​Nazənin Lənkəranskinin ölümündən danışdı

 
Məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin ölümü şou-biznes aləmində də böyük kədərlə qarşılanıb.
 
Teleqraf.com xəbər verir ki, mərhumla eyni bölgədən olan müğənni Nazənin Rövşən Lənkəranski haqqında danışarkən göz yaşlarını saxlaya bilməyib.
 
- Nazənin xanım, Rövşən Lənkəranski ilə eyni regiondansınız. Onu necə insan kimi xatırlayırsınız?
 
- Rövşən Lənkəranski böyük hörmət sahibi, sözükeçərli, kasıbın yanında olan insan idi. Biz fəxr edirdik ki, onun kimi yerlimiz var. Bir adam deyə bilməz ki, o, pis insan olub. Bizim fəxrimiz idi. Çox pisəm, Bakıda olmadığıma görə dəfnində iştirak edə bilmirəm. Gələn kimi qəbrini ziyarətə gedəcəm. Onun ölümü mənim üçün çox ağırdır.
 
- Onun təşkil etdiyi məclislərdə iştirak etmisinizmi? Bir çox müğənnilər Moskvada onunla toylarda bir araya gəliblər…
 
- Bəli, mən də Moskvada toylarda Rövşən Lənkəranskini çox görmüşəm. Çoxlu sayda məclislərində iştirak etmişəm. Mahnılarımı çox sevirdi. Ailəmizlə, nəsil-kökümüzlə çox yaxın əlaqəsi olan adam idi.
 
- Moskvada azərbaycanlılara necə kömək edirdi?
 
- Rövşənin bir sözü yetərli idi ki, problem həll olunsun. Kasıbın adamı idi. Həmişə onların yanında olurdu. Orada kasıbları incidirdilər, amma o gedən kimi deyirdilər Rövşənin adamlarıdır, daha dəymək olmaz. Heç vaxt etdiyi yaxşılığı hardasa deməyə imkan vermirdi. Rusiyada hamıya çörək verirdi. Neçə-neçə ailələri Rövşən dolandırırdı. İndi onlar necə olacaq? Hərdən deyirəm ki, belə oğlanlarımız dünyada varmı? O, hər kəsi düşünürdü.
 
- Kasıblara kömək etdiyini qeyd etdiniz. Konkret kömək etdiyi tanıdığınız adam varmı?
 
- Onu açıq demək istəmirəm. Çünki çox insanlara, atasızlara kömək edib, təhsil verib. Hətta elə adamlar olub ki, məzarlarını da düzəltdirib. Amma deyirdi ki, adımı hallandırmayın. Həmişə etdiyi yaxşlığı gizli saxlayırdı. Ona görə də xalq arasında hörmətə malik insan idi.
 
- Bir az əvvəl sizin mahnılarınızı sevdiyini qeyd etdiniz. Məsələn, hansı mahnınızı?
 
- Eşitdiyimə görə, Cabbar Musayevin bəstəsi olan “Hardan düşdün sən yadıma bu gecə” mahnısını çox sevirmiş. Həmişə Bakıda getdiyi restoranda şou təşkil edərkən mən də gedirdim. Əslində, şou məkanlara gedən deyiləm. Amma onun xətrinə gedirdim. Oraya daxil olan kimi sevdiyi mahnını oxuyurdum.
 
- Ünsiyyətiniz olubmu?
 
- Elə də ünsiyyətim olmayıb. Amma yaxınlarım, qohumlarımız hörmətini saxlayır. Hamı onu yaxşı tanıyırdı. Elə bil 41 yox, 500 yaşı vardı. Hər şeyin yerini bilən idi. Heyif ondan... Hamımız ölümünə görə çox pisik. Mənim balalarım belə dünəndən heç nə yeməyiblər. Bütün Lənkəran ayaqüstədir. Astaradan axın-axın insanlar onun dəfninə gedirlər. Millət küçələrdədir. Çünki çox hörmətli oğlan idi. Hər kəs ona böyük qardaş deyirdi. O adı da özü qazanmışdı. Ölümünə inana bilmirəm. Dünəndən təzyiqim qalxıb. Deyirəm ölə bilməz. Çünki o çox çətinliklərdən keçib. Döyüblər, nə günlər çəkib.
 
Ermənilərə qənim idi. Üç balamın canına and olsun elə bilirəm doğma balamı itirmişəm. (Ağlayır) Ölümünə görə dəli kimi olmuşuq. Həyat boşdur, insanlar nə üçün bir-birini qırır, bilmirəm. Dünya malı dünyada qalacaq. O cür oğlumuz getdi. O ailənin ən yaraşlıqısı, ən mərdi idi. Rayonda minlərlə insan övladlarına onun adını qoyublar. Rövşəni o qədər çox sevirdilər...