumata əsasən, bir neçə gün öncə “Nəcməddin Sadıkovun istefaya göndərildiyi” haqda ayrı-ayrı xəbər saytlarında dərc olunan informasiyalar da bu planın tərkib hissəsidir. Mənbə deyir ki, bu dezinformasiyanın Nəcməddin Sadıkovun Belçika Krallığının Brüssel şəhərində yerləşən NATO-nun Mənzil Qərargahında NATO-nun Hərbi Komitəsinin "Qətiyyətli Dəstək" və "Uyarlılıq Platforması" formatlarında keçirilən görüşdən öncəyə təsadüf etməsi də düşünülmüş addımdır. Bununla Milli Ordudakı ruspərəstlər həm N.Sadıkovun “getməsi” xəbərinin kimləri hərkətə gətirdiyini müəyyən etməyə cəhd göstəriblər, həm də cəmiyyətdə belə bir rəy formalaşdırmağa çalışıblar ki, Baş qərargah rəisi “toxunulmazdır”, onun “vurulması”, vurulacağı haqda informasiyalar absurddur...
 
Sadıkovun əl-qol açmasının səbəbləri...
 
Halbuki, “Hürriyyət”in dəyərli oxucuları yaxın keçmişdə, daha dəqiq desək, Səfər Əbiyevin nazirliyi dönəminin son illərində Nəcməddin Sadıkovun indiki vəzifəsini formal olaraq icra etdiyini yaxşı bilirlər. Hansı ki, qəzetimizin 13-16 may, 2013-cü il tarixli sayında “General işə idman formasında gəlir” yazımızda bu barədə az da olsa, oxucularımıza bilgi vermişdik. Etibarlı mənbəyə əsasən qeyd etmişdik ki, S.Əbiyev tərəfindən əksər səlahiyyətləri əlindən alınan N.Sadıkov, nazirə etiraz nümayiş etdirmək üçün kefi istəyəndə işə gəlmir, bir çox hallarda işə idman geyimində gəlir: “Sanki  gündəlik davamiyyət cədvəlinə qol çəkmək xatirinə. O, bəzən iş gününü heç axıradak başa vurmur, nahara qədər kabinetdə birtəhər başını girləyir, sonrasında isə ümumiyyətlə qayıtmır. Daha maraqlısı isə generalın hərbi formadan fərqli geyimlərdə "işə" gəlməsidir. Mənbənin bildirdiyinə görə, Nəcməddin Sadıkovu tez-tez idman geyimində də baş qərargahda görmək olar. Və bu cür davranış uzağa gedən nəticələr çıxarmağa imkan verir. Ən azından ona görə ki, bir dövlətin ordusunun baş qərargahının idman formasında gəziləsi qədər qeyri-ciddi, bəsit və sirk arenası olmadığı hamıya bəllidir. Eyni zamanda Nəcməddin Sadıkova... Bəs onda Nəcməddin Sadıkov bu hərəkətilə nə anlam, nə mesaj vermək istəyir? Kim nə deyir, desin, biz bunu dövlətə və millətə sayğısızlıq kimi dəyərləndiririk. Bir düşünün, belə bir biabırçılığı Türkiyə Cümhuriyyətində təsəvvür etmək olarmı? Bu rəzilliyə diqqət etməli şəxs və qurumlar görəsən hara baxır? Niyə müdafiə naziri Ali Baş Komandana bu barədə təqdimat yazmır? Çünki bu tip hörmətsizlik Nəcməddin Sadıkovun şəxsində artıq neçənci dəfədir ki, təkrar olunur və kimsənin səsi çıxmır. Və bu səslər çıxmadıqca ordudakı mənəvi-psixoloji mühiti müsbət yönə dəyişməyi səlahiyyətlilər necə düşünürlər? Axı əsgər sərkərdəyə güvənərək ölümə gedər... Daha idman formasında işə gələn generala deyil. Nə qədər gec deyil, bu yanlış örnəyi doğrusu ilə əvəzləmək düz olmazmı?”
 
“Milli Qəhrəmən”lığa layiq görülməsi...
 

Xatırladaq ki, Nəcməddin Sadıqov həmin ərəfədə Dağıstanın Milli Qəhrəmənlığına layiq görülməklə də diqqətləri cəlb etmişdi. Doğrudur, bu təltif rəsmi dövlət statuslu deyildi və Şeyx Şamilin adını daşısa da, mahiyyətcə o böyük xalq mücahidinin əksi olan bir fondun mükafatı olaraq təqdim olundu. Hansı ki, biz "Hürriyyət" qəzetində bu haqda ətraflı məlumat vermişdik. Qeyd etmişdik ki, bu fond haqda müxtəlif ziddiyyətli fikirlər səslənir. Bunlardan biri də fondun daha çox Rusiya Müdafiə Nazirliyinin Əks Kəşfiyyat İdarəsinin nəzarətində olması ilə bağlıdır. "Ona görə də bu, Azərbaycanın dövlətçiliyi adına normal hadisə sayıla bilməz, milli hissiyatımıza həqarətlə bərabər, həm də təhlükəsizliyimizi təhdid edən bir olay, xəbərdarlıq kimi qəbul olunmalı idi", - deyə qəzetimizdə vurğulamışdıq. Lakin təəssüf ki, bu hadisə görməzdən gəlindi və nəticədə status-kvo davam etməkdədir. Belə ki, 2012-2013-cü ildə barəsində yazdığımız Nəcməddin Sadıkov 2016-cı ildə də Rusiya kəşfiyyatının "milli qəhrəman"ı olaraq qalır, Azərbaycanın Müdafiə Nazirliyinin Baş Qərargah rəisi vəzifəsini icra edir və üstəlik, adının ətrafında yeni olaylar çıxarmağa davam etdi...
 
Sonra Dərbənddə büstü qoyuldu...
 
İllər öncə onu da oxucularımıza və dövlət rəhbərlərinə çatdırmışdıq ki, Nəcməddin Sadıkov Dağıstanın "Milli Qəhraman"ı olduqdan sonra Dərbənd şəhərində Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin xatirəsini əbədiləşdirmək üçün oxuduğu məktəbin qarşısında büstü də qoyulub. Hələ üstəlik onun oxuduğu məktəbin əlaçı şagirdlərinə Nəcməddin Sadıqov adına xüsusi təqaüd də müəyyən olunub. Həmin vaxtdan etibarən Dərbəndin əlaçı şagirdlərinə hər ay Nəcməddin Sadıkov adına təqaüd verilməkdədir. Əlbəttə, bu təqaüdün mənbəyi haqda səhih məlumat almasaq da, bunu təxmin etmək o qədər də çətin deyil. Çünki bu titullar dövlət statuslu olmadığından maliyyənin də səbəbkar tərəfindən veriləcəyini düşünmək olar.
Qəzetimizdə də yazmışdıq ki, əslində bu məsələ Nəcməddin Sadıkova çətinlik yaradacaq səviyyədə deyil. Çünki baş qərargah rəisinin Dağıstanda ortaqları ilə birgə ciddi biznes strukturlarına məxsus olduğu haqda xeyli informasiyalar mövcuddur. Ona görə də maliyyənin problem olmadığı, hər şeyin təbii və ədalətli olduğu təqdirdə insanlıq adına normal qəbul oluna bilməsi mümkündür. "Ancaq ortada təbii olmayan, ədalətsiz bir yanaşma var. Necə olur ki, sənə qucaq açıb, çörək verən, baş qərargah rəisi və general-polkovnik rütbəsinə qədər gətirən bir dövlətin, millətin sayənizdə öz vətənindən köçkün düşmüş övladlarına nəinki təqaüd, heç bir sevincli bir baxış, gülüşü belə çox görürsən, xalqın öz dilində danışmağı özünə rəva bilmirsən, özününkü saydıqlarına(hansı ki, həyatdakı uğurlar o xalq və ölkə ilə bağlı deyil) təqaüd verirsən?! Allah xatirinə, cənab Sadıqov, sizcə, bu doğru və ədalətlidirmi? Bunun cavabını da Nəcməddin Sadıqova buraxırıq...", - deyə vurğulamışdıq.
 
Daha sonra Nəcməddin Sadıkov adına küçə...
 

Onu da ilk olaraq bildirmişdik ki, Müdafiə Nazirliyinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun adı növbəti dəfə əbədiləşdirilib. Dərbəndin mərkəzi küçələrindən birinə N.Sadıkovun adı verilib. Bu haqda redaksiyamızı bilgiləndirən etibarlı mənbə onu da dedi ki, sözügedən şəhərdə general-polkovnikin adına küçə verilməsi böyük törənlə qeyd olunub və Nəcməddin Sadıkovun özü də həmin tədbirdə iştirak edib...Əlbəttə, Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin Dağıstanın "Milli Qəhrəman"ı elan olunması, Dərbənddəki oxuduğu orta məktəbin qarşısında büstünün qoyulması, daha sonra şəhərin ən böyük küçələrindən birinə onun adının verilməsi və s. ilk baxışdan normal görünə bilər. Amma bizi maraqlandıran odur ki, bütün bu addımlar atılarkən hansı səbəb və kirteriyalar əsas götürülüb. Çünki Nəcməddin Sadıkovun hərbçi olaraq Dağıstanla bağlı xidməti və fəaliyyəti olmayıb. Demək ki, büstün qoyulmasının səbəblərini başqa xüsuslarda axtarmaq lazımdır. İndi oxucularımızdan soruşuruq, bəlkə, bu səbəbi Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğalına imkan verən döyüşlərin bilavasitə iştirakçısı və yönəticisi olmuş Nəcməddin Sadıkovun fəaliyyətinin Rusiyanın maraqlarına uyğun tərəflərində axtaraq? Bu, sadəcə bir ritorik sualdır və cavabı da oxucularımıza düşər...
Ən sonda isə bir daha vurğulayaq ki, bu informasiyaların bir çoxu hələ 2012-2013-cü illərdə yazılmışdı. Təəssüf ki, aradan 3-4 il keçməsinə rəğmən Nəcməddin Sadıkov barəsində nəinki ölçü götürüldü, əksinə onun səlahiyyətinin çevrəsi bir qədər də genişləndirildi. O səviyyədə ki, bu gün cənab Sadıkov məlum qüvvələrdən aldığı güc və cəsarət hesabına Azərbaycanın müdafiə nazirinə də meydan oxuyur...
 
Ayxan İLDIRIMTÜRK, Hurriyyet.org