Nazirlər Kabinetinin qərarı pozulur: TIR-lar şəhərdə

Yeni Yasamal sakinləri yük maşınlarına görə etiraz edirlər. Etiraza səbəb isə ağırtonnajlı yük maşınlarının gündüz saatlarında küçəyə girməsi və bu səbəbdən yaranan tıxacdır.
Əsəd Əhmədov küçəsindən gün ərzində minlərlə avtomobil hərəkət edir. Bu yoldan sadəcə ərazidə yaşayan yüzlərlə sakin deyil, həm də "Sədərək", "Binə" və "Karvan" ticarət mərkəzinə gedənlər istifadə edir. Bunun üzərinə "Meyvəli bazarı"na da gedib-gələnləri də hesablasaq, hər tərəfi çalalar ilə dolu olan yolun vəziyyətini düşünün.
Bunlar azmış kimi, üstəlik günün pik saatlarında ağır yük maşınları küçəyə daxil olur və tıxac yaranmasına səbəb olurlar. Yük maşınları bəzən həddindən artıq yük daşıdığı üçün yolda qalır, kiçik təpəni belə, qalxa bilmirlər. Sadəcə 2 avtomobil yolu enində olan yolu da bu formada qapadırlar. Nəticədə saatlarla tıxac əmələ gəlir ki, bu da digər sürücülərin, sakinlərin, tıxacın bitməsini marşrut avtobuslarında əyləşərək gözləyən sərnişinlərin haqlı narazılığına səbəb olur.
Belə hadisələr tez-tez təkrarlanır. Məsələn, ötən gecə saat 19:30-20:00 radələrində TIR-lardan biri yolda qalıb. Bu səbəbdən 1 saatdan çox tıxac əmələ gəlib. Hadisənin saatını boşuna qeyd etmədim, bunun xüsusi səbəbi var.
Bakıda çəkisi 5 tondan çox olan yük avtomobillərinin gündüz vaxtı hərəkətinə məhdudiyyətlər qoyulub. Qəza-bərpa, xilasedici və kənd təsərrüfatı məhsullarını daşıyan hər növ nəqliyyat vasitələri istisna olmaqla, çəkisi 5 tondan artıq olan yük avtomobillərinin gündüz vaxtı hərəkəti məhdudlaşdırılıb.
Belə ki, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 9 mart 2016-cı il tarixli "Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” qərarına etdiyi dəyişikliyə əsasən, yük və rayon qeydiyyatında olan minik avtomobillərinin yay və qış rejimlərində Bakıya buraxılmasına dair qrafikdə dəyişiklik edilib. Yay rejimi qrafiki çərçivəsində mayın 1-dən oktyabrın 1-dək saat 07:30-dan 21:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmır, onlar ancaq saat 21:00-dan 7:30-a qədər şəhərə daxil ola bilər.
 Qış rejimi qrafikinə əsasən isə, oktyabrın 1-dən mayın 1-dək saat 07:30-dan 20:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmayacaq, saat 20:00-dan 7:30-a qədər yük və rayon qeydiyyatında olan minik avtomobilləri şəhərə daxil olacaq.
Amma bu qərar tam icra edilmir. Əgər elə olsaydı, TIR-lar saat 18:00, 19:00, 19:30-da şəhərdə rahat dolaşa bilməzdilər. Bəs bu qaydaların, qanunların, qərarların icrasını kim həyata keçirməlidir?
Sakinlər beziblər
Yeni Yasamal yaşayış massivinin sakinlərindən biri olan Əli Fətəliyev reportyorumuza deyib ki, yük maşınları heç bir qayda-qanun tanımırlar: "Ürəkləri saat neçədə istəsə, o vaxt da buradan keçirlər. Yayda toz-torpaqdan xəstəlik tapmaq olar. Asfalt onsuz da bərbad haldadır, bunlar daha da pis günə qoyurlar. Yolu özləri üçün istirahət yerinə çeviriblər. Bir də görürsən ki, TIR-lar arxa-arxaya düzülüb, sürücülər də yatıb. O qədər dayanmağa yer var, niyə burada saxlayırlar? Küçə ensiz və daimi hərəkətlidir. Bura dayanacaqdır?
Mənim maşınım var, onunla birtəhər tıxacda qala-qala evə gəlirəm. Amma ailəm marşrutdan istifadə edir. Bir də görürsən ki, yük maşını yolu kəsib. Təpəni qalxmaq istəyir, qalxa bilmir. Üstəlik bu saat axşam 6-dan sonra oldusa, batdıq. Azı 1 saat gözləməli olursan. Camaat qalır avtobusun içində, evinə gedə bilmir. Kim cavandısa və yükü yoxdursa düşüb, piyada evinə gedir. Bəs yaşlılar neyləsin? Belə olmaz axı".
Sürücülər üsyan edir
"Şəhərin mərkəzində tıxacdan qurtulub, birtəhər Yeni Yasamala gəlirik. Burda da tıxaca düşəndə bütün intervalımız qarışır" - bu sözləri 77 nömrəli marşrut avtobusunun sürücüsü deyir.
Adının çəkilməsini istəməyən sürücünün sözlərinə görə, tıxacın yaranmasına ən böyük səbəb yük maşınlarıdır: "Sədərək", "Binə" və "Karvan" ticarət mərkəzinə gedib-gələnlər onsuz da tıxac yaradır. Hələ bizim avtobuslar çox da yekə deyil. Buna baxmayaraq, hərəkət etmək qəlizdir. TIR-lar da bir yandan bizi boğaza yığıb. 3 dəqiqəlik vaxt intervalı ilə işləyirik. Amma tıxac olanda hər şey qarışır. Yük maşını buraya girməli deyil. Bu yol ən yaxşı halda alternativ ola bilər. Amma TIR sürücüləri buranı əsas yol kimi istifadə edirlər. Çünki şəhərə daha tez girmək, vaxta və yanacağa qənaət etmək üçün bu yol onlara sərf edir. Buna bir əlac etsinlər".
Media orqanı olaraq problemi işıqlandırdıq, həlli isə aidiyyəti qurumlar qaldı.